Bələdiyyələrdə gender bərabərliyi necə qorunur? Hadisə

Bələdiyyələrdə gender bərabərliyi necə qorunur?

Dünya Camalova: "Qadınların yerli idarəetmədə aktiv iştirakçılığına nail olmağın bir yolu da kvotanın tətbiqidir"

Vüqar Tofiqli: "Azərbaycanda bələdiyyə sisteminin formalaşmasında qadınların rolu var"

Bakı rayonlarında icra başçılarının xanım müavinlərinin sayı artıb. Son təyinatlardan biri də bir müddət öncə Suraxanı rayonu İcra Hakimiyyətində gerçəkləşib. Belə ki, bu yaxınlaradək Bülbülə qəsəbəsindəki 327 saylı məktəbin direktoru vəzifəsində çalışan Sevinc Hüseynova Suraxanı rayonu İcra Hakimiyyəti başçısının müavini təyin edilib.
Sevinc Hüseynovaya 1-ci dərəcəli dövlət qulluqçusu statusu da verilib. Suraxanı rayon İcra Hakimiyyətindən Modern.az saytına verilən məlumata görə, Sevinc Hüseynova dekabr ayının sonlarında bu vəzifəyə gətirilib.
Bununla da Bakıda Bakıda icra başçılarının xanım müavinlərinin sayı 9-a yüksəlib.
Binəqədi rayon İcra Hakimiyyətində Aygün Əliyeva, Nəsimi rayon İcra Hakimiyyətində Gülarə Verdiyeva, Xətai rayon İcra Hakimiyyətində Jalə Abdıyeva, Yasamal rayon İcra Hakimiyyətində Sevil Əliyeva, Nizami rayon İcra Hakimiyyətində Gülnaz İsrafilova, Sabunçu Rayon İcra Hakimiyyətində Arzu Məmmədova, Xəzər rayon İcra Hakimiyyətində Lalə Əhmədova, Səbail rayon İcra Hakimiyyətində Xalidə Bayramova icra başçılarının xanım müavinlərdir.
Yeri gəlmişkən, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da uzun illərdir xanım müavinlə işləyir. Merin müavinlərindən biri Fidumə Hüseynovadır.
Onu da qeyd edək ki, Prezident Administrasiyası hələ bir müddət öncə hər bir rayonda icra başçısının müavinlərindən birinin qadın olması ilə bağlı göstəriş verib
Bəs bələdiyyələrdə qadınların rolu niyə artırılmır? Bu sahədə gender bərabərliyi necə qorunur? Bələdiyyə seçkilərində bu prposes necə tənzimlənir? Kvota ilə gender bərabərliyi təmin oluna bilərmi?
Qeyd edək ki, Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansı bir müddət öncə (BİNA) eyni mövzuda tədqiqat aparıb. Olduqca maraqlı nəticələr ortaya çıxaran "Kəndlərdə yoxsulluğun və gender bərabərsizliyinin aradan qaldırılmasında bələdiyyə üzvü və bələdiyyə qulluqçusu olan qadınların rolunun artırılması imkanları" adlı tədqiqatda göstərilir ki, qeyri-rəsmi kvotanın tətbiqi nəticəsində son seçkilər zamanı bələdiyyə üzvləri arasında qadınların xüsusi çəkisi 26,1 faizə yüksəlib. Halbuki əvvəlki bələdiyyə seçkilərində bu göstərici 4,0 faiz təşkil edirdi. BİNA hesab edir ki, yerlərdə, xüsusilə kəndlərdə yoxsulluğun və gender bərabərsizliyinin aradan qaldırılmasinda bələdiyyə üzvü və bələdiyyə qulluqçusu olan qadınlar mühüm rol oynaya bilərlər. Ona görə də qadınların bələdiyyələrdə təmsilçiliyinin statistik rəqəmlərdə ifadəsi hələ yerli əhəmiyyətli qərarların qəbul edilməsində onların real təsirinin olmasını iddia etmək üçün kifayət deyil. Bunun üçün bələdiyyə üzvü seçilmiş qadınların, həmçinin bələdiyyə qulluqçusu kimi fəaliyyət göstərən qadınların təşəbbüskarlığı, qərar qəbuletmədə fəal rol oynaması daha vacib əhəmiyyət kəsb edir.
Tədqiqatın ortaya çıxardığı ümumi nəticə ondan ibarətdir ki, qadınların bələdiyyələrdə təmsilçiliyinin statistik göstəriciləri ilə yerli səviyyədə qərar qəbuletmədə real qadın iştirakçılığı arasında mühüm fərqlər var və bu fərqi doğuran bir sıra iqtisadi, siyasi, sosial və hüquqi amillər mövcuddur. Statistika ilə reallıq arasındakı fərq isə son nəticədə kənd yerlərində yoxsulluğun və gender bərabərsizliyinin aradan qaldırılmasında bələdiyyələrin, xüsusilə bələdiyyə üzvü və qulluqçusu olan qadınların rolunu azaldır.
İndiyə qədər Azərbaycanın da təmsil olunduğu Avropa strukturları tərəfindən gender bərabərliyinin əldə olunmasına yönəldilmiş bir sıra mühüm sənədlər qəbul olunub. Bu sənədlərdən biri Avropa Şurası Nazirlər Komitəsi tərəfindən 2003-cü ildə qəbul olunmuş "Siyasətdə və dövlət əhəmiyyətli qərarların qəbul olunmasında qadın və kişilərin balanslaşdırılmış iştirakı" adlı 3 saylı Tövsiyə və izahat memorandumudur. Tövsiyə siyasətdə və dövlət əhəmiyyətli qərarların qəbul edilmə prosesində qadınlar və kişilərin balanslaşdırılmış iştirakı üçün minimal dəhliz kimi, hər cinsdən 40 faizlik təmsilolunma şərtini müəyyən edir. Yəni siyasi və ya dövlət həyatında qərar qəbul edən orqanın tərkibində hər bir cinsi təmsil edənlərin sayı 40%-dən aşağı olmamalıdır.
İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin üzvü Dünya Camalovanın sözlərinə görə, 1718 bələdiyyənin yalnız 17,5 faizinin sədri qadındır: "Bir çoxları bunu qadınların aktiv olmamaları ilə əlaqələndirirlər. Seçkilərdə əksər hallarda kişi namizəd olur. Yəni qadınların irəliyə çəkilməsi, dövlət idarəçiliyinə cəlb olunması təşviq edilmir.
Yerli idarəetmədə diqqəti cəlb edən əsas problem bələdiyyələrin səlahiyyətlərinin aşağı olmasıdır. Bu isə həmin qurumlarda təmsilçiliyə marağın olmamasına gətirib çıxarır. Son bələdiyyə seçkisində seçilmiş qadınların böyük əksəriyyəti büdcədən maliyyələşən təşkilatlarda (müəllim, tibb işçiləri, mədəniyyət klubunun əməkdaşları və s.) çalışırlar".
Onun fikrincə, qadınların yerli idarəçiliyə aktiv cəlbi ölkədə qadın və uşaq problemlərinin həllində, yoxsulluğun azalmasında ciddi rol oynaya bilər: "Bizim təşkilat Şimal bölgəsinin 10 bələdiyyəsi ilə tərəfdaşlıq edir. Bu bələdiyyələrdə yaşayan qadınlarla aparılan müzakirələr göstərir ki, qadın bələdiyyə üzvü, yaxud sədri olan yerlərdə qadınlar öz problemlərindən daha rahat danışır, müxtəlif və kifayət qədər də real və praktik həll yolları təklif edirlər. Ən adi bir misal deyim ki, bir çox kəndlərdə qadınlar azyaşlı uşaqlarını saxlayacaq biri olmadığına görə illərlə işləyə bilmirlər. Çünki həmin kəndlərdə uşaq bağçası ya yoxdur, ya da yerlərin sayı çox məhduddur, şəraitsizlik hökm sürür. Bağça probleminin həlli bir kənddə onlarla qadının işləməsinə, beləliklə də onların ailələrinin gəlirinin artmasına gətirib çıxara bilər. Bələdiyyələrin maliyyə imkanları böyük bağçanın tikintisinə imkan verməsə də, bir əlavə otağın tikintisinə, yaxud problemin rayon səviyyəsində qaldırılaraq həll olunmasına nail olmaq mümkündür. Bu isə o halda baş verir ki, bələdiyyədə aktiv qadın üzvlər olsun.
Qadınların yerli idarəetmədə aktiv iştirakçılığına nail olmağın bir yolu bütövlükdə bələdiyyə institutunun rolunun gücləndirilməsidirsə, digər yol, məncə, kvotanın tətbiqidir. Seçki Məcəlləsinə müvafiq dəyişiklik etməklə, Azərbaycanda bələdiyyə üzvlərinin sayında qadınlar üçün kvota müəyyənləşdirilməlidir. Bu zaman qadınların ictimai aktiv olduğu bölgələrlə yanaşı, bu aktivliyin çox aşağı olduğu bölgələr də nəzərə alınmalı və optimal variant tapılmalıdır".
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) eksperti Vüqar Tofiqli Azərbaycanda bələdiyyə sisteminin formalaşmasında qadınların müəyyən mənada rolunun olduğunu vurğulayıb: "Əgər ilk bələdiyyə seçkilərində 23 min bələdiyyə üzvünün yalnız 395 nəfəri qadın idisə, 2004-cü ildə keçirilən ikinci seçkilərdə qadınların sayı 800-ə, 2009-cu ildə 4081 nəfərə çatıb. Üçüncü bələdiyyə seçkilərindən sonra formalaşan bələdiyyələrə seçilən sədrlərin arasında qadınların sayı isə 302 nəfəri təşkil edib. Bu gün bələdiyyə qulluqçuları, komissiya sədrləri, sədr müavinləri arasında da xeyli sayda qadınlar var. Bu rəqəm hər seçkidən sonra yüksələn xətt üzrə inkişaf edir". Ekspert bələdiyyələrdə olan mövcud problemlərdən də danışıb: "Son illər bələdiyyələrdə maliyyə durumu kritik həddə çatıb. Hazırda bələdiyyələrdə əməkhaqqı məsələsi də aktual olaraq qalır. Yəni orta aylıq bələdiyyə qulluqçusunun əməkhaqqısı 85-100 manat civarında dəyişir. Bəzən isə onlar aylarla bu əməkhaqqını ala bilmirlər. Bu səbəbdən də, son 3 ildə bələdiyyələrdən çoxsaylı kadr axını baş verib. Bunların 35-40 faizi qadınlardır. Bu gün qadın bələdiyyə üzvlərin maarifləndirilməsi, onların treninqlərə cəlb edilməsi də ciddi problem olaraq qalır. Həm bölgələrdə, həm də paytaxtda maliyyə çatışmazlığı, şəraitsizlik onların yenidən hazırlanmasında problem yaradır".

Əli