2018-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb Hadisə

2018-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb

Martın 9-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir HəsənovGürcüstanın müdafiə naziri Levan İzorianın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyindən bildirilib ki, görüşdən əvvəl Gürcüstan nümayəndə heyəti Fəxri xiyabanda Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarlarını, Şəhidlər xiyabanını ziyarət edib.
Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimindən sonra Gürcüstanın müdafiə naziri "Şərəf kitabı"nı imzalayıb.
Müdafiə nazirləri əvvəlcə təkbətək sonra isə geniş tərkibdə görüşüblər. Zakir Həsənov iki ölkənin strateji tərəfdaşlının yüksək səviyyədə olduğunu və bunun təkcə ölkələrimizin inkişafında deyil, həm də bütün regionda təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığını vurğulayıb.
Hərbi əməkdaşlığın regional iqtisadi layihələrin təhlükəsizliyinin təmin edilməsi, ikitərəfli və NATO-nun keçirdiyi proqramlar çərçivəsində, eləcə də Azərbaycan-Türkiyə-Gürcüstan hərbi qurumları formatında aparıldığını qeyd edən Z. Həsənov, bu əməkdaşlığın fəaliyyət sahələrinin daha da genişləndirilməsinin vacibliyini bildirib.
O, Ermənistanın regional sabitliyə ciddi təhdid təşkil etdiyini, işğalçı ölkənin dövlət səviyyəsində daim separatizmi dəstəklədiyini diqqətə çatdırıb. Nazir beynəlxalq təşkilatlarda Azərbaycanı dəstəklədiyinə və ərazi bütövlüyünü tanıdığına görə gürcü xalqına bir daha minnətdarlığını bildirərək vurğulayıb ki, Azərbaycan da Gürcüstanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir.
Dövlətlərimiz arasında əlaqələrin inkişafında ölkə rəhbərlərinin dostluq münasibətlərinin mühüm rol oynadığını deyən Gürcüstanın müdafiə naziri bu cür görüşlərin əməkdaşlığımızın genişləndirilməsi baxımından zəruriliyini xüsusi qeyd edib.
Görüşdə nazirlər rəhbərlik etdikləri qurumlar arasında verifikasiya və silahlara nəzarət sahəsində əməkdaşlıq məsələlərini ətraflı müzakirə ediblər. Tərəflər hərbi, hərbi texniki, hərbi təhsil, hərbi tibb sahələrində əməkdaşlığın perspektivləri, birgə hərbi təlimlərin keçirilməsi, işçi görüşlərin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparıblar.
Sonda Azərbaycanın və Gürcüstanın Müdafiə nazirlikləri arasında 2018-ci il üçün ikitərəfli əməkdaşlıq planı imzalanıb.