Azərbaycan tarixinin taleyüklü hadisələrlə zəngin otuz ildən artıq dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır Hadisə

Azərbaycan tarixinin taleyüklü hadisələrlə zəngin otuz ildən artıq dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır

Ali Məhkəmədə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib.
Ali Məhkəmənin mətbuat xidmətindən bildiriblər ki, tədbirdə çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev tarixdə yenilməz şəxsiyyət, nadir istedada malik dövlət xadimi və dahi siyasətçi kimi öz sözünü demiş ulu öndər Heydər Əliyevin mənalı həyatından və çoxşaxəli siyasi fəaliyyətindən danışıb. O, Azərbaycan tarixinin taleyüklü hadisələrlə zəngin otuz ildən artıq bir dövrünün bu böyük şəxsiyyətin adı ilə bağlı olduğunu diqqətə çatdırıb.
R.Rzayev bildirib ki, Heydər Əliyev Azərbaycan tarixində fenomen şəxsiyyət kimi Sovet İttifaqının siyasi rəhbərliyində təmsil olunub, dünyanın tanınmış dövlət və siyasi xadimləri sırasında ən görkəmli və böyük təsirə malik lider olduğunu əməli fəaliyyəti ilə göstərib. Ulu öndər Heydər Əliyev xalqımızın tarixinə müasir müstəqil Azərbaycanın memarı və qurucusu, dövlətçiliyimizin xilaskarı kimi daxil olub. Müasir dövrdə azərbaycançılıq ideyasının yaradıcısı olan Ümummilli Lider Vətənin müstəqilliyi, inkişafı, xalqın milli-mənəvi tərəqqisi üçün misilsiz xidmətlər göstərib. Bu gün Azərbaycanın neft strategiyasında qazandığı uğurların əsasını məhz ulu öndər Heydər Əliyev qoyub. Ölkəmizdə iqtisadiyyatın, elmin, mədəniyyətin, incəsənətin, ədəbiyyatın, idmanın inkişafının təməli onun adı ilə bağlıdır. Ümumiyyətlə, ulu öndər Heydər Əliyevin həyatı və fəaliyyəti əsl azərbaycançılıq məktəbidir. Hər yeni gələn nəsil bu böyük məktəbdən Vətənin, xalqın inkişafı naminə bəhrələnir və daim faydalanacaq.
Ali Məhkəmənin sədri ulu öndər Heydər Əliyevin müxtəlif sahələrdə, o cümlədən məhkəmə-hüquq sistemində başladığı islahatların - yenilənmənin onun siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirildiyini vurğulayıb.
Tədbirdə çıxış edənlər ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, dahi şəxsiyyətin misilsiz xidmətlərini qeyd edib, onun zəngin və hər kəsə örnək olan irsinin daim yaşayacağını bildiriblər.