“Casus qalmaqalı“ parlamentdə də dartışıldı Hadisə

“Casus qalmaqalı“ parlamentdə də dartışıldı

Zahid Oruc: "Biz bilməliyik ki, ölkə əleyhinə fəaliyyət göstərən hansı təsir agentləri, şəbəkələr var"
Oqtay Əsədov: "Gələn il Azərbaycanda keçiriləcək olimpiada ilə əlaqədar ölkəmizə təzyiqlər artacaq"
Parlamentin dünənki plenar iclasında millət vəkili Zahid Oruc iki gün əvvəl ölkə mətbuatında yer alan "casus qalmaqalı" məsələsinə toxunub. Onun fikrincə, Azərbaycanda KİV çərçivəsində və media aləmində fəaliyyət göstərənlərin daxili mənəvi durumu arzuedilən səviyyədə deyil.
Millət vəkilinin sözlərinə görə, mətbuat səhifələrində kompromat savaşlar hüquq-mühafizə orqanlarının da diqqətini cəlb etməlidir. "Casus qalmaqalı" ilə bağlı yer alan hesabatda xarici ölkə rəsmilərinin, diplomatik korpusun nümayəndələrinin Azərbaycana qarşı təzyiqlərə, hətta "Maqnitski qanunu"nu Azərbaycana tətbiq etməyə çağırışları var: "Səfirliklər, xüsusən də Azərbaycanda müxtəlif dövrlərdə kəskin geosiyasi maraqları toqquşan diplomatik korpusların nümayəndələri real olaraq diplomatik mandat çərçivəsində fəaliyyət aparmalıdırlar. Azərbaycanda hər hansı xarici kapital və dairələrin yardımı ilə inqilab etmək mümkün deyil. Azərbaycan dövlətinin Azərbaycan xalqına bağlı mühüm siyasəti var. Biz bilməliyik ki, ölkə əleyhinə fəaliyyət göstərən hansı təsir agentləri, şəbəkələr var".
Spiker Oqtay Əsədov isə deyib ki, bu gün Azərbaycanda inqilaba və iğtişaşlara çağırışları, bu çağırışı edənləri, onlara cavab verənləri də açıq müşahidə etmək çətin deyil: "Vaxtilə ABŞ-ın Azərbaycandakı səfirliyinin bir qadın əməkdaşı vardı, ləqəbi "Miledi" idi. Onun bütün fəaliyyəti Azərbaycan hakimiyyəti əleyhinə çağırışlar etməkdən ibarət idi. 2015-ci ildə Azərbaycanda olimpiada keçiriləcək, bu cür çağırışlar, təzyiqlər artacaq. Ona görə də həssas və diqqətli olmalıyıq".