Dövlət sifarişli yerlərin sayı artırılacaq Hadisə

Dövlət sifarişli yerlərin sayı artırılacaq

Azərbaycanda tələbələrə kredit verilməsi ilə bağlı yeni sistem yaradılacaq.
Bu sözləri təhsil naziri Ceyhun Bayramov deyib.
Nazir bildirib ki, bu sistem daha çox gələcəyə hesablanmış olacaq:
2015-ci ildə pilot layihə olaraq bir sıra ali təhsil müəssisələrinin iştirakı ilə "Maairfçi" Kredit Fondu yaradılmışdı. Bu Fond hələ də fəaliyyətini davam etdirir. Bu vaxta qədər Fond tərəfindən 220-dən çox kredit verilib. Lakin ölkədə ehtiyacı olan bütün tələbələrə kreditin yalnız ali təhsil müəssisələrinin daxili imkanları hesabına təmin etmək asan deyil. Bu təcrübədən istifadə edərək aidiyyəti nazirliklərlə birlikdə yeni sistemin yaradılması üçün hazırlıqlar görülür".
Nazir bildirib ki, yeni kredit sistemi gələcəyə hədəflənməli, uzun illərə hesablanmalıdır.
"Tələbə kreditləri adi kreditlərdən fərqli şəkildə verilməlidir. Bu işdə hər zaman dövlətin dəstəyi olmalıdır. Buna görə də tələbə krediti məsələsi üzrə yaradılan İşçi qrup aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birlikdə işləyir. Hesab edirəm ki, yekun layihə yaxın zamanlarda hökumətə təqdim ediləcək. Bu məsələyə böyük nikbinliklə baxırıq. İnanırıq ki, 2019-2020-ci tədris ilində Azərbaycanda işlək tələbə kredit sistemi təsis ediləcək".
Təhsil naziri onu da vurğulayıb ki, 2019-2020 akademik ilində dövlət sifarişli yerlərin sayı ötən illə müqayisədə artırılacaq. Hazırda bu sənəd Nazirlər Kabinetində təsdiq olunma mərhələsindədir.
Onun sözlərinə görə, dövlət sifarişli yerlərin sayı ötən il dövlət sifarişli yerlərin sayı 12324 olub, növbəti tədris ili üçün isə 20 500 yerə kimi artırılması planlaşdırılır.
"Bir il ərzində dövlət sifarişli yerlərdə 65 faizdən artıq artım görürük. Hesab edirik ki, növbəti illərdə də müsbət tendensiya davam edəcək . Növbəti ildən dövlət sifarişli yerlərin sayı 42 faiz müəyyən edilib,ötən il isə bu 30 faizin altında idi. Bu da dövlət vəsaiti hesabına təhsil almaq imkanının genişlənməsi deməkdir. Bu say artırılarkən bütün aidiyyəti nazirliklərlə birlikdə iş aparılır, ölkəsinin sosial-iqtisadi prioritetləri nəzərə alınır".