Belə davam edərsə... Hadisə

Belə davam edərsə...

Arzu Şirinova

Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva Bakının Həsimi rayonu ərazisində nadir ağacların kəsilməsinə kəskin reaksiya verib. Heydər Əliyev fondundan verilən məlumata görə, avqustun 17-də kütləvi informasiya vasitələrində Həsimi rayonu, 20 Yanvar küçəsi, 22 nömrəli evin qarşısında 16 növdə nadir ağacların budama adı altında kəsilməsi barədə informasiya gedib. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişi ilə Fondun əməkdaşları Həsimi rayonu 20 Yanvar küçəsində ağacların kəsildiyi ərazidə olublar. Artıq qeyd olunan ünvanda ağacların kəsilməsi prosesi dayandırılıb. Dövlət nümayəndələri də ərazidə olublar. Hadisə ilə bağlı ciddi araşdırmaya başlanılıb.
Etiraf edim ki, bu informasiyanı oxuyanda ilk düşündüyüm sumqayıtlılar oldu və ürəyimdən bu sözlər keçdi-sağ əliniz sumqayıtlıların başına.
Yaxşı yadımdadır, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Sumqayıtdan millət vəkili seçilən illərdə ilk qaldırdığı məsələlərdən biri də gənclik şəhərində ağacların kəsilərək yerində ticarət obyektlərin tikilməsi və buna etiraz idi. Həmin vaxt etiraza məhəl qoyuldu və bir müddət ticarət obyektinin tikintisinə ara verildi. Ancaq sonra heç nə olmamış və deyilməmiş kimi ağaclar da kəsildi və ticarət obyekti də tikildi. Sumqayıtdan seçilən indiki deputatlar isə nəinki şəhərdə yaşıllıqların məhv olmasına və ağacların qırılmasına reaksiya verirlər, heç seçicilərinin ən adi problemlərinin həllinə belə göz yumurlar. Yaxşısı budur faktlarla danışım.
14 mərtəbə kimi tanınan binadan üzü kolxoz bazarına gedən yolda ağacların qırılması adi hala çevrilib. İllərdir bu ərazidə tədricən ağaclar qırılır və yerində müxtəlif adlar altında banklar, ticarət və iaşə obyektləri tikilir. Bir kəsin də həddi yoxdur ki, kəsilən ağacların sorğu-sualını aparsın.
Bir müddətdir ki, illərdir mikrorayonlara və məhəllələrə çəkilmiş sular kəsilir. Adını da belə qoyurlar ki, suya qənaət olduğu üçün şəhər rəhbərliyi bu addmı atmağa qərar verib. Halbuki, həmin sular vasitəsilə mikrorayonlarda və məhəllələrdə yaşayan insanlar özləri saldıqları ağacları, yaşıllıqları sulayır, xanımlar yay aylarında vacib olan təmizlik işlərini məhz bu bulaqlar vasitəsilə yoluna qoyurdular.
Yaşadığım binanın lap yaxınlığında Olimpiya Kompleksi inşa olunub. Artıq bir neçə ildir ki, Olimpiya Kompleksi istifadəyə verilib. Bu kompleks inşa olunan zaman binaların-hansı ki, bu kompleksdən görünür-ətrafı yaşıllaşdırıldı, yeni ağaclar salındı, uşaqların əylənməsi üçün kiçik də olsa meydança salındı. Həmin vaxt bizim binanın da qarşısında insanların dincəlməsi, oturması üçün yaşıl örtük salındı və otruracaqlar yerləşdirildi. Etiraf edim ki, binada yaşayan yaşlılar üçün bu yer sanki onlara olunan bir "hədiyyə" idi. Ancaq bu "hədiyyə" bir neçə aydır ki, yerlə yeksan olunub. Əvvəlcə oturacaqlar yığışdırıldı, sonra da yaşıl örtük götürüldü. Hiyəsini soruşanda deyiblər ki, yaxınlıqda özəl uşaq bağçası inşa olunacaq, ona görə də məsləhət olunub yığışdırılsın.
Bir sözlə, belə davam edərsə ekoloji cəhətdən onsuz da yaxşı durumda olmayan Sumqayıtda yaşıllıqdan əsar-əlamət qalmayacaq...