Erkən nigah problemi Hadisə

Erkən nigah problemi

Yoxsul ailələrdə azyaşlılar ərə verilir, qızları məktəbə qoymurlar

Son bir il ərzində ən şad günündə yaxınlarına peşmançılıq yaradaraq nikahdan imtina edən və hətta evdən qaçan qızların sayı artmaqdadır. Toydan imtina edən xanımlar bunu adətən valideynləri tərəfindən zorla nikaha təşviq edilmə kimi izah edirlər. Mütəxəssislərin fikrincə, bu erkən nikahın yaratdığı fəsadlardır. Belə ki, əvvəl qızlar bunu daha səssiz qarşılayırdılarsa, indi bəziləri susmaq istəmir, hətta belə etiraz formalarına əl atırlar.
Statistik məlumtalarda deyilir ki, 2009-cu ilin təkcə birinci yarısında Azərbaycanda yetkinlik yaşına çatmayan 4000 nəfər qız zorla ərə verilib. Vətəndaş Təşəbbüsləri Mərkəzinin apardığı araşdırmalar zamanı məlum olub ki, təkcə 2009-cu ildə ildə insan alverinin qurbanına çevrilmiş 65 qızın zorakı nikahlara cəlb olunma nəticəsində əxlaqsızlığa düçar olub. Yetkinlik yaşına çatmayan qızların zorla ərə verilməsinə dair faktlar Lənkəran, Astara və Masallı rayonlarında xüsusilə çoxdur. Belə problemlərə Lənkəran şəhərinin özündə demək olar ki, az halda rast gəlmək olar. Amma kəndlərdə vəziyyət acınacaqlıdır. Hətta qızları bəzən valideynləri ümumiyyətlə məktəbə getməyə qoymur. Orta məktəbi qurtarıb ərə getməyən qız "evdə qalmış" hesab olunur və ictimai qınaq hədəfinə çevrilir. Qızları məktəbdən kənarlaşdırarkən onların rəyi nəzərə alınmır. Bu baxımdan, Masallı rayonunda vəziyyətin daha təhlükəli hesab edən ekspertlər bildirirlər ki, bu rayonda qızlar ən yaxşı halda 5-ci və ya 6-cı sinifə qədər dərsə gedə bilir. Adları çəkilən rayonlarda yuxarı sinif şagirdi olan qızlar ən yaxşı halda nişanlı vəziyyətdə dərsə gələ bilirlər. Ən acınacaqlı hal isə ondan ibarətdir ki, yerli təhsil şöbələri buna müqavimət göstərmirlər. Hətta 17-18 yaşında qızları bəzən 45 yaşlı kişiyə verilməsi faktları da var. Xüsusilə də qızların Rusiyada işləyib gələn oğlanlara ərə verilməsi daha geniş yayılıb. Bu da oğlanların maddi gəlirlərinin nisbətən çox olması ilə bağlıdır. Ailə qurduqdan sonra isə qızlar məktəbdən ayrılaraq ya Rusiyaya aparılır, ya da əri uzunmuddlətli Rusiyaya gedir.
Rəsmi statistikaya əsasən təkcə 2009-cu ildə ölkə üzrə rəsmi nikahdan kənar doğulan uşaqların sayı 220 nəfər təşkil edib. Cənub bölgəsində aparılan monitorinqlər zamanı məlum olub ki, evlənənələrin 90 faizinin rəsmi nikahı yoxdur. UNICEF-in Azərbaycanda həddi-buluğa çatmayanlar arasında nikahların sayının artmasından narahatlıq ifadə edən hesabatında bildirilir ki, hər səkkiz nəfərdən biri on səkkiz yaşına çatmamış evlənib və ya ərə gedib. Hesabat müəllifləri deyir ki, belə təmayül çox zaman fiziki və əqli problemlərin yaranmasına gətirib çıxarır. Bəzi hallarda isə depressiya və əsasən gəlin getmiş qızın intiharı ilə nəticələnir. UNICEF son dövrlərdə qızları tez ərə vermək adətinin dirçəlməsinin iki səbəbini görür. Birinci səbəb: yaşı 18-i xeyli keçmiş qız bəzi regionlarda artıq qarımış hesab olunur. Buna görə valideynlər qızlarını erkən ərə vermək istəyir. İkinci səbəb isə güzəranla bağlıdır. Valideynlər hesab edir ki, uşaqları tez evlənsələr, daha yaxşı həyat şəraiti qura biləcəklər. UNICEF bildirir ki, nəticədə erkən nikah və yeniyetmələr arasında hamiləlik hallarında kəskin artım müşahidə olunur.
