“Fəsadların aradan qaldırılması üçün dövlət vergi güzəştləri etməlidir” Hadisə

“Fəsadların aradan qaldırılması üçün dövlət vergi güzəştləri etməlidir”

İqtisadçı ekspert: “Hətta, deyərdim ki, vergilərin kəskin şəkildə azaldılması və ya bir müddətlik ləğvi ilə bağlı da düşünməyə dəyər”

“Azərbaycan hökuməti tərəfindən koronavirusun yayılmasının qarşısını almaq üçün atılan bu addımlar təqdirəlayiq haldır. Əgər ortada insan faktoru varsa, heç nəyə məsuliyyətsiz yanaşmaq olmaz. Üstəlik, dünya miqyasında baş verən ölüm hadisələri məsələnin nə dərəcədə ciddi olduğunu göstərir”. Bu fikirləri iqtisadçı ekspert Pərviz Heydərov deyib.
Dünyada görülən tədbirlərin iqtisadiyyata böyük zərbə vurduğunu deyən ekspert söyləyib ki, hətta, bəzi beynəlxalq ekspertlər bunun bütün dünya ölkələri üçün iqtisadi böhranla nəticələnəcəyini bildiriblər: “Qeyd edək ki, indiki vəziyyətdə bir sıra ölkələrdə ciddi şəkildə də olmasa, yüngülvarı böhran müşahidə edilir. Hazırkı vəziyyətdə ən böyük zərbə iqtisadiyyata, xüsusilə də özəl sektora dəyir və bu, təkcə Azərbaycanda yox, bütün dünyada belədir”.
İqtisadçı söyləyib ki, koronavirusa görə, özəl sektorda ən çox ziyan çəkən xidmət sahəsidir: “Burada turizmi xüsusi qeyd etmək lazımdır. Koronavirus məsələsi ortaya çıxan gündən ilk zərbəni turizm aldı. Bir ölkəyə turist axınının minimuma enməsi, yalnız onun üçün deyil, digər ölkələr üçün də mənfi haldır. Konkret olaraq ölkəmizə gəlincə isə ilk olaraq indi hansı dövrdə olduğumuzu nəzərinizə çatdırım. Mart ayı ölkəmiz üçün alış-verişin, ticarət dövriyyəsinin ən yüksək həddə olduğu vaxtdır. Çünki mart həm bayramlar ayıdır, həm də turist axının geniş olduğu bir zamandır. Lakin biz hələ ki, dəyən ziyanı konkret statistik rəqəmlə deyə bilmərik. Bunun üçün ilin ilk rübünə aid rəqəmlər açıqlanmalıdır”.
P. Heydərov söyləyib ki, fəsadların aradan qaldırılması üçün dövlət vergi güzəştləri etməlidir: “Hətta, deyərdim ki, vergilərin kəskin şəkildə azaldılması və ya bir müddətlik ləğvi ilə bağlı da düşünməyə dəyər”.