Tokioda AXC-nin 100 illiyinə həsr olunan tədbir Hadisə

Tokioda AXC-nin 100 illiyinə həsr olunan tədbir

Tokioda ölkəmizin Yaponiyadakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan növbəti tədbir keçirilib. Tədbirdə Yaponiyada yüksək nüfuza malik olan "The International Friendship Exchange Council" (IFEC) təşkilatının prezidenti Ken Matsuzava və digər rəhbər üzvləri iştirak ediblər. Qeyd etmək lazımdır ki, IFEC təşkilatının rəhbər heyəti Yaponiyanın ictimai-siyasi dairələrinin, kütləvi informasiya vasitələrinin nümayəndələri və sabiq yüksək səviyyəli diplomatlar olmaqla bu ölkədə yüksək nüfuza malikdirlər.
Tədbirdə səfir Gürsel İsmayılzadə Azərbaycan haqqında geniş təqdimatla çıxış edib. Azərbaycan Xalq Cümhuriyyətinin 1918-1920-ci illərdə müsəlman Şərqində parlament respublikası modeli əsasında qurulmuş çoxpartiyalı ilk demokratik dövlət olduğunu xatırladan səfir Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyət İli" elan edildiyini və bu yubileyin dünyanın hər yerində təntənəli şəkildə qeyd olunduğunu vurğulayıb.
Qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti qadınlara səsvermə hüququ vermiş ilk dünyəvi müsəlman dövləti olub. Bildirilib ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Azərbaycan xalqının böyük nailiyyətidir. Həmin vaxt ölkəmizin qısa müddət ərzində müstəqil olmasına baxmayaraq, rəsmi dil olaraq Azərbaycan dili, bayrağı və digər dövlət atributları təsdiq edilib. Həmçinin Azərbaycan özünü dünyada tanıtmaq üçün fəal xarici siyasət aparıb.
Sonra G.İsmayılzadə 1991-ci ildə Azərbaycanda müstəqilliyin bərpası, müstəqilliyin ilk illərində xalqımızın yaşadığı ağır hadisələr haqqında bəhs edib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan diplomat münaqişənin həllində Azərbaycanın beynəlxalq hüququn normalarına əsaslanan ədalətli mövqeyi haqqında geniş məlumat verib.
Diplomat ölkədə davamlı siyasi-iqtisadi islahatların həyata keçirildiyini vurğulayıb. Ölkəmizin son illərdə qazandığı böyük uğurlar barədə ətraflı məlumat verib, o cümlədən iqtisadiyyat, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən və gələcəkdə nəzərdə tutulan müxtəlif layihələr barədə ətraflı danışıb. Azərbaycanda keçirilən mötəbər beynəlxalq tədbirlər, idman yarışları barədə danışan səfir ilk Avropa Oyunlarının, Formula 1 Azərbaycan Qran-Prisinin və digər yarışların ölkəmizdə yüksək səviyyədə keçirildiyini vurğulayıb. Bu tədbirlərin yüksək səviyyədə təşkilinə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın verdiyi böyük töhfələri xüsusi qeyd edib.
Təqdimat çərçivəsində G.İsmayılzadə ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənələri və milli mətbəxi haqqında geniş məlumat verib. Azərbaycanda turizmin inkişafı, görməli yerlər, qədim və modern memarlıq nümunələri haqqında da bəhs edib. IFEC təşkilatının Prezidenti Ken Matsuzava çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibətilə təbriklərini çatdırıb. Ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan Ken Matsuzava Azərbaycanın regionda Yaponiyanın ən etibarlı tərəfdaşı olduğunu bildirib. K.Matsuzava Yaponiyanın Azərbaycan ilə münasibətlərə xüsusi önəm verdiyini vurğulayıb və iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi üçün geniş perspektivlərin olduğunu bildirib. K.Matsuzava Bakı Beynəlxalq Humanitar Forumunda iştirak üçün Azərbaycana səfərini xatırladaraq, ölkəmiz haqqında xoş xatirələrini və təəssüratlarını bölüşüb, iştirakçıları Azərbaycana səfər etməyə çağırıb. Tədbir Azərbaycan haqqında filmin nümayişi ilə başa çatıb.