Təşkilatın sözçüsü Mark Herevord vurğulayıb ki, bununla bağlı təcili addımlar atılmalıdır: "Uşaqlar üçün ilk növbədə məsuliyyət daşıyanlar ata-analarıdır. Onlar anlamalıdır ki, erkən yaşda nikaha girmək övladlarına potensial olaraq müxtəlif cür ziyan vura bilər: Həm fiziki, həm emosional və həm də əqli. Xüsusilə, qızlar üçün tez ərə getmək çox ziyanlı ola bilər".
Hesabatda deyilir ki, yetkinlik yaşına çatmamış ərə verilən qızlar azyaşlı olduqları halda cinsi təzyiqlərə məruz qalır, ailədə döyülür, söyülür. Bu uşaqların həyatları faktiki olaraq əllərindən alınır, çünki onlara heç bir seçim şansı verilmir. UNICEF-in hesabatına görə, "dünyada hər il yetkinlik yaşına çatmamış qızların 1/3 hissəsi ərə verilir. Onların hər 9 nəfərdən biri ərə veriləndə 15 yaşına çatmamış olur. Bu durum dəyişməzsə, hər il təqribən 14,2 milyon qız yetkinlik yaşına çatmamış, zorla ərə verilir.
Yoxsul ailələrdə azyaşlıların ərə verilməsi halları normal rifah səviyyəsində olan ailələrlə müqayisədə 2 dəfə çoxdur. 15 yaşına çatmamış qızın doğuş zamanı ölmə ehtimalı 20 yaşlı qızla müqayisədə 5 dəfə artıqdır. Hamiləlik dünyada 15-19 yaşlı "nikahlı qadın"ların ölümlərinin əsas səbəblərindən biridir. Bundan başqa, Afrika və Asiyada azyaşlıların ərlərindən müxtəlif dəri-zöhrəvi xəstəliklər və QİÇS/HİV virusuna yoluxma riski də çox böyükdür".
Həkim-psixoloq Xəyalə Məmmədova deyir ki, istər oğlan, istərsə də qız bioloji cəhətdən daha tez ana-ata ola bilir. Psixoloji baxımdan isə müəyyən vaxt lazımdır ki, bir insan kimi tam formalaşsın: "Bu baxımdan hesab edirəm ki, erkən nikahla ailə qurmağa hazır olmayan insanı faktiki bunu etməyə məcbur edirik. İkincisi, onlar hələ tam real qərar qəbul edə bilmirlər. Deməli, onların əvəzinə kimsə qərar qəbul edir. Bu kimsə adətən ata-ana olur. Demirəm ki, ata-ana pis qərar qəbul edəcək. Amma razılaşaq ki, bu, insanın öz həyatıdır və onun öz həyatında heç olmasa hansısa düşünülmüş formada iştirak etməyə ehtiyac var. Bu baxımdan mən tam razıyam ki, erkən nikahların sonradan çox sayda fəsadları çıxır. Qız uşağı ərə gedərkən onda heç emosiyalar da oyanmır. Ərə gedəndən 5-6 il sonra, tam formalaşanda onda sevgi hissi də yarana bilər. Bilmək olmaz ki, bu sevgi həyat yoldaşına qarşı olacaq, yoxsa hansısa ayrı adama. Bu da böyük problemlər yarada bilər". Psixoloq erkən ərə gedən qızların ana olan zaman öz uşaqlarına qarşı laqeyd yanaşmasının real problem olduğunu deyir: "Çünki onun özü hələ uşaqdır. Ana ilə uşaq arasında 14-15 yaş fərq olur. Bacı-qardaş arasında da belə fərq ola bilər. Həm də onların emosiyası da tam böyük insanın emosiyası deyil. Onlar üçün orta rəng yoxdur. Həyat ya qara, ya ağ, yaxşı, ya da pisdir. Ona görə də reaksiyaları bəzən çox kəskin olur. O cümlədən öz uşaqlarına qarşı. Özü hələ uşaq olan, gəlinciklərlə oynamaqdan doymayan bir insanın özünün övladı dünyaya gələndə o uşaq ona artıq kimi görünür. Analıq hissini qətiyyən dərk etmirlər. O qızlarda analıq hissi yerli-dibli inkişaf etmir. Analıq hissinin inkişafı üçün qadına müəyyən yaş həddi lazımdır. Həmin yaş həddi yetişmədiyinə görə, ana olmaq onlar üçün psixoloji zərbədir". Bu cür problemlərin ciddi psixi pozğunluqlar yarada biləcəyini vurğulayan X.Məmmədovanın sözlərinə görə, sırf psixoloji cəhətdən, ailə qurmaq üçün 19-25 yaş optimal sayılır.
