“Ordum varsa, yurdum var!” Hadisə

“Ordum varsa, yurdum var!”

"AYTAM" uşaqların mədəni maariflənməsi İctimai Birliyinin təşəbbüsü ilə Azərbaycanda Atatürk Mərkəzində "Ordum varsa, yurdum var!" adlı tədbir keçirilib. Tədbir Milli Ordumuzun və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub.
Tədbirdə İctimai Birliyin sədri Aygün Zamanlı Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qısa zaman kəsiyində gördüyü işlərdən danışıb.
Bildirilib ki, xalqımızın milli oyanışını və dirçəlişini təcəssüm etdirən, Azərbaycanın milli dövlətçilik ənənələrini daha da zənginləşdirən Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, tarixdə silinməz iz qoyub. Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin daxilində və xaricində yaranmış gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərib. Bu respublika mövcud olduğu 23 aylıq qısa müddətdə demokratik dövlət və ordu quruculuğu, iqtisadiyyat, təhsil, mədəniyyət və digər sahələrdə mühüm islahatlar həyata keçirib.
Böyük Vətən müharibəsi veteranı Əli Cümşüdov, Milli Qəhrəman Gültəkin Əsgərovanın anası Rəfiqə Əsgərova, şairlər Fəxrəddin Meydanlı, Zərəngiz Dəmirçi başqaları çıxış edərək, Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın qədim dövlətçilik tarixinin şanlı səhifələrindən olduğunu diqqətə çatdırıblar. Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olan müstəqil respublikamızın əldə etdiyi mühüm uğurlardan danışıblar.
"AYTAM"-ın üzvlərinin ifasında əsgər marşları, hərbi vətənpərvərlik mahnıları səsləndirilib, "Ordum varsa, yurdum var!" adlı ədəbi-bədii kompozisiya təqdim olunub.