FHN-in Baş İdarəsi Ağdam rayonunda müşavirə keçirib Hadisə

FHN-in Baş İdarəsi Ağdam rayonunda müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyi (FHN) Mülki Müdafiə işinin təşkili Baş İdarəsinin və Qarabağ Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Heydər Əliyev Mərkəzində "Mülki müdafiənin mövcud vəziyyəti, problemlər və qarşılıqlı fəaliyyət" mövzusunda müşavirə keçirilib. FHN-dən bildiriblər ki, tədbirdə nazirliyin Mülki Müdafiə işinin təşkili Baş İdarəsinin rəisi, general-mayor Niyazi Zamanov, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və Qarabağ Regional Mərkəzinin xidməti ərazisində fəaliyyət göstərən Ağdam, Şuşa, Xocalı, Xocavənd, Bərdə, Ağcabədi, Füzuli, Beyləqan, Qubadlı, Laçın, Zəngilan, Cəbrayıl, Kəlbəcər və Tərtər rayonlarının fövqəladə hallar komissiyalarının sədrləri, Ağdam rayon ərazisində yerləşən idarə, müəssisə və təşkilatların rəhbərləri və mülki müdafiəyə cavabdeh şəxsləri iştirak ediblər.
Müşavirənin məqsədi regionda mülki müdafiə sahəsində mövcud vəziyyətin təhlil edilməsi, bu sahədəki problem və çatışmazlıqların aradan qaldırılması yollarının müzakirəsi, habelə mülki müdafiə işinin təşkilinin gücləndirilməsi, fövqəladə hadisələrdən qorunma sahəsində əhalinin hazırlanması, bu sahədə maarifləndirmə işinin gücləndirilməsi və mülki müdafiə dəstələrinin daimi hazırlığının təmin edilməsinə diqqətin artırılması olub.
Tədbirdə FHN-in Mülki Müdafiə işinin təşkili Baş İdarəsinin rəisi, general-mayor Niyazi Zamanov çıxış edərək mülki müdafiə sahəsində əhali və ərazilərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində istər Regional Mərkəz, istərsə də yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları, eləcə də mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlar tərəfindən əsas diqqətin mülki müdafiə tədbirlərinin planlaşdırılmasına, mülki müdafiə tədbirlərinin vaxtında və keyfiyyətli icra olunmasına, xüsusən cəbhəyanı ərazilərdə əhalinin mülki müdafiə sahəsində maarifləndirmə işinin gücləndirilməsinə, rabitə xəbərdarlıq sisteminin daim hazır vəziyyətdə saxlanılmasına, hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin işinin lazımi səviyyədə təşkil olunmasına yönləndirilməsinin zəruriliyini bildirib. O, həmçinin təlim və məşqlərin planlaşdırılmasının və icrasının təmin edilməsinin, mülki müdafiə qərargahlarının fəaliyyətinin gücləndirilməsinin, eləcə də baş verə biləcək fövqəladə hadisələr zamanı əhalinin və ərazilərin mühafizəsinin etibarlı təmin olunması məqsədilə FHN-in Qarabağ Regional Mərkəzi və həmin ərazidə fəaliyyət göstərən nazirliyin qurumları ilə yerli icra strukturları və dövlət idarəetmə orqanlarının qurumları arasında qarşılıqlı fəaliyyətin təşkili işinin daha da təkmilləşdirilməsinin də böyük önəm daşıdığını vurğulayıb.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və Qarabağ Regional Mərkəzinin rəisi polkovnik Mirəli Feyziyev çıxışlarında mülki müdafiə sahəsində mövcud vəziyyət, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülmüş işlər, eləcə də qarşıda duran vəzifələr barədə çıxış ediblər. Çıxışlarda region ərazisində mülki müdafiə işinin təşkil olunması ilə bağlı mövcud çatışmazlıqlar barədə fikir mübadiləsi aparılıb, nöqsanların aradan qaldırılması istiqamətində təkliflər səsləndirilib. Tədbirin sonunda FHN-in qüvvələri ilə rayon mülki müdafiə xidmət və qüvvələrinin birgə fəaliyyətinə dair kompleks mülki müdafiə təlimini əks etdirən videoçarx nümayiş olunub.