Psixi xəstələrin sayı 124134 nəfərə çatıb Hadisə

Psixi xəstələrin sayı 124134 nəfərə çatıb

Əsas artan nevroz, depressiya, yuxu pozuntuları, münaqişə zəminində yaranan stresslərdir

Dövlət Statistika Komitəsinin məlumatına görə, qeydiyyata alınmış psixi xəstələrin sayı 2013-cü ildə 124134 nəfərə çatıb. Belə ki, 2000-ci ildə müalicə-profilaktika müəssisələrində qeydiyyatda olanların sayı 97 279 nəfər olub. Yeri gəlmişkən, 2013-cü ildə Azərbaycanda ilk dəfə psixi xəstə diaqnozu qoyulmuş xəstələrin sayı 2012-ci illə müqayisədə cəmi 44 nəfər azalıb (4904).
Mütəxəssislər bildirir ki, ruhi xəstəlik genetik xəstəlik kimi tanınsa da, bu xəstəliyin əsas mənbəyi stress faktorlarıdır. Cəmiyyətin intensivliyi, həyatın surəti artıb. Hər adam bu sürətlə ayaqlaşa bilmir. Ən böyük problem Yer Kürəsində əhalinin çoxalmasıdır. Real həyatda qarşılaşdığımız ciddi problemlərin çoxu insanın daxilində yatan psixi xəstəlik daşıyıcılarını oyadır.
Heç kim zəmanət verə bilməz ki, onda psixi xəstəlik olmayacaq. Avropada psixikasında pozuntu olan şəxsi saxlama müddəti 12 gündür. Əgər xəstə vəziyyətdən çıxıbsa, onu saxlamağa heç kimin ixtiyarı yoxdur. İnsanların azadlıq hüquqları var. 2001-ci ildə "Psixiatriya yardımı haqqında" qəbul olunmuş qanuna görə, stasionardan çıxarma qaydalarında göstərilir ki, xəstənin özünün, yaxud yaxın qohumlarının ərizəsi və həkimin rəyinə əsasən müalicə dövrü tamam olduqda, o xəstəxanadan çıxarıla bilər. Hər bir ruhi xəstə övladı olan valideyn isə həkimlərin dediklərinə ciddi əməl etməlidir. Onu evdə saxlamaqla, həm özünü, həm də övladını təhlükəyə atmış olur.
Azərbaycanın baş psixiatrı, professor Gəray Gəraybəyli deyir ki, informasiyanın çoxalması, bunun qarşılığında aciz qalan insanlarda stress çoxluğu, bunlardan doğan sosial kataklizmlər, təbii fəlakətlər, iqtisadi böhranlar və sair - bütün bunlar hamısı insanın psixikası üçün ağır zərbədir. Kimsə buna dözür, kimsə də dözmür. Psixiatrlar bildirir ki, Azərbaycanda və digər ölkələrdə son illər ağır psixi xəstəliklərin sayı artmır. Əsas artan nevroz, depressiya, yuxu pozuntuları, şəxslərarası münaqişə zəminində yaranan stresslərdir. Hətta mütəxəssislərin bildirdiyinə görə, 2020-ci il üçün depressiya insanların əlillik səbəblərindən birincisi olacaq. Yəni əlilliyə gətirib çıxaracaq xəstəliklərin birincisi depressiya olacaq. Mütəxəssislər qeyd etdiyi kimi depressiyanın maddi və sosial problemlərdən yaranmasını demək düzgün yanaşma deyil. Çünki İsveçrə, Böyük Britaniya, İsveç kimi yaşayışın yaxşı olduğu ölkələrdə də depressiya yüksəkdir.
Gəray Gəraybəylinin dediyinə görə, gözlənilməz informasiyalar, iqtisadi dəyişikliklər, sosial gərginlik insan psixikasında öz sözünü deyir: "Bilirsiniz, biz indiyə qədər indi nəsə götürdüyümüz ölkələrdən tamam fərqli quruluşda yaşamışıq. Məsələn, sovet vaxtı belə bir qayda vardı ki, iş vaxtı ancaq saat 6-ya kimi idi, ondan sonra qonaq getmək, istirahət və sair başlayırdı. Amma indi belə deyil. İndi əksər yerlər var ki, iş vaxtı qrafikdə 6-ya kimi olsa da, işçilər axşam saat 8-ə, bəzən 10-a kimi işləyir. Bu, bizə yeni yaşamağa başladığımız kapitalist dünyasının verdiyi qaydadır. Təbii ki, bu da insan səhhətində ikiqat yorğunluq, gərginlikdir. Əlavə olaraq nəzərə alsaq ki, bu səbəbdən də uzun müddət qohumlarla, yaxınlarla əlaqə saxlaya bilmirsən və sair, bunun özü də əlavə olaraq sosial gərginlik yaradır".
