Vergidən yayınanlar cərimələnir Hadisə

Vergidən yayınanlar cərimələnir

Qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma faktları aşkarlanıb

Tərlan

2014-cü ildə əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən vergi ödəyicilərinin aşkarlanması və s. kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 53909 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkarlanıb. Vergilər Nazirliyinin məlumatına əsasən, 29025 vergi ödəyicisi tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu, 9830 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu, valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya dəyişdirildiyi, 7823 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olduğu müəyyən edimişdir. 3490 vergi ödəyicisi tərəfindən 4751 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 2842 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 899 vergi ödəyicisində 10822 ədəd aksiz markaları ilə müvafiq qaydada markalanmamış mal olduğu aşkarlanmışdır. Aşkar edilmiş nöqsanlarla bağlı qanunamüvafiq tədbirlər görülmüşdür.
2014-cü il ərzində Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma faktları üzrə cəmi 971 sayda cinayət işi başlanmışdır.Bu cinayət işlərindən 205-i vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq (bunlardan 80-i külli miqdarda gəlir əldə etməklə vergidən yayınma) faktları ilə bağlı səyyar vergi yoxlamalarının nəticələrinə dair materiallar üzrə, 745-i vergi borcunun ödənilməməsi, 14-ü əmək müqaviləsi hüquqi qüvvəyə minmədən şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, aksiz markası olmadan malların satışı və saxlanılması, qanunsuz idman mərc oyunlarının keçirilməsi ilə məşğul olma faktları üzrə operativ vergi nəzarəti tədbirlərinin nəticələrinə dair vergi orqanlarından daxil olmuş materiallar əsasında, 7 iş isə qanunsuz sahibkarlıq faktları ilə bağlı digər hüquq-mühafizə orqanlarından daxil olan materiallar üzrə başlanmışdır.
Hesabat dövründə Departamentdə cinayət işləri və materiallar üzrə aparılan araşdırmalar zamanı 16 milyon 81,4 min manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilmişdir. Bir cinayət işi üzrə təqsirləndirilən şəxsin 530 min manat dəyərində olan əmlakı üzərinə həbs qoyulmuşdur.
Departamentin İstintaq idarəsində 405 cinayət işi üzrə ibtidai istintaq tamamlanmış, 26 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İcraatına xitam verilmiş 280 cinayət işindən 198 iş üzrə bəzi müəssisələrin rəhbərləri və fiziki şəxslər yayındırdıqları vergiləri (32 iş üzrə külli miqdarda) ibtidai istintaq zamanı tamamilə ödədiklərinə görə barələrində müvafiq qərarlar qəbul edilmişdir.
Cinayət işləri üzrə keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan edilmiş 26 nəfər şəxs tutularaq Departamentin İstintaq idarəsinə təhvil verilmiş, ibtidai istintaqdan yayınan 324 şəxsin məcburi qaydada gətirilməsi, 226 şəxsin tapılaraq istintaqa gəlmələri, 208 şəxsin yerinin müəyyən olunaraq istintaqa məlumat verilməsi təmin edilmişdir. Vergi orqanlarının üzərinə düşən vəzifələrin icrasına köməklik göstərilməsi ilə bağlı müraciətlərə baxılması nəticəsində vergi yoxlamalarından, əmlakının siyahıya alınmasından yayınan və fəaliyyəti barədə bəyannamə təqdim etməyən 376 nəfər vergi ödəyicisi tapılaraq onların müvafiq vergi orqanlarına gəlmələri təmin olunmuşdur.