Fazil Mustafa: “Naxçıvana ayrılan dotasiyanın azaldılması doğru addım deyil” Gündəm

Fazil Mustafa: “Naxçıvana ayrılan dotasiyanın azaldılması doğru addım deyil”

“Naxçıvanda yol problemi həllini tapmadığı, sosial və səhiyyə sahəsində çətinliklər davam etdiyi üçün dotasiyanın azaldılması doğru addım deyil”.

Xalqcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, deputat Fazil Mustafa parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, TRIPP layihəsi ilə bağlı əsas məsələlərdən biri Naxçıvanın hazırkı vəziyyəti ilə əlaqədardır. Onun sözlərinə görə, hələlik bu yol mövcud deyil, İran üzərindən daşımaların sabitliyi də regionda yaranmış vəziyyətə görə arzuolunan səviyyədə deyil.

Fazil Mustafa qeyd edib ki, 2027-ci ilin dövlət büdcəsində Naxçıvana 198 milyon manat dotasiya nəzərdə tutulub ki, bu da ötən illə müqayisədə 6,4 faiz azdır.

Deputat hesab edir ki, nəqliyyat imkanlarında hələlik yaxşılaşma olmadığı üçün dotasiyanın azaldılması məsələsinə yenidən baxılmalıdır:

“Orada hansısa islahatların, iqtisadi canlanmanın həyata keçirilməsi üçün çox ciddi təşəbbüslər gedir. Yeni idarəedicilər də bu istiqamətdə çox ciddi çalışırlar. Amma bütün məsələlərin sonu gəlib yol məsələsinə çıxır. Yol açılmadıqca hansısa bir ciddi layihəni arzu olunan səviyyədə həyata keçirmək mümkün olmur”.

Komitə sədri Naxçıvanda işsizlik və digər sosial problemlərin də ciddi narahatlıq doğurduğunu bildirib. O, səhiyyə sahəsində kadr çatışmazlığına, xüsusilə ixtisaslı mütəxəssislərin böyük əksəriyyətinin Bakıda fəaliyyət göstərməsinə diqqət çəkib.

Deputat vurğulayıb ki, bu vəziyyət müəyyən xəstəliklərdən əziyyət çəkən insanların müalicə üçün Bakıya gəlməsində ciddi çətinliklər yaradır. Təyyarə biletlərinin qiyməti və xəstələrin yaxınları ilə birlikdə səfər etməsi zərurəti onların müalicəyə əlçatanlığını məhdudlaşdırır.

Fazil Mustafa hesab edir ki, nəqliyyat yolları açılana qədər Naxçıvana ayrılan dotasiyanın azaldılması əvəzinə artırılması imkanları nəzərdən keçirilməlidir.

O təklif edib ki, xəstəliyi olan şəxslərin heç olmasa bir dəfə ödənişsiz şəkildə Bakıya gəlib-getməsi təmin edilsin. Deputat bununla yanaşı, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün əlavə dəstək tədbirlərinin görülməsinin vacibliyini vurğulayıb.

Günel Elxan