“Müəllimlərin karyera inkişafı üçün real addımlar atmışıq” Hadisə

“Müəllimlərin karyera inkişafı üçün real addımlar atmışıq”

Mikayıl Cabbarov: "Yaxın vaxtlarda bunu elan edəcəyik"

"Azərbaycanda müəllim peşəsinin nüfuzunun artırılması istiqamətində görüləcək işlər açıqlanıb". APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov bildirib ki, Təhsil Nazirliyi gənclərdə bu peşəyə maraq yaratmağa çalışır.
Onun sözlərinə görə, bu istiqamətdə dövlət başçısının şəxsi nəzarəti altında pedaqoji universitetin kampusunun layihəsi hazırlanır. Nazir vurğulayıb ki, orada gələcək müəllimlərin dünyagörüşünün formalaşdırılması və keyfiyyətli təhsil almaları üçün mühit yaradılacaq: "Paralel olaraq, bu ildən müəllimlik ixtisasları üzrə qəbul imtahanlarında yüksək nəticə göstərən tələbələrin həvəsləndirmə proqramına başlamışıq. Qarşıdan gələn dərs ilindən qəbul imtahanlarında yüksək nəticə göstərən 300 tələbəyə, əlavə olaraq, 100 manat xüsusi təqaüd veriləcək. Biz hesab edirik ki, bu tədbir gənc müəllimlər üçün əlavə stimul rolunu oynayacaq. Müəllimlərin karyera inkişafı üçün də real addımlar atmışıq. Yaxın vaxtlarda bunu elan edəcəyik".
M.Cabbarov təhsil sistemində ənənəvi metodika və prinsiplərdən yeni sistemə keçid prosesi barədə də məlumat verib. Nazirin sözlərinə görə, yeni sistemə - kurikuluma keçid istədikləri səviyyədə olmayıb. Səbəblərin çox olduğunu deyən təhsil naziri qeyd edib ki, bunlara müəllimlər lazımi səviyyədə hazırlanması, yeni müəllimlərin hazırlığında və dərsliklərin məzmununda müvafiq dəyişikliklər edilməsi və digər amillər daxildir: "Bəs, buna görə prinsiplər günahkar sayılmalıdırmı? Əsla belə deyil. Prinsiplərdə heç bir problem yoxdur. Müasir təhsil sistemi artıq "informasiyanı öyrəndin, soruşdular, qiymətləndirdilər" üsulundan çoxdan uzaqlaşmışdır. İnformasiya əldə etmək üçün "Google", "Wikipedia" var. Bu o deməkdir ki, uşaqlarda "yadda saxlamaq" bacarığı inkişaf etdirilməsin? Sözsüz, bu belə deyil. Proqramın dəyişilməsi üçün tədbirlər görülür və biz artıq bu istiqamətdə çalışırıq. Qarşıdan gələn dərs ilində biz artıq müəyyən məsələlərlə bağlı fikrimizi bildirəcəyik. Növbəti ildən isə yeniliklərin tətbiqinə başlayacağıq".
Hazir bildirib ki, dərsliklərin hazırlanması ilə bağlı dəyişikliklər edilməsi üçün hökumətə müraciət edib.
O deyib ki, gənc ölkə üçün yeni dərslik hazırlamaq heç də hər zaman asan məsələ deyil: "Bu illər ərzində müsbət təcrübə toplanıb, hansısa mərkəzlər yaradılıb, müəlliflər yetişib. Bir dərsliyi dördüncü dəfə yazan müəllif həmin dərsliyi birinci dəfədən fərqli olaraq daha yaxşı yazır. Biz bütün bunları dağıtmaq istəmirik. Əldə olanların ən yaxşılarını saxlamaq və gücləndirmək lazımdır. Biz "ehtiyat dərsliyin" hazırlanması üçün xüsusi mərkəz yaradırıq. "Ehtiyat dərslik" nə deməkdir? Bu dərslik dövlətin sifarişi ilə mütəxəssislər qrupu tərəfindən və əgər tenderdə müvafiq fənn üzrə heç bir dərslik kriteriyalara cavab verməsə, tətbiq olunacaq. Bu mexanizmdən bir sıra ölkələrdə istifadə olunur. Eyni zamanda, istənilən halda, minimal standart da tərəfimizdən təmin olunacaq".
M. Cabbarov müəlliflərlə bağlı yaranan problemlər haqda danışarkən bildirib ki, müəlliflər üçün həvəsləndirmə sistemi yaradılmadığından onlar üçün kitab yazmaq maraqlı deyildi: "Ağır işin müqabilində, demək olar ki, qəpik-quruş alırdılar. Mən hələ reputasiya məsələsini demirəm, az miqdarda pulun müqabilində tənqid olunma riski. Ona görə də biz bu sistemi dəyişdik. İndi müəllif dərsliyin istifadə olunduğu dövr ərzində rəğbətləndiriləcək, dərslik hər dəfə çap olunduqda qonorar alacaq. Biz indi müstəqil olaraq, məzmuna görə seçim aparır, daha sonra kimin və necə çap edəcəyini seçirik. Mənə bir müəlliflər qrupu göstərin ki, 15 aya, lap qoy olsun 3 ilə, 11 sinif üçün 15-20 fənn üzrə bütün dərslikləri yeniləyə bilsin".
Təhsil naziri qeyd edib ki, hazırda ölkədə Azərbaycan və rus bölməsini nəzərə almaqla, ümumilikdə 200 dərsliyə ehtiyac var. Yeni dərsliklərdə də problem ola biləcəyini deyən M.Cabbarovun sözlərinə görə, mümkün səhvləri dərsliyin sınaq dövründə aşkar eləmək şansı, dərs ilinin başlamasına iki həftə qalmış aşkar eləmək şansından daha çoxdur: "Bu günə qədər bu belə idi. Bir sözlə, iş çətin də olsa, davam edir. Bütün çətinliklərə baxmayaraq, yaxın zamanlarda müsbət nəticəni görəcəyimizə inanıram. Biz insanlara deyə bilmərik ki, gələn aydan ölkədə bütün dərsliklər yenidən hazırlanacaq. Müxtəlif yanaşmalar var. Bir yanaşma dərsliklərin Oksford və Kembricdə hazırlanmış dərsliklərə uyğunlaşdırılmasıdır. Bu istiqamətin müsbət, eyni zamanda mənfi tərəfləri var. Müsbət tərəfi odur ki, bu kitablar ən yaxşı müəlliflər tərəfindən sınanılmış metodika əsasında hazırlanıb. Amma bizdə milli dəyərlərimizə söykənən və şəxsiyyətin formalaşmasına təsir edən fənlərimiz var ki, bu da məsələnin mənfi tərəfini səciyyələndirir. Biz azərbaycanlı uşaqlara Oksford dərslikləri əsasında tarixi, ədəbiyyatı və hətta coğrafiyanı tədris edə bilmərik".