Ali məktəblərə qəbul imtahanları başlayır Hadisə

Ali məktəblərə qəbul imtahanları başlayır

TQDK sədri: "Buraxılış imtahanlarının nəticələri müəyyən rayonlarda çox qorxuludur"

İyulun 12-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2014/2015-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək. İmtahan 11 şəhərdə - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 52 binada təşkil olunacaq.
İmtahanların idarə olunmasına 220 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2429 nəzarətçi-müəllim cəlb olunacağını nəzərə çatdıran TQDK sədri bildirib ki, imtahanda 28955 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 21828 abituriyent I qrup üzrə, 7127 abituriyent IV qrup üzrə imtahan verəcək. Bakı şəhərində 12843, Naxçıvanda 1469, Gəncədə 3482, Sumqayıtda 1844, Mingəçevirdə 1334, Şəkidə 1834, Ağcabədidə 954, Göyçayda 1410, Şirvanda 1076, Lənkəranda 1554, Xaçmazda 1155 abituriyentin imtahan verəcəyi gözlənilir.
Abituriyentlərdən 26160 nəfəri (I qrup üzrə 19656 nəfər, IV qrup üzrə 6504 nəfər) Azərbaycan bölməsinin, 2795 nəfəri (I qrup üzrə 2172 nəfər, IV qrup üzrə 623 nəfər) isə rus bölməsinin məzunudur. Abituriyentlərin 17703 nəfəri (I qrup üzrə 13472 nəfər, IV qrup üzrə 4231 nəfər) oğlanlar, 11252 nəfəri (I qrup üzrə 8356 nəfər, IV qrup üzrə 2896 nəfər) qızlardır. 16 nəfər ali təhsil müəssisələrinin, 791 nəfər orta ixtisas təhsili müəssisələrinin məzunudur. 184 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1988-ci ildən, ən gənci isə 1997-ci ildəndir.
İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanacaq və 3 saat davam edəcək. İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib ediləcək və onlar binaya buraxılmayacaqlar.
İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizası aparılacaq. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında və Facebook səhifəsində yerləşdiriləcək. İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək.
Abituriyentlər imtahanın nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər. Bütün qruplar üzrə müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin (həm əvvəlki, həm də cari ilin məzunları) ixtisas seçimi internet vasitəsilə iyulun 24-dən avqustun 5-dək aparılacaq. Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə daxil olmaq istəyən və müsabiqə şərtlərini ödəyən abituriyentlər ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri elan olunduqdan sonra avqustun 8-dən 13-dək elektron ərizələrinə daxil olub, orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçə biləcəklər.

