Siqaret çəkənlərin sayı artır Hadisə

Siqaret çəkənlərin sayı artır

Azərbaycanda aparılan təxmini hesablamalara görə, kişilərin 40-60 faizi, qadınların isə 2-10 faizi siqaret çəkir. Bunu "Trend"ə Səhiyyə Nazirliyinin Sağlam həyat tərzi üzrə milli koordinatoru Azad Hacıyev bildirib.
A.Hacıyev deyib ki, qadınlar çox hallarda siqaret çəkdiklərini gizlədirlər.
Onun sözlərinə görə, bu gün ölkədə uşaqlar arasında siqaret çəkməyin çox yayıldığını demək olmaz: "Siqaretin çəkilməsinə 40-50 yaşda başlanmır. Bu, çox nadir hallarda olur. Siqaret çəkməyə əsasən uşaq yaşlarında - 12-16 yaşlarında başlayırlar. Ona görə də uşaqlar arasında mübarizə tədbirlərinə bu yaşdan başlamaq lazımdır. Əks halda, siqaret çəkməyə başlayan şəxsin bu vərdişini tərgitdirmək çox çətin olur".
A.Hacıyev qeyd edib ki, tütünçəkməyə qarşı mübarizə tədbirləri kompleks şəkildə və dövlət dəstəyi ilə olsa, onun nəticəsi daha yaxşı olar.
Hazırda poliklinikalarda siqareti tərgitmək istəyənlər üçün xüsusi kabinetlərin açılması məsələsinin müzakirə edildiyini deyən koordinatorun sözlərinə görə, siqaret çəkilən yerlərin məhdudlaşdırılması, siqaretin qiymətinin bahalaşması, müxtəlif yerlərdə, o cümlədən restoran və kafelərdə siqaret çəkilməsinin qadağan edilməsi tütünçəkmə ilə mübarizədə effektiv olar.