Mama-ginekoloq Raya Qasımova da fizioloji və psixoloji baxımdan qızların ailə qurması üçün ən yaxşı yaş həddinin 20-30 yaş arası olduğunu deyir. Onun sözlərinə görə, ərə getmək üçün qızların orqanizmi müəyyən qədər formalaşmalıdır. Bu baxımdan hələ 17 yaşı tamam olmayan bir qız ərə gedən zaman orqanizmdə reproduktiv funksiyanı yerinə yetirən, birbaşa beyinlə əlaqədar olan endokrin orqanlar öz funksiyasını tam şəkildə başa çatdırmamış olur. Ona görə də belə qızlarda bir sıra fəsadlar üzə çıxır: "Birinci, elə gözlə görünən patologiyanı deyim. Məsələn, 10 ildən sonra həmyaşıdları ilə müqayisədə belə qızlar xeyli yaşlı görünürlər. Hamiləliyi erkən toksikoz və başqa bir sıra fəsadlarla müşayiət olunur. Erkən yaşda ərə gedən qızların ana olması onlar üçün birbaşa psixoloji zərbədir. Sonrakı mərhələdə də aydındır ki, uşağa normal baxa, yaxşı qulluq edə bilmirlər".
Ekspertlər hesab edirlər ki, erkən nikah demoqrafiyaya böyük zərbədir. Çünki ana olmağa hazır olmayan qadının dünyaya gətirdiyi uşaq çox vaxt tam normal olmur. Bundan başqa, uşaq ölümünün artması faktlarında bu məsələ az rol oynamır. Bununla yanaşı, erkən nikah məsələsində cavanlaşma amili də özünü qabarıq büruzə verir. Belə ki, 2003-cü ildə daha çox 15-16 yaşlı qızların ərə verilməsi faktları mövcud idi. Bu gün isə 13, hətta 12 yaşlı qızların ərə getməsi hallarına rast gəlmək mümkündür.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə də bəzi ucqar rayonlarda qızların təhsil hüququndan məhrum edildiyini deyir: "Azərbaycanın elə bölgələri var ki, orada abituriyentlərin gender göstəriciləri kəskin fərqlənir. Xüsusən cənub rayonlarında bu fərq özünü daha qabarıq göstərir. Cənub rayonlarında ali məktəblərə sənəd verən abituriyentlərin cəmi 10 faizini qızlar təşkil edir. Bu o deməkdir ki, bizim qızlar erkən yaşlarından təhsil hüququndan məhrum edilir. Yardımlı rayonunda ötən il 479 abituriyent sənəd verib, onların yalnız 45-i qız olub. Lerikdə isə 469 abituriyentdən 81-i qızlardı".
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova da ölkənin bəzi regionlarında erkən yaşında ərə verilən qızların sayını artmaqda olduğunu bildirib: "Artıq formalaşmış yanlış stereotiplər nəticəsində hələ də bəzi valideynlər düşünürlər ki, qız övladlarını tez ailə qurmağa məcbur etməklə onlar üçün daha yaxşı həyat təmin etmiş olurlar".
Ginekoloqlar da qızların erkən yaşlarda ərə getməsini düzgün hesab etmirlər. Onların fikrincə, belə nikahların bir sıra fəsadları olur. Məsələn, Qadın Krizis Mərkəzinin məsləhətçi həkimi Təranə Həsənova deyir ki, 14 yaşında qızın ərə getməsi gələcəkdə böyük fəsadlara yol açır: "Cinsi həyat, hamiləlik bu orqanizmlərə hədsiz dərəcədə ağır zərbədir. Yetişməmiş orqanizm hələ hamiləliyə hazır olmadığı üçün onun yetişdirdiyi övlad da mükəmməl olmur. Müxtəlif qüsurları olur. Ya döl yaxşı inkişaf etmir, ya da ana bətnində tələf olur. Ən pisi isə vaxtından əvvəl doğuş baş verir. Nəticədə, uşaq salamat qalmır".
Qeyd edək ki, BMT-nin Uşaq Fondu yaydığı hesabatda Azərbaycanda həddi-buluğa çatmayanlar arasında nikahların sayının artmasından narahatlığını bildirib. Hesabata görə, Azərbaycanda aparılan araşdırmalar burada hər səkkiz nəfərdən birinin on səkkiz yaşına çatmamış evləndiyini və ya ərə getdiyini ortaya qoyub. Bunun qarşısının alınması üçün xüsusilə bölgələrdə iş aparılması, yeniyetmələrin maarifləndirilməsi lazımdır.
BMT-nin Əhali Fondunun erkən nikahlarla bağlı yaydığı hesabata görə, Azərbaycanda 18 yaşına qədər ailə quran qızların 11,3 faizi təhsilsizdir. Onlardan yalnız 26 faizi ibtidai təhsil alıb. Cəmi 11 faiz qızın orta məktəb və ali təhsili var. Hesabata görə, 2000-2011-ci illərdə ölkədəki nikahların 12,2 faizi yetkinlik yaşına çatmayan qızlarla bağlanıb.

Ülviyyə Tahirqızı