İmtahanlarda "iki" alanlar

2012-ci ildə keçirilən buraxılış imtahanlarında iştirak edən məzunların bu il keçirilən buraxılış imtahanında göstərdikləri nəticələrin müqayisəli təhlili aparılıb və müəyyən statistik rəqəmlər ortaya çıxıb. APA-nın xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə dünən keçirdiyi mətbuat konfransında deyib ki, 2012-ci ildə 117 min nəfər şagird IX sinif üzrə buraxılış imtahanı verib: "Onlardan 85 mini bu il keçirilən buraxılış imtahanında iştirak edib. XI sinif üzrə buraxılış imtahanında iştirak etməyən şagirdlərdən 5 mini orta ixtisas məktəblərində, 5 mini peşə liseyində oxuyur. Təxminən 150 şagird isə 10-cu sinifdə qalıb. 2012-ci ildə IX sinifdə "Ana dili"ndən "iki" alanların sayı 19-20 faiz idisə, bu il XI siniflər üzrə buraxılış imtahanlarında iştirak edənlərin 16%-i "Ana dili"ndən "iki" alıb. Riyaziyyatdan 2012-ci ildə iki alanların sayı 32 faiz olub, bu il onların sayı təxminən 19-20 faizdir. Bu faizinin azalması bizi aldatmamalıdır. Bu uşaqların bir qismi məktəbi tərk edib".
İmtahana gələn 85 min şagirdin öz nəticələrini hansı səviyyədə doğrultduğunu açıqlayan M.Abbaszadə qeyd edib ki, 2012-ci ildə IX sinfə imtahan verərək "iki" alan və bu ildə XI sinif üzrə buraxılış imtahanında iştirak edənlərin 45 faizi yenidən "iki" alıb. Onların 47 faizi "3", 7 faizi "4", hətta 1 faizi "5" alıb: "Bu, "Ana dili"ndən olan nəticələrdir. Bu iki il ərzində oxumaq istəyən uşaqlar öz üzərində işləyiblər. Nəticədə onların 45-nin nəticəsi eyni səviyyədə qalıbsa da, qalanları öz nəticələrini müsbətə doğru dəyişiblər".
2012-ci ildə 9-cu təhsil bazası üzrə keçirilən buraxılış imtahanında "Riyaziyyat"dan "iki" alan şagirdlərin 42 faizi bu il 11-cı sinif üzrə keçirilən buraxılış imtahanında da eyni nəticəni göstəriblər. İki il əvvəl 9-cu sinif məzunu olmuş həmin 11-cı sinif şagirdlərinin 44 faizi "üç" , 12 faizi "dörd", 1,5 faizi isə "beş" qiyməti alıb. 2012-ci ildə buraxılış imtahanında 3 qiyməti alanların 52 faizinin "Ana dili"ndən, 42 faizinin isə "Riyaziyyat"dan nəticəsi 11-ci sinifdə də həmin səviyyədə qalıb. 2012-ci ildə imtahan vermiş şagirdlərin 24 faizi "Ana dili"ndən, 35 faizi "Riyaziyyat"dan dörd qiyməti alıb və iki il ərzində öz nəticələrini yaxşılaşdırıblar. 5,1 faiz "Ana dili"ndən, 6,4 faizi isə "Riyaziyyat"dan "beş" qiyməti alıb.
Şagirdlərin 30 faizi iki il öz üzərində işləyərək "Ana dili"ndən, 40 faizdən çoxu "Riyaziyyat"dan öz nəticələrini yaxşılaşdırıb. Amma 17,8 faiz "Ana dili"ndən, 16,4 faizi "Riyaziyyat"dan öz nəticəsini pisləşdirib və 11-ci sinif buraxılış imtahanında iki qiyməti alıb. İki il əvvəl bundan əvvəl "dörd" qiyməti alan məzunlardan 47 faizi "Ana dili"ndən, 53 faizi "Riyaziyyat"dan bu il 11-cı sinif üzrə həmin nəticələrini təsdiqləyiblər. "Riyaziyyat"dan 33,2 faizi , "Ana dili"ndən isə 34 faizi beş qiyməti alıb. İki il bundan əvvəl buraxılış imtahanlarında "dörd" qiyməti alan şagirdlərin 1 faizi hər iki fəndən "2" qiyməti alıb. Riyaziyyatdan 11 faiz "Ana dili"ndən 18 faizi iki il əvvəl göstədiyi "dörd" qiymətini bu il "üçə" düşürüb.
M.Abbaszadə əlavə edib ki, XI sinif şagirdlərinin nəticələrində orta bal IX illik təhsil bazası üzrə nəticələrə nisbətən artıb. Onun sözlərinə görə, IX siniflərlə müqayisədə XI sinif üzrə imtahanda iştirak edənlərin sayı azdır, amma nəticələri daha yüksəkdir: "XI sinifə gələn uşaqlar daha məşğul olurlar. Onlar təhsillərini davam etdirmək istədikləri üçün daha yaxşı nəticə göstərirlər. XI siniflərdə "Ana dili" fənni üzrə Hacıqabul, Sabirabad, İmişli, Ağcabədi, Daşkəsən, "Riyaziyyat" fənni üzrə Hacıqabul, Şirvan, Sabirabad, İmişli, Ağcabədi, Daşkəsəndə məzunların nəticələri ölkə ilə müqayisədə çox aşağıdır".
M.Abbaszadə buraxılış imtahanlarında nəticələrinə əsasən, rayonlarda qeydə alınan gender problemlərini də açıqlayıb. O bildirib ki, ölkə üzrə IX sinifdə buraxılış imtahanı verən oğlan və qızların sayı təxminən 50-50%-dir: "2014-cü ildə buraxılış imtahanında iştirak edən oğlanların sayı 53%, qızların sayı isə 46% olub. Amma elə rayonlar var ki, orada IX sinifdə oxuyan oğlanların sayı 60%-dən çoxdur, hətta IX sinifdə oxuyan qızlar yoxdur. Həmin rayonlar Şamaxı və Qobustan rayonlarıdır. XI sinifdə buraxılış imtahanında iştirak edənlərin 56%-i oğlanlar, 44%-i qızlar təşkil edir. Ancaq elə rayonlar var ki, məsələn, Lerikdə imtahan verənlərin 70-80%-dən çoxu oğlanlardır və qızların sayı çox azdır. Zərdab, Balakən, Qaxda isə buraxılış imtahanında iştirak edən oğlanların sayı qızların sayından daha azdır. XI sinifdə oxuyan oğlanların sayı qızların sayından təxminən 40%-dən aşağıdır".

