Vahid kart sistemi planı iflasa uğrayıb? Hadisə

Vahid kart sistemi planı iflasa uğrayıb?

Ekspertlər bu sistemin tətbiqinin vacibliyini vurğulayırlar

Cavid

"Nəqliyyat Nazirliyi ilə Bakı Metropoliteninin nəqliyyatda birgə tətbiq edilməsi nəzərdə tutulan vahid kart sisteminin tətbiqi mümkün olmayacaq". Bunu açıqlamasında Nəqliyyat Nazirliyi katibliyinin müdiri Namiq Həsənov deyib.
O bildirib ki, buna səbəb metronun tam ayrı struktur olması və orada tətbiq olunan kart sisteminin tamamilə fərqli formada çalışmasıdır.
Xatırladaq ki, bundan əvvəl metro kartlarının ictimai nəqliyyatda da tətbiq olunması nəzərdə tutulurdu. Lakin N.Həsənov sözlərinə görə, azırda bu mümkün deyil. O fikrini belə əsaslandırmağa çalışıb ki, hər iki qurumda kartların tətbiq olunduğu texnologiyalar fəqlidir və yeni quraşdırılan validatorlar "master-kard" vasitəsi ilə idarə olunur: "Avtobuslar üçün nəzərdə tutulan kartlardan isə yalnız taksilərdə, ictimai-iaşə müəssələrində və avtobuslarda istifadə etmək olar".
Nazirlik sözçüsü onu da əlavə edib ki, bu strukturlarda kart sisteminin tətbiqinin 2015-ci ildə tam yekunlaşması nəzərdə tutulur.
N.Həsənov əhalinin bu kartlara marağının az olduğunu vurğulayıb. O, bu məsələdə sürücülərin öz maraqları olduğunu da deyib: "Bəzən sürücü öz subyektiv marağından çıxış edərək vətəndaşın kartını qəbul etmir və nağd pul istəyir. Kartlar "Bank of Azərbaijan"a məxsusdur. Nəqliyyat Nazirliyi, "Bank of Azərbaijan" tərəfindən də reydlər keçirilir. Hər hansı bir sürücü həqiqətən vətəndaşa bu cür reaksiya göstərirsə, onlarla bağlı ölçü götürüləcək, hətta sahibkarlarından həmin marşrut da alınacaq. Heç kim kart olduğu halda, nağd pul tələb edə bilməz".
N.Həsənov hələlik bu iki sistemin paralel olaraq fəaliyyət göstərdiyini deyib.
Qeyd edək ki, Nəqliyyat Nazirliyi 2013-cü ilin ortalarından başlayaraq sərnişindaşıma nəqliyyatında vahid kart sisteminə keçməyi planlaşdırsa da, bu layihə yubandı. Nazirlik bunu nəqliyyat vasitələrinin böyük bir qisminin texniki normalara cavab vermədiyini və yeni iritutumlu avtobusların sayının azlığı ilə əlaqələndirdi.
Hazırda xarici ölkələrlə əldə olunmuş razılığa əsasən, 2014-cü ilin əvvəllərində ölkəyə 500-ə yaxın iritutumlu müasir tələblərə cavab verən avtobusların gətirilməsi planlaşdırılır. Həzərdə tutulurdu ki, vahid kart sisteminə də bundan sonra tam keçid təmin olunacaq.
NN-dən bildirildiyinə görə, gələn il yanvarın sonuna kimi avtobus parkının yeniləşdirilməsi və kart sisteminin infrastrukturu həyata keçiriləcək. Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi kart sisteminin tətbiqinə tam hazır vəziyyətdədir. Mərkəzdə hərəkət marşrutlarının optimallaşdırılması, təhlükəsizliyin yüksəldilməsi və nəqliyyatın sıx olduğu küçə və prospektlərdə hərəkətin tənzimlənməsi və digər xidmətlərin mərkəzləşdirilmiş sistemi işlək vəziyyətdədir. İctimai nəqliyyatda gediş kartlarının buraxılması ilə məşğul olacaq prosessinq mərkəzinin yaradılması üzrə "MasterCard" beynəlxalq ödəniş sistemi və bir sıra banklarla birgə aparılan işlər də başa çatdırılıb. Kartların yüklənməsi üçün şəhərin müxtəlif rayonlarında fəaliyyət göstərən banklar, köşklər və mobil terminallar quraşdırılıb, onların sayı yaxın üç ayda 100-ə çatdırılacaq.
Nəqliyyat Nazirliyi gələn ilin birinci rübündə Bakı şəhərində təxminən 210 avtobusda vahid kart sistemi tətbiq edəcək, sonrakı müddətdə onların sayı 1000-ə çatdırılacaq. Amma nazirlik kart sisteminə keçiddən sonra gedişhaqlarının qaldırılmasının mümkünlüyü ehtimalını da istisna etmir. Hazirliyin sözçüsü mətbuata açıqlamasında bu məsələ ilə bağlı marşrut sahiblərinin tariflərin dəyişməsinə dair təkliflərinin olacağını vurğulayıb.
Nazirliyin məlumatına əsasən, ictimai nəqliyyatda gediş haqqının kartla ödəniş sisteminin tətbiqi 2014-cü ilin sonuna qədər tamamilə başa çatdırılacaq.
