Ali məktəblərə qəbul imtahanlarında ixtisas qrupları üzrə bal nisbətləri açıqlanıb Hadisə

Ali məktəblərə qəbul imtahanlarında ixtisas qrupları üzrə bal nisbətləri açıqlanıb

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi təhsil müəssisələrinə qəbul aparılan ixtisas qrupları üzrə həyata keçirilir, 1 il qüvvədə olur və yalnız cari tədris ilində abituriyentə ali təhsil müəssisələrinə keçirilən tələbə qəbulu müsabiqəsində iştirak etmək hüququ verir.

Bu barədə məlumat "Abituriyent" jurnalının 1-ci nömrəsində dərc olunub. Jurnalda qeyd edilib ki, qəbul imtahanları hər tədris ilində iki dəfə - yaz və yay sessiyaları şəklində keçirilir. Abituriyent hər sessiyada istədiyi ixtisas qrupu üzrə yalnız bir imtahanda iştirak edə bilər. I-IV ixtisas qrupları üzrə qəbul imtahanında iştirakından asılı olmayaraq, abituriyent V ixtisas qrupu üzrə də imtahanda iştirak edə bilər. İxtisas qrupları üzrə imtahan fənləri, onların üstünlük dərəcələri və nisbi əmsalları aşağıdakı kimi müəyyən edilib:

I ixtisas qrupu – riyaziyyat (nisbi əmsal: 1,5), fizika (nisbi əmsal: 1,5) və kimya (nisbi əmsal: 1);
II ixtisas qrupu üzrə - riyaziyyat (nisbi əmsal: 1,5), coğrafiya (nisbi əmsal: 1,5) və tarix (nisbi əmsal: 1);

III ixtisas qrupu üzrə - qəbul imtahanının dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili (nisbi əmsal: 1,5), tarix (nisbi əmsal: 1,5) və ədəbiyyat (nisbi əmsal: 1);

IV ixtisas qrupu üzrə - biologiya (nisbi əmsal: 1,5), kimya (nisbi əmsal: 1,5) və fizika (nisbi əmsal: 1);

V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək üçün abituriyentlər qəbul imtahanının ikinci mərhələsini vermirlər. Onlar müsabiqədə birinci mərhələnin (buraxılış imtahanının) nəticələrinə əsasən iştirak edə bilərlər.

Qəbul imtahanının ikinci mərhələsində abituriyentlərə hər fənn üzrə 30 olmaqla, ümumilikdə 90 tapşırıq təqdim olunur. Qəbul imtahanının ikinci mərhələsində abituriyentlərin toplaya biləcəyi maksimal bal nisbi əmsalı 1,5 olan fənlər üzrə 150 bal, nisbi əmsalı 1 olan fənlər üzrə 100 bal olmaqla, cəmi 400 baldır. İmtahanın davametmə müddəti 3 saatdır.

Hər mərhələdə imtahanın məzmunu, yəni təhsilalanlara təqdim edilən tapşırıqların növü və qiymətləndirilmə qaydası Dövlət İmtahan Mərkəzi tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilir və hər il tədris ilinin başlanmasından 1 ay müddət keçənədək elan edilir. İmtahan suallarının məzmunu DİM tərəfindən hazırlanmaqla və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla təsdiq edilmiş imtahan fənləri üzrə qəbul proqramlarına uyğun müəyyən edilir. İmtahanların keçiriləcəyi günlər və imtahanların aparılması texnologiyası DİM tərəfindən müəyyənləşdirilir.

Qəbul imtahanlarında əlilliyi olan şəxslərin iştirakının təmin edilməsi üçün DİM tərəfindən əlverişli şərait yaradılır. I qrup gözdən əlilliyi olan abituriyentlərə fərdi nəzarətçi təyin edilir və onlar üçün imtahanın davametmə müddəti hər mərhələdə 1 saat artırılır.