Kolleclərə qəbulun ilkin nəticələri açıqlanıb

Azərbaycanda ümumi orta təhsil bazasından (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbulun ilkin nəticələrini açıqlayıb. APA-nın xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə dünən keçirdiyi mətbuat konfransında deyib ki, dünən ümumi orta təhsil bazasından (9 illik) orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi başa çatıb və 17 632 gənc ixtisas seçimində iştirak edib: "Bunun əsasında artıq yerləşdirmə aparılıb və ilkin statistikanı açıqlayıram. Yaxın saatlarda ixtisas seçiminin nəticələri açıqlanacaq və internetdə yerləşdiriləcək. İlkin statistik məlumatlara əsasən, deyə bilərəm ki, ixtisas seçimində iştirak edənlərin 8795-i orta ixtisas təhsili müəssisələrinə qəbul olub. Xüsusi qabiliyyət tələb etməyən ixtisaslar üzrə qəbul planı 99,94% dolub və cəmi 4 plan yeri boş qalıb. Qalan boş yerlər isə xüsusi qabiliyyət tələb edən ixtisaslardır. Belə yerlər üzrə sənəd verənlərin sayı yerlərlə müqayisədə azdır. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qəbul planının dolma faizi 66,29%-dir. Ümumilikdə isə ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul planı 91,52% dolub".
Abituriyentlərə müraciət edən TQDK sədri qeyd edib ki, ərizə verənlər bu gün nəticələri əldə edəcəklər. Onun sözlərinə görə, gələn həftənin bazar ertəsi günündən qəbul olanların qeydiyyatı aparılacaq. Qeydiyyat başa çatandan sonra boş qalan yerlərin elan olunacağını deyən M.Abbaszadə vurğulayıb ki, bazar ertəsi çıxacaq "Abituriyent" jurnalında qəbul olanların siyahısı, keçid balları elan olunacaq: "Elə təhsil müəssisələri var ki, orada qəbul planı 100% dolub. Belə ki, Bakıda olan kolleclərin əksəriyyətində - Azərbaycan Maliyyə-İqtisad, Bakı Dövlət İqtisadiyyat və humanitar, Bakı Qida Sənayesi, Bakı Dövlət Sosial-İqtisadiyyat, Azərbaycan Dəniz Balıq Sənayesi, Bakı Dövlət Rabitə-Nəqliyyat kolleclərində, Milli Konservatoriyanın nəzdində Musiqi kolleci, Bakı Texniki Kolleci qəbul planı 100% dolub. Bakıda yalnız Rəssamlıq Akademiyasının kollecində (83% dolub) və Bakı Humanitar Kollecinin musiqi müəllimliyi ixtisasına boş yerlər qalıb. Bölgələrdən isə Gəncə Musiqi Kollecində yerlər 99%, Qazax Dövlət Sənaye Kollecində 95%, Sumqayıt Dövlət Texniki Kollecində 100%, Sumqayıt Musiqi Kollecində 98,85%, Quba Dövlət İqtisadi Kollecində 100%, Şəki Pedaqoji Kollecində 55,55%, Şamaxı Humanitar Kollecində 79%, Lənkəran Dövlət Humanitar Kollecində 68% dolub".

Tərlan