Kartların buraxılışını həyata keçirən "Bank of Azerbaijan"ın "Yolkart" layihəsi çərçivəsində hazırlanan elektron resursda isə məlumat verilir ki, Bakı şəhərinn içtimai nəqliyyatında nağdsız ödənişlər aparılması üçün "Nəqliyyat kartı" hazırlanıb. Layihə çərçivəsində 1000-nə yaxın avtobuslarda validatorlar quraşdırılıb və aparatlar vasitəsi ilə avtobuslarda nağdsız ödəmə həyata keçirilir. İki hissədən ibarət olan aparatın biri sürücü, digəri isə əks istiqamətə baxır. Sürücü istiqamətində quraşdırılan validator onun diqqətini yayındırmayaraq ödənişi izləməsi üçündür.
Onu da bildirək ki, Bakı üzrə gündəlik sərnişin dövriyyəsi təxminən 1 milyon 400 nəfərə çatmaqdadır. Kart sistemi tətbiq olunan avtobuslarda gediş haqqını bir müddət nağd ödəmək də mümkün olacaq.
Hətta şəhərdaxili fəaliyyət göstərən bir çox avtobuslarda kart aparatları quraşdırılıb.
İqtisadçı Vüqar Bayramovun fikrincə nəqliyyat sektorunda vahid ödəniş sistemi Avropa, eləcə də əksər inkişaf etmiş ölkələrdə tətbiq edilir. Onun sözlərinə görə, Azərbaycanda bu sistemə keçid ictimai nəqliyyatda ödənişlərin beynəlxalq standartlara uyğunlaşdırılmasına gətirib çıxaracaq: "Bu baxımdan, sistemin tətbiqi müsbət haldır. Bu həm də sürücü ilə sərnişin arasında birbaşa əlaqəni aradan qaldıracaq. Praktiki nəqliyyat sektorunda ödəniş sisteminin liberallaşması bu sahəyə nəzarəti də mümkün edəcək. Çünki vahid ödəniş sistemi nəqliyyat sektorunun ödənişlərlə bağlı dövriyyəsini müəyyənləşdirməyə imkan verəcək. O cümlədən vergiyə cəlb olunma baxımından əhəmiyyətli olacaq".
İqtisadçı ekspert qeyd edib ki, vahid ödəniş sisteminə keçid ictimai nəqliyyatda gediş haqlarının bərabərləşdirilməsi ilə nəticələnəcək: "Vahid ödəniş sisteminin tətbiqi metroda gediş haqlarının 15 qəpikdən 20 qəpiyə qaldırılmasını qaçılmaz edir. Bu o deməkdir ki, vahid ödəniş sistemi Avropa standartlarının tətbiqi baxımından uğurlu hesab edilsə də, sistem metroda gediş haqlarının artırılmasına zəmin yaradır. Başqa tərəfdən vahid ödəniş sisteminə keçidlə əlaqədar çəkiləcək xərcləri nəzərə alsaq, qiymət artımı ilə bağlı ehtimallar rellıq olacaq".
Nəqliyyatçıların Hüquqi Problemlərinə Yardım İctimai Birliyinin rəhbəri Məzahir Rüstəmov isə bildirib ki, kart sistemi gələcəkdə bütün Bakı şəhərini, onun ətrafını və rayonları əhatə edəcəksə, bu müsbət haldır. Onun sözlərinə görə, burada bir çox incəliklər oraya çıxacaq, şəffaflıq yaranacaq və hər bir vətəndaş kart sisteminin müsbət tərəflərini görəcək: "Sərnişinlər kart sisteminin üstünlüklərdən yararlana biləcəklər. Belə ki, kart sistemi işə düşdükdən sonra sərnişinlər şəffaflığı, sürücü etikasını, mədəniyyətini, sərnişin-sürücü münasibətlərinin yüksəlməsini müşahidə edəcəklər. Gələcəkdə isə sürücünün əmək hüquqlarının qorunması, onların əmək haqqı problemi aradan qaldırılacaq. Bu sistemdən sonra sürücü əvvəlcədən ona təyin olunmuş əmək haqqısını müəyyən edəcək. Təbii ki, kart sistemi tətbiq edildikdən sonra sürücü-sərnişin münasibətlərindəki gərginlik aradan qalxacaq. Sərnişinlərin təhlükəli vəziyyətlərlə qarşılaşması problemi aradan qaldırılacaq. Çünki bu gün sürücülər verməli olduqları gündəlik planı ödəmək üçün müxtəlif yollara əla atırlar. Kart sisteminə keçid zamanı bu hal aradan qalxacaq və sürücü onun gəlməli olduğu vaxta işləyəcək".
M.Rüstəmov bildirib ki, avtobuslarda kart sistemi tək Azərbaycanda deyil, inkişaf etmiş bir çox dünya dövlətlərində mövcuddur. Nəqliyyat üzrə ekspert qeyd edib ki, bunun müsbət cəhətləri Avropa ölkələrində özünü göstərib: "Kart sistemi nəyinki təkcə sərnişinlər, sürücülər, bütövlükdə büdcə üçün xeyir olacaq. Sürücülərin maaş hesabına işləməsi bu sistemin müsbət tərəflərindəndir. Onların maaş almasına gəlincə isə, avtobusun sahibi olan sahibkarlar sürücülərin maaşını verəcək. Təbii ki, bunu müqavilə üzrə olaraq onlar ödəməlidirlər. Hazırki sistemlə müqayisədə, kart sistemi tətbiq olunduqdan sonra sahibkarların elə də problemləri olmayacaq. Sürücülərin təhlükəsizlik və digər qaydalara necə riayət etməsini isə kart sistemi quraşdırıldıqdan bir-iki ay sonra müşahidə etmək mümkün olacaq. Avtobus sürücüləri və şirkətlər indiki halda daha çox qazanc üçün bir-biri ilə mübarizə aparırlar. Amma kart sistemi tətbiq olunduqdan sonra sahibkarların müəyyən xərcləri aradan qalxacaq. Sürücü özü də maraqlı olmayacaq ki, avtobusda sıxlıq yaratsın. Çünki o artıq plana yox, əməkhaqqına işləyəcək".