7 Fevral 2020 16:44
4 025
Bu il elektron dövlətin formalaşması, informasiya cəmiyyətinin, internetşünaslığın, informasiya müharibəsi texnologiyalarının problemləri istiqamətində araşdırmalar aparılacaq. Bu barədə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutundan məlumat verilib. İnstitutun 17 nömrəli şöbəsinin fəaliyyət planına dair keçirilən iclasda “E-dövlətin formalaşdırılması və effektiv idarə olunması üçün mexanizmlərin işlənilməsi” mövzusu üzrə görüləcək işlərdən danışılıb. Məruzəçi Rasim Mahmudov IV sənaye inqilabının sosial-iqtisadi trendlərinin, informasiya-kommunikasiya texnologiyaları kontekstində folklorun elmi-nəzəri əsaslarının və virtual məkanda dil problemlərinin araşdırılması istiqamətində müəyyən tədqiqatlar aparılacağını vurğulayıb. Həmçinin “E-dövlət platformasında vətəndaşların sosial kredit sisteminin mexanizmləri, metodları və alqoritmlərinin işlənməsi” mövzusunda aparılacaq tədqiqatları diqqətə çatdırıb. O, elektron dövlət mühitində maşın təlimi alqoritmlərindən istifadə etməklə mobil əlaqələrin aşkarlanması məsələləri, süni intellektə əsaslanan jurnalistika sahəsində tənzimləmə problemləri, rəqəmsal demoqrafiya sahəsində problem və perspektivlər, biliklər iqtisadiyyatının qiymətləndirilməsinin elmi-nəzəri əsasları barədə də məlumat verib.
Qeyd olunub ki, şöbədə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın və “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” strategiyasının həyata keçirilməsinə elmi dəstəyin verilməsi ilə əlaqədar bir sıra işlər həyata keçiriləcək. Habelə “İnformasiya texnologiyaları problemləri” və “İnformasiya cəmiyyəti problemləri” jurnallarına təqdim olunan məqalələrə mütəxəssis rəylərinin verilməsi nəzərdə tutulan işlər sırasındadır. AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev hesabatla bağlı təklif və tövsiyələrini səsləndirib. Alim şöbədə aparılan elmi tədqiqat işləri üzrə araşdırmaların daha da intensivləşdirilməsini və dərinləşdirilməsini tövsiyə edib. Sonda hesabatla bağlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.