Texniki baxışla bağlı vaxt uzadılmayıb Hadisə

Texniki baxışla bağlı vaxt uzadılmayıb

Kamran Əliyev: "Bilmirəm ki, bu xəbəri kim yayıb, hara istinad edirlər?"

"Azərbaycanda avtonəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi üçün qoyulan vaxt uzadılmayıb. Yalnız avqustun 1 və 2-də texniki baxışdan keçə bilməmiş avtonəqliyyat vasitələrinin sürücülərinə güzəşt ediləcək, onlar cərimələnməyəcəklər".
Bunu Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib.
Qeyd edək ki, bəzi KİV-lərdə, hətta TV kanallarda da texniki baxışla əlaqədar növbələrin yaranması və bir çox sürücülərin məhz son günlərdə texniki baxış mərkəzlərinə gəlməsi səbəbindən vaxtın avqustun 15-dək uzadılması barədə xəbər yayılıb.
"Mən bilmirəm ki, bu xəbəri kim yayıb, hara istinad edirlər? Bizim tərəfimizdən belə bir xəbər yayılmayb. Texniki baxışı hər kəs vaxtından əvvəl də keçirə bilər, amma müddəti ötürməməlidir. Bir daha sürücülərin diqqətinə çatdırıram ki, vaxtında nəqliyyat vasitəsini texniki baxışa təqdim etməyən hüquqi və fiziki şəxslər cərimələnəcək. Sürücülərin nəqliyyat vasitələrini texniki baxışa təqdim etməyə xeyli vaxtları olub. Həm də sürücülər avtomobilin qeydiyyatada olduğu rayondan asılı olmayaraq hər bir bölgədə texniki baxışa təqdim edə bilərlər", - deyə DYP rəsmisi bildirib.
K.Əliyevin sözlərinə görə, texniki baxışdan keçməməyə görə inzibati cərimə fiziki şəxslər üçün 50 manat, vəzifəli şəxslər üçün 100 manat, hüquqi şəxslər üçün isə 300 manatdır. Əgər sürücü cərimələnibsə, o, 10 gün ərzində avtomobili texniki baxışdan keçirməlidir və bu müddət ərzində onu təkrar cərimələyə bilməzlər. Amma müddət keçdikdən sonra, o, yenidən cərimələnəcək.