“İşımın düşmə bucamı” Hadisə

“İşımın düşmə bucamı”

Şəkidə sənədli filmin təqdimatı keçirilib

Dünən Şəki şəhərindəki "Şəki saray" hotelində Azərbaycanda ilk qadın nəşri olan "İşıq" qəzetinə həsr olunmuş "İşığın düşmə bucağı" sənədli filminin təqdimatı keçirilib.
Təqdimat mərasimində çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, təqdimatı keçirilən film rəhbərlik etdiyi qurumun milli mətbuat tariximizdə önəmli rolu olan mətbu nəşrlər, eləcə də tarixi şəxsiyyətlərlə bağlı çəkdiyi "Milli mətbuatımız, istiqlal yolumuz" silsiləsindən olan ekran əsəridir. İndiyədək Şuranın "O film" studiyası ilə birgə layihəsinin məhsulu olaraq dahi mütəfəkkirlər Məmməd Əmin Rəsulzadənin və Əli bəy Hüseynzadənin həyat və fəaliyyətindən bəhs edən filmlərin ərsəyə gətirildiyini deyən Əflatun Amaşov götürülmüş xəttin davamlı olacağını vurğulayıb.
MŞ sədri təqdimatı keçirilən filmin həsr olunduğu "İşıq" qəzeti ilə bağlı məlumat verərək bildirib ki, mətbu orqan XX əsrin əvvəllərində cəmiyyətdə maarifçilik ideyalarının yayılmasında müstəsna rol oynayıb. Əflatun Amaşov qeyd edib ki, həmin dövrdə Azərbaycanın ziyalıları və mətbuatı müsəlman qadınının azadlığı uğrunda mübarizə aparmaq kimi məsul vəzifəni üzərinə götürmüşdü. Qadınların təhsil, ailə-nigah, sosial problemlərinin ictimai şüura çatdırılması yolunda gərgin əmək sərf edilirdi. Bu o zaman olduqca çətin bir vəzifə idi. "Üzərindən neçə müddət keçməsinə baxmayaraq "İşıq" örnəkdir. Baxmayaraq ki, nəşrin cəmi 68 sayı işıq üzü görmüşdü. Redaktoru Xədicə xanım Əlibəyeva Azərbaycanda ilk qadın redaktor kimi tarixə düşüb", - deyən Əflatun Amaşov həmçinin bu kimi mətbu orqanlar, eləcə də orada çalışan qadın jurnalisitlərin həyat və yaradıcılığı ilə bağlı geniş araşdırmaların aparılmasına zərurət duyulduğunu deyib. Şura sədri həmçinin təqdimatı keçirilən filmdə Xədicə Əlibəyovanın həyat və fəaliyyətinə geniş yer verildiyini vurğulayıb. O, həmçinin filmin təqdimatının Xədicə Əlibəyevanın doğma yurdu olan Şəkidə təşkilinin rəmzi məna daşıdığını diqqətə çatdırıb. Xədicə Əlibəyevanın maarifçilik fəaliyyətinin əhəmiyyətli qismi Şəki ilə bağlı olub.
Mərasimdə çıxış edənlər bildiriblər ki, "İşıq" qəzeti geniş imkanlara malik olmamasına, daimi işçi heyətinin məhdudluğuna baxmayaraq, Azərbaycan qadınının, bütövlükdə müsəlman qadın aləminin qarşısında duran problemlərin və onların həlli yollarının araşdırılmasında əvəzedilməz işlər görüb. Qəzet maarifçi ideyalarla gündəmə gəlmiş, qadınların taleyini düşünməyə, bir növ, zülmətdən işığa səsləməklə ziyalı qadınlarımızı səfərbər edib. Nəşrin redaktoru Xədicə xanım isə Həlimə xanım Axundova, Çayqıraqlı Həyat xanım, Tubu xanım Salatınzadə, Asya Axundova, Nabat Nərimanova kimi qadın müxbirlərin yetişməsində müstəsna pay sahibi olub.
Toplantıda "İşıq" qəzetinin cəmiyyətdə milli vətənpərvərlik ruhunun aşılanmasındakı müstəsna roluna dair maraqlı faktlar açıqlanıb. Bildirilib ki, qəzet anaları öz övladlarını Qafqaz İslam Ordusuna yazdırmağa çağırırdı. Vətən, müstəqillik uğrunda mübarizəni təlqin edirdi.
Mərasim iştirakçıları həmçinin "İşıq" qəzetində qaldırılan ideyaların Azərbaycan qadınının bu günü üçün də mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Qeyd edək ki, "İşığın düşmə bucağı" sənədli filminin ideya müəllifi MŞ idarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavanşir Feyziyev, layihə rəhbəri MŞ sədri Əflatun Amaşov, baş məsləhətçisi və ssenari müəllifi "O film" studiyasının rəhbəri, jurnalist Bəxtiyar Qaracadır.

XC