Polisin açıqlaması: mənzil oğruları nədən ehtiyatlanırlar? Hadisə

Polisin açıqlaması: mənzil oğruları nədən ehtiyatlanırlar?

Oğru daxil olmaq istədiyi obyekti seçərkən əvvəlcə ona mane ola biləcək vasitələri nəzərdən keçirir. Dəfələrlə olub ki, oğurluq əməlləri ilə yaxalanan şübhəli şəxslər ilkin ifadələrində onlar üçün ən cəlbedici ünvanların mühafizə olunmayan, gözdən iraq yerlərdə yerləşən mənzillərin, gəliş-gedişi az olan obyektlərin olduğunu bildiriblər. Bunu Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
O deyib ki, ünvan seçilərkən oğru əsas diqqəti yaxınlıqda polisin, yaxud polisin ünvana gəlişini təmin edən təhlükəsizlik sistemi – həyəcan çağırışının olub-olmamasına yönəldir: “Əgər əvvəllər evdə heç kimin olmadığını müəyyən etmək üçün işıq, qaz sayğacları nəzərdən keçirilirdisə, bu gün artıq onlar üçün ən böyük “təhlükə”, polisin təşkil etdiyi mühafizə sistemidir.”
E.Hacıyev diqqətə çatdırıb ki, bir vaxtlar mühafizə olunan yerlərdə quraşdırılan təhlükəsizlik sistemindən məlumat telefon kabelləri ilə polisə çatırdısa, artıq ünvana kənar müdaxilənin olması ilə bağlı informasiya elektromaqnit dalğaları ilə ötürülür: “Hətta sistem o qədər təkmildir ki, mühafizə olunan yerə daxil olub, sistemi dayandıracağından arxayınlaşan adam artıq polisin gəlməyəcəyini zənn edir. Ancaq mühafizəyə cəlb olunan yerin kənar müdaxiləyə qarşı bir neçə istiqamətdən həssaslığı polisin həmin ünvana 2-5 dəqiqə içərisində çatmasına imkan yaradır”.