Həkimlər bildirir ki, psixi fəaliyyətində problemlər olan insanlar psixi xəstə sayılır. Yəni insanın yuxusu, əhvalı pozulubsa, tez əsəbiləşirsə, artıq problem yaranıb və psixiatra ehtiyacı var. Bu isə müxtəlif səbəblərdən ola bilər. Ailədə və ya insanın şəxsi həyatında baş verən hər hansı xoşagəlməz olaydan, depressiyadan, hətta doğuşdan sonra və s. Psixiatrlar səhhətində, psixikasında problemi olan insanları cəmiyyətdən təcrid etməyin düzgün olmadığını bildirirlər. Onların ailə daxilində yaşaya-yaşaya müalicə almasının çox müsbət effekti olduğunu bildirirlər. Professor Gəray Gəraybəyli TELEQRAF agentliyinə müsahibəsində bildirir ki, psixi xəstələrin qapalı saxlanması Sovet dövründə formalaşmış və təsdiqini tapmamış fikirdir: "Əslində psixikası pozulmuş adamın qatilə çevrilməsində günahkar onun yaxınlarıdır. Çünki psixikası pozulan adama qulluq lazımdır. Bu adamları ayda bir dəfə həkimə aparmaq, təyin olunan müalicəni vaxtlı-vaxtında yerinə yetirmək tələb olunur. Mən həm də praktik həkiməm. Dəfələrlə olub, xəstənin sahibi deyir, gördüm vəziyyəti yaxşıdır, fikirləşdim ki, dərmanı niyə verim? Bax, bütün bunlar sonda xoşagəlməz hadisəyə səbəb olur. Əksər hallarda bu adamlar diqqətsizlik, sevgisizlik və təcrid olunmadan əziyyət çəkirlər, yaxınları vaxtında bu adamları həkimə belə aparmırlar. Beləliklə, psixi xəstəlikdən əziyyət çəkən bu adamlar həkim nəzarətindən tam kənarda qalır. Buna da səbəb cəmiyyətdə həmin adamlar haqqında formalaşmış fikirdir - guya onlar qapalı şəraitdə saxlanmalıdır. Avropada isə psixi xəstələrin çox az hissəsi qapalı saxlanır. Orada psixi xəstələr küçədə gəzir. Bu yaxınlarda bir xanım qızını mənim yanıma gətirib. Qızda ciddi problem yox idi, sadəcə, depressiyada idi. Xanımdan qızını niyə belə gec gətirdiyinin səbəbini soruşanda bəlli oldu ki, o, ikinci-üçüncü cəhddən sonra buna nail olub. Qızı xəstəxanaya gətirəndə maşından atdanıb qaçıb. Sən demə, xəstəxananı tapa bilməyən ana yoldakı polisdən ünvanı soruşub. Polis isə cavabında "Dəlixananı soruşursuz, bu yaxındadır" deyib. "Dəlixana" sözünü eşidən qız maşından düşüb qaçıb ki, siz məni hara aparırsız?
Psixi xəstələr daha həssas olurlar. Bir fransız psixiatrının gözəl sözü var: "Psixi xəstəlik elə bir tərbiyəsiz qadındır ki, istədiyi qapını döyə bilər". Yəni heç kəs adından, rütbəsindən, fiziki və ya maddi imkanından, vəzifəsindən, dini mənsubiyyətindən asılı olmayaraq deyə bilməz ki, mən və yanımdakılardan kimsə heç vaxt psixi xəstə olmayacaq. Heç kəs bu bəladan sığortalanmayıb.
Qeyd edək ki, Səhiyyə Nazirliyində Psixi Sağlamlıq üzrə Milli Strategiya 2001-ci ildə hazırlanıb. Strategiya çərçivəsində ölkədə ilk dəfə Psixiatriya Mərkəzi yaranıb. Bu mərkəzdə stasionar yoxdur, xəstələr gecə-gündüz qalmır, amma orada reabilitasiya şöbəsi var. Xəstələr orada çox rahat yaşayır, xörək bişirməkdən tutmuş, yaradıcılıq işləri ilə məşğul olurlar. Mərkəzdə kəskin psixoloji yardım telefonu da fəaliyyət göstərir. Psixiatriya yardımını əhaliyə daha yaxın etmək və bu stiqma məsələlərini bir qədər azaltmaq üçün Bakı şəhərinin rayon poliklinikalarında psixiatrlar fəaliyyət göstərir. Özünü narahat edən hər kəs psixiatra müraciət etmək üçün mütləq psixiatriya dispanserinə yox, öz ərazisində olan poliklinikaya müraciət edə bilər.
