Şəhid döyüşçü Qaratel Hacımahmudova anılıb Hadisə

Şəhid döyüşçü Qaratel Hacımahmudova anılıb

"Rəvan" Gəncliyə Dəstək İctimai Birliyi Gənclər Fondunun dəstəyilə həyata keçirdiyi "Gənclər arasında döyüşçü qadınlarımızın tanıdılması və təbliği" layihəsi çərçivəsində gənclər təşkilatları, hərbi yönümlü QHT-lər, veteran döyüşçülər, fəal gənclər, hərbi-vətənpərvərlik mövzusunda yazan jurnalistlərin iştirakı ilə tədbir keçirib.
Tədbirdə şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən "Rəvan"Gəncliyə Dəstək İctimai Birliyinin sədri Ramiz Cürənov bildirib ki, layihədə məqsəd Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan dövlətçiliyinin müdafiəsi və torpaqlarımızın azad edilməsi istiqamətində fəaliyyətini təbliğ etmək, yeniyetmə və gənclər arasında Ermənistanın təcavüzündən qorunması ilə bağlı şücaət və qəhrəmanlıqlar göstərmiş döyüşçü xanımlarımızdan Qaratel Hacımahmudovanın ömür yolunu örnək göstərmək, Vətəninə və xalqına bağlı gənclərin yetişməsinə töhfə verməkdir. O qeyd edib ki, tədbirdə səslənən təklif və tövsiyələr də nəzərə alınmaqla, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən həyata keçirilən vətənpərvər siyasət, vətənpərvərlik yönümündə atdığı addımlar, qəhrəmanlığı ilə gənclərimizə örnək olan Qaratel Hacımahmudova ilə bağlı qısa məlumatların yer aldığı buklet hazırlanaraq dərc olunacaq.
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında hərbi vətənpərvərlik siyasəti, ordu quruculuğu istiqamətində görülən işlərdən söz açıb. O, bu gün Cənubi Qafqazın ən güclü ordusu olan Azərbaycan ordusunun istənilən an torpaqlarımızı düşmən tapdağından hazır olduğunu vurğulayıb. Gənclərin torpaqlarımızın müdafiəsi uğrunda şücaət və qəhrəmanlıq göstərən döyüşçüləri tanımasını zəruri sayan Emin Həsənli deyib ki, Qapatel Hacımahmudova kimi igid xanımlarımızın da ömür yolu və qəhrəmanlıqları gənclər arasında təbliğ edilməsi vacibdir.
Qarabağ Əlilləri və Veteranları Cəmiyyətinin sədri, Qarabağ müharibəsi veteranı Növrəstə Yusifova 1990-cı illərdə Qazaxda torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə Qaratel Hacımahmudovanın şücaət göstərdiyini söyləyib. Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyasının sədri, Qarabağ müharibəsi veteranı Rey Kərimoğlu döyüşən insanlara obyektiv qiymət verilməsini zəruri sayıb.
Tədbirdə iştirak edən Qaratel Hacımahmudovanın bacısı Mənşurə Hüseynova xatirələrini danışıb. O, Qaratelin müstəqil və Böyük Azərbaycanı arzusu ilə yaşadığını, Milli Azadlıq Hərəkatında fəal iştirak etdiyini, Qazax rayonunun kəndlərinə hücumlar başlayarkən tərəddüd etmədən könüllü taborda döyüşməyə başladığını qeyd edib. Mənşurə Hüseynova Qaratelin əsir düşə biləcəyi ehtimalına qarşı hər zaman üzərində zəhər və bir qumbara saxladığını, Aşağı Əksiparada mühasirəyə düşmüş döyüşçülərə ehtiyat sursat aparıb geri qayıdarkən özünün düşdüyünü söyləyib. Onun sözlərinə görə, ermənilərlə döyüşən Qaratel vədinə əməl edib.
Tədbirdə çıxış edənlər Qaratel Hacımahmudovanın həyat və döyüş yolunun gənclər arasında təbliğ edilməsinin, bu döyüşçü xanımın daha yüksək ada layiq görülməsinin zəruri olduğunu bildiriblər.

XC