ATU Türkiyənin Hacettepe Universiteti ilə protokol imzalayıb Hadisə

ATU Türkiyənin Hacettepe Universiteti ilə protokol imzalayıb

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli ilə Türkiyənin Hacettepe Universitetinin rektoru Haluk Özen arasında əməkdaşlığa dair protokol imzalanıb. ATU-nun mətbuat xidmətindən verilən məlumata görə, görüşdə G.Gəraybəyli Azərbaycanın qocaman ali məktəblərindən biri olan Tibb Universitetinin tarixi, fəaliyyəti və tədris sistemi haqqında ətraflı məlumat verib. Rektor son illər tədris səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən islahatlar və ikipilləli tədris sistemi barədə danışıb: "Ölkə rəhbərinin dəstəyi ilə universitetin nəzdində yaradılan yeni tədris klinikaları yüksək səviyyəli müalicələrin aparılması ilə yanaşı, tələbə və rezidentlərin də daha keyfiyyətli təhsil almaları üçün atılan mühüm addımdır".
Rektor həlli vacib olan bir sıra məsələlərə də toxunub: "Tədris proqramının beynəlxalq standartlara uyğunlaşdırılmasına böyük ehtiyac var. Belə ki, tələbələri mübadilə proqramları çərçivəsində Türkiyəyə və digər ölkələrə gedirlər. Lakin, bu zaman proqramların uyğun gəlməməsi ciddi narahatlıq yaradır. Gələcəkdə tədris proqramının tam beynəlxalq standartlara uyğunlaşdırılması tələbə mübadiləsinin genişlənməsinə, daha dinamik təhsilə imkan verəcək".
H.Özen rəhbərlik etdiyi ali təhsil ocağının Ankaranın tibb fakültəsi əsasında yaradıldığını və ötən əsrin 60-cı illərində tam fərqli təhsil sistemi ilə işə başladığını bildirib. Hazırda 14 fakültədən ibarət olan Hacettepe Universitetində 5 peşə məktəbi, klinikaları və 100-dən çox araşdırma mərkəzi fəaliyyət göstərir. Türkiyə universitetinin rektoru deyib: "Həmin vaxt tətbiq etdiyimiz sistem çoxları tərəfindən qəbul edilməsə də, növbəti 20 il ərzində bütün Türkiyə həmin sistemə keçib. Bildiklərimiz çox olsa da, mükəmməl deyilik, sizdən də öyrənəcəyimiz çox şey var. Məsələn, tanış olduğumuz Anatomiya muzeyi bizi çox heyrətləndirdi. Belə bir muzeyin yaradılması və saxlanılması böyük zəhmət tələb edir".
Türkiyəli rektor azərbaycanlı həmkarı ilə tələbə mübadiləsi, tədris proqramının yenilənməsi və digər məsələlərdə əməkdaşlıq barədə müzakirələr aparıb. Tibb Universitetinin elmi işlər üzrə prorektoru Rauf Bəylərov hər il təhsil ocağında türkiyəli mütəxəssislərin iştirakı ilə mühazirə, təlim və beynəlxalq elmi konfransların təşkil olunduğunu bildirdərək gələcəkdə universitet əməkdaşlarının birgə elmi işlər aparmasının mümkünlüyünü də söyləyib. Universitetin beynəlxalq işlər üzrə prorektoru Nadir Zeynalov ali məktəblər arasında əməkdaşlığa dair memorandumun əsas istiqamətləri barədə məlumat verib. Prorektor həmin istiqamətlərə rezidentlərin və tələbələrin mübadiləsi, qarşılıqlı təcrübə, akademik araşdırma aparılması, tədris proqramının öyrənilməsi, mədəni proqramlarda işbirliyi, birgə konfrans və seminarların təşkili və bir sıra digər tədbirlərin daxil olduğunu bildirib.