Psixiatrlar deyir ki, hazırda insanlar öz fiziki sağlamlıqlarına daha çox fikir verirlər, hansısa qidaları yemir, qaçışla məşğul olur, pəhriz saxlayırlar. Amma psixi sağlamlıqlarını düşünmürlər. Psixi sağlamlığı qorumaq üçün gündə 4-5 saat yatmaq normal deyil. İnsan həftə ərzində 7 gün işləyirsə onun fəsadı olacaq. Gecə-gündüz kompüter qarşısında oturmaq psixi sağlamlığa ziyan vurur. İş vacib olsa da insan gündə 7 saat yatmalıdır.
Bəzilərinin səhər saat 5-ə qədər internetdə oturub günorta 4-ə qədər yatması onları gec-tez psixiatr yanına gəlməyə məcbur edəcək. Mütəxəssislərin dediyinə görə, saatlarla çatda yazışanlar, internetə qapanıb qalanlar özləri də bilmədən cəmiyyətdən təcrid olunurlar. Hər gün təmiz havada, piyada gəzmək, qohumlarla, dostlarla canlı ünsiyyətə girmək, həftənin iki günü istirahət etmək gərəkdir. İldə bir ay tamamilə iş fəaliyyətini dayandırıb təbiətin qoynunda istirahət etmək psixi sağlamlıq üçün çox vacibdir. Yaxşı olar ki, bu zaman bütün informasiya vasitələrindən uzaq olasız, telefon televizor, internet və s. Ofisdə 11 ay işləyən adam kənd yerində, dağda, meşədə bir ay dincəlməlidir. Mühitin dəyişməsi çox müsbət təsir edir. İkincisi, insanın bugünkü psixoloji və emosional yorğunluğunun əsas səbəbi giperinformasiyadır. Yəni informasiyanın həddən artıq çoxluğu adamların beynini yorur. Ona görə də dincələndə məlumat mənbələrindən uzaqlaşın.
Professor Gəray Gəraybəyli deyir ki, depressiya artırsa, intihar da çoxalacaq: "İştirak etdiyim bir beynəlxalq tədbirdə deyilirdi ki, intiharların ancaq 25 faizi həkimlərin üzərinə düşür, qalanı başqa səbəblərdəndir. Bütün hallarda uşaqlarda intihar həmişə olub. Bu intiharlar daha çox kəskin emossiyalarla bağlıdır. Onlardan bu yaşda dərin təfəkkür, dərin məntiq gözləmək mümkün deyil. Uşaqlar daha çox nəyəsə etiraz edəndə belə bir emossional addım ata bilərlər. Bu, dünyəvi tendensiyadır. Bütün dünyada intiharların sayı artıb. Şükür Allaha, Azərbaycan intiharların sayına görə sonuncu yerlərdən birini tutur. Əslində bizdə təkcə intihar deyil, intihar xəbərləri də artıb".
Baş psixiatr ölkə ərazisində psixatriyanın problemlərini də vurğulayır: "Bu gün Azərbaycanda psixiatrların sayı yetərli deyil, çatmır. Cəmi ölkə üzrə 300-350 nəfər psixiatrımız var. Səbəb də budur ki, indi psixiatriyaya nadir insanlar meyl edir. Tələbələr cərrahiyyəyə, kardiologiyaya, ginekologiyaya və sair bu kimi sahələrə üstünlük verirlər. Çünki psixiatriya ağır sahədir. Bilirsiniz, bu gün Azərbaycanda kardioloq, terapevt, ginekoloq, cərrah, stomatoloq, ümumiyyətlə, psixiatriyadan başqa tibbin digər bütün sahələrinin mütəxəssisləri məclislərdə, ictimai yerlərdə təşəkkür, daim minnətdarlıq, alqış və sair görür. Amma psixiatr bundan məhrumdur. Çünki onun müalicə edib həyata qaytardığı adam belə istəmir cəmiyyətdə nə vaxtsa psixi xəstə olmasını və hansısa psixiatrın ona kömək göstərməsini etiraf etsin. Bundan başqa, psixiatr, digər həmkarlarından fərqli olaraq, daim xəstələri tərəfindən aqressiya ilə, təhqirlə və sair ağır hallarla qarşılaşır. Çünki bizim xəstələrin mahiyyəti belədir. Vaxtilə sovet dövründə belə bir gözə çarpan fərq vardı: psixiatrın maaşı digər həkimlərin maaşından üstün olması ilə fərqlənirdi. İndi də var, amma o vaxtkı kimi cəlbedici deyil. Bu gün Azərbaycanın elə rayonları var ki, ehtiyac olduğu təqdirdə orada psixiatrlar yoxdur".

Ülviyyə Tahirqızı