Bu yol müharibə ola bilər... Hadisə

Bu yol müharibə ola bilər...

Arzu Şirinova

Dağlıq Qarabağ problemi dünyaviləşəndən üzü bəri və sonradan Azərbaycanın maraqlarına uyğun olmasa da, müzakirəsini apardığı "Madrid prinsipləri" ortada olandan ayrı-ayrı siyasətçilər-fərqi yoxdu, xarici və yaxud daxili olsun-ermənilərin işğal etdikləri Dağlıq Qarabağ deyil, yalnız Dağlıq Qarabağ ətrafındakı ərazilərin qaytarılmasını dilə gətirirlər. Buna bənzər bir açıqlama da ABŞ-ın Ermənistandakı səfiri Con Hefferndən gəlib. Səfir ilk olaraq Dağlıq Qarabağ ətrafında olan ərazilərin qaytarılması məsələsinin münaqişənin nizamlanmasının altı elementindən biri olduğunu hesab edir.
Con Hefferin sözlərinə görə, o, Dağlıq Qarabağ ətrafında olan ərazilərin dərhal Azərbaycana qaytarılmasını nəzərdə tutmur: "Dağlıq Qarabağın yekun statusu yerli əhalinin öz iradəsi əsasında formalaşacaq. Daha sonra Laçın dəhlizi istisna olmaqla, Dağlıq Qarabağ ətrafında ərazilər geri qaytarılacaq. Ona görə də mənim sözlərimdə yeni heç nə yoxdur".
Torpaqların qaytarılması müqabilində Ermənistan tərəfinə zəmanətlərin verilməsi barədə suala cavab verərkən amerikalı diplomat vurğulayıb ki, nizamlanma müqaviləsinin altı elementinə regionda beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi də daxildir:"Hazırda bu sülhməramlı qüvvələrin tərkibində hansı ölkənin və ya təşkilatın əsgərlərinin olması məsələsi Errmənistan-Azərbaycan arasında danışıqlar predmetidir. Təbii ki, erməni tərəfi əraziləri qaytarmazdan əvvəl beynəlxalq sülhməramlı qüvvələr və təhlükəsizlik zəmanəti olmalıdır".
ABŞ-ın Ermənistandakı səfirinin bu cür açıqlamasına heç də təəccüblənmədim. Yəni təəccüblənmədim ki, səfir yekun status deyəndə referendum məsələsini nəzərdə tutur. Bu da Azərbaycanın maraqlarına tamamilə ziddir. Azərbaycan tərəfi danışıqlar zamanı hər zaman bildirib ki, Ermənistan silahlı qüvvələri işğal elədikləri ərazilərdən çıxmalı, sonra status məsələsi həllini tapmalıdır. Çünki məcburi köçkünlər öz yerlərinə qayıtmadan ermənilərin ciddi-cəhdlə çalışdıqları referendumun keçirilməsi mümkünsüzdü. Eyni zamanda, Azərbaycan referendum keçirilmədən belə Dağlıq Qarabağa ən yüksək status verməyə hazır olduğunu dəfələrlə bəyan edib. Ermənilərsə əksinə, öz müqəddaratını təyinetmə məsələsini birinci olaraq görürlər. Yəni Azərbaycanın torpaqları hesabına ikinci erməni dövləti yaratmaq istəyirlər ki, bunun da baş tuta bilməyəcəyini və buna yol verilməyəcəyini dəfələrlə dövlədimizin başçısı bu və digər tədbirlərdə, yüksək tribunalardan səsləndirib.
Bir də təəccüblənmədim ki, səfir "Laçın dəhlizi istisna olmaqla Dağlıq Qarabağ ətrafında ərazilər geri qaytarılacaq" deməklə, Dağlıq Qarabağın birmənalı olaraq ermənilərə verilməsinin söhbətini aparır. Görəsən amerikalı diplomat ölkəsi Azərbaycanın situasiyası ilə üz-üzə qalsaydı hansı yolun seçilməsini məqbul bilərdi? Və yaxud işğal altındakı ştatlardan hansı birininsə düşmənə peşkeş olunmasına rəva görüb göz yumardı? Təbii ki, bir yolun, o da ölkəsinin ərazi bütövlüyü olduğunu, ölkəsinin bir qarış torpağının da kimsəyə güzəştə getməyəcəyini bildirərdi. Elə isə başqasından aşağılayıcı və şərəfsiz bir işə qol qoymağı nədən gözləyir, bu səfir?
İstər ABŞ-ın Ermənistandakı səfiri, istərsə də qeyriləri olsun anlamalıdırlar ki, Azərbaycan Şuşasız, Kəlbəcərsiz, Laçınsız, Xocalısız, Xankəndisiz Qarabağı istəmir. Azərbaycan bir qarış torpağını güzəştə getmədən Dağlıq Qarabağı və ətraf rayonları istəyir. Bunu anlamaq və dərk etmək bu qədərmi çətindir?
Cənab səfir onu da anlamalıdır ki, Azərbaycan istəyini bütün yollarla gerçəkləşdirməyə hazırdır. Belə davam etsə bu yol müharibə də ola bilər...