“Bu vahim gedişi durdurmaq üçün...” Hadisə

“Bu vahim gedişi durdurmaq üçün...”

Qənirə Paşayeva maaşını İraq türkmanlarına bağışladı

Millət vəkili Qənirə Paşayeva bir aylıq əmək haqqını İraq türkmanlarına bağışlayıb. Deputat imkanı olan hər kəsi İraqda yaşayan soydaşlarımıza yardıma çağırıb.
"Mən bir aylıq maaşımı İraq türkmanlarına - yəni bu ölkədə yaşayan soydaşlarımıza yardım fonduna bağışladım və imkanı, gücü çatan hər kəsi onlara yardıma çağırıram...Bilirəm ki, hər səkkiz nəfərindən biri qaçqınlıq, köçkünlük taleyi yaşamış, məhrumiyyətlər görmüş Azərbaycan Respublikası vətəndaşları bu çağırışı dəstəkləyəcək. Söhbət canı canımızdan, qanı-qanımızdan olan İraq türkman qardaş-bacılarımızdan gedir. Son 100 ildə başı böyük müsibətlər çəkmiş qardaş-bacılarımızın bugünkü durumu son zamanlar İŞİD terror təşkilatının İraqda törətdiyi insanlıq dramı və vandalizm aktları üzündən çox ağırlaşıb.
Təssüf ki, biz çağdaş sviliziasiya zamanında müsəlman dünyasında İŞİD cahilliyinin şahidi oluruq...İŞİD-in türkman bölgələrinə hücumları sonucunda 200 mindən çox soydaşımız öz evlərini, yurdlarını tərk edərək qaçmaq, məcburi köçkün həyatı yaşamaq məcburiyyətində qalıb..!
Onlar bütün Türk Dünyasına, dünyaya səslənirlər... Bizi eşidin deyirlər, bizi unutmayın deyirlər... Kömək edin deyirlər: Kömək gözləyirlər - hər keçən ay, həftə deyil, gün, saat belə onların əleyhinə işləyir..! Bu vahim gedişi durdurmaq üçün üzərimizə düşən mənəvi sorumluluğu dəyərləndirməliyik!"
Millət vəkili Azərbaycan Qızıl Aypara Cəmiyyətinin də əlindən gələn dəstəyi əsirgəməyəcəyinə inandığını deyib.