Əli Hüseynli: “Torpaqların dövlət ehtiyacları üçün alınması zamanı ədalətli kompensasiya ödənilməlidir” Hadisə

Əli Hüseynli: “Torpaqların dövlət ehtiyacları üçün alınması zamanı ədalətli kompensasiya ödənilməlidir”

“Dövlət ehtiyacları üçün torpaqların alınması ilə bağlı qanunda konkret halların sadalanması mülkiyyətçilərlə dövlət arasında mümkün mübahisələrin qarşısını almağa xidmət edir”.

Xalqcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, deputat Əli Hüseynli parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, torpaqların dövlət ehtiyacları üçün alınması məsələsi mülkiyyət hüququ ilə birbaşa bağlı olduğundan xüsusi yanaşma tələb edir: “Konstitusiyada torpaq mülkiyyətinin yalnız dövlət ehtiyacları üçün alınması nəzərdə tutulur və bunun üçün ədalətli kompensasiya ödənilməsi şərtdir. Qanunvericilikdə dövlət ehtiyaclarının konkret şəkildə sadalanması mübahisələrin yaranmaması baxımından vacibdir.Əgər bu sadalanmasa, hansısa bir ümumi anlayış verilsə, onda avtomatik mübahisə yaranacaq. Tərəflə dövlət arasındakı, hələ ilkin müəyyən eləmək lazımdır ki, bu doğrudanmı dövlət ehtiyacı üçün olan obyektdir, o niyyətdir? Bu olmasın deyə qanunverici əvvəlcədən sadalayır. Bu, əksinə, digər tərəfin xeyri üçündür”.

Komitə sədri vurğulayıb ki, qanunda göstərilən fəaliyyət növləri üzrə torpaqların alınması nəzərdə tutulmayıbsa, bu, avtomatik olaraq mübahisə predmeti yaradır və mülkiyyətçilərin hüquqlarının qorunmasına xidmət edir: “Torpaqların dövlət ehtiyacları üçün alınması proseduru mütləq ədalətli kompensasiya əsasında həyata keçirilməlidir. Kompensasiyanın məbləği Nazirlər Kabinetinin qərarı ilə müəyyənləşdirilir, mülkiyyətçi məbləğdən narazı qaldıqda isə məhkəməyə müraciət etmək hüququna malikdir”.

Günel Elxan