FHN-in Regional Mərkəzləri tədbir keçirib Hadisə

FHN-in Regional Mərkəzləri tədbir keçirib

Tural

Yanvarın 14-də Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi, Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsi ilə birgə Sumqayıt Regional Mərkəzində "İstehsalat müəssisələrində yanğın təhlükəsizliyi qaydaları" mövzusunda seminar-müşavirə keçirib. Müşavirədə FHN Sumqayıt Regional Mərkəzinin, Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları və Sumqayıt şəhərində yerləşən 30-dan çox iri və xırda istehsalat müəssisələrinin nümayəndələri iştirak etmişdir.
Müşavirədə "Yanğın təhlükəsizliyinin problemləri və onların həlli yolları", "İstehsalat müəssisələrində yanğın təhlükəsizliyi qaydaları" və "İstehsalat müəssisələrinin sığortalanması qaydaları" mövzularında çıxış edən natiqlər iri və xırda istehsalat müəssisələrində yanğın təhlükəsizliyi sahəsində mövcud problemlər və onların həlli yolları, yanğınsöndürmə zamanı üzləşdikləri çətinliklər, istehsalat müəssisələrinin sığortalanmasının vacibliyi barədə müşavirə iştirakçılarına məlumat verərək, onların Nazirliyin aidiyyatı qurumları ilə sıx əlaqədə fəaliyyət göstərmələrini diqqətə çatdırmışlar. Sonda Fövqəladə Hallar Nazirliyinin fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunmuşdur.
Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzi isə yanvarən 13-də Tərtər rayonu Ş.Şikarov adına 5 saylı tam orta məktəbdə "Qış mövsümündə baş verə biləcək fövqəladə hallar zamanı davranış qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirib. Mərkəzin maarifləndirmə xarakterli tədbirində təhsil müəssisəsinin müəllim-şagird kollektivi, texniki işçiləri ilə yanaşı, Tərtər rayon Təhsil Şöbəsinin, FHN-in yerli qurumlarının nümayəndələri də iştirak etmişdir. Tədbirin keçirilməsində məqsəd təhsil müəssisəsinin kollektivini fövqəladə hallar sahəsində maarifləndirmək, onların bu sahədə olan biliklərini daha da artırmaq, eləcə də fövqəladə hadisələr zamanı düzgün davranma qaydalarını aşılamaqdan ibarət olmuşdur. Əməkdaşlar tərəfindən "Fövqəladə halların növləri və xarakteristikası", "Texnogen mənşəli fövqəladə hallarda davranış qaydaları", "Qış fəslində baş verə biləcək fövqəladə hadisələr və onlardan qorunma üsulları" və "101 və 112" zəng mərkəzlərinə müraciət qaydaları" mövzularında çıxışlar edilmiş, iştirakçılara Fövqəladə Hallar Nazirliyinin, eləcə də Qarabağ Regional Mərkəzinin strukturu və fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verilmiş, mülki müdafiə, qış aylarında baş verə biləcək ekstremal hallar, qarlı və buzlu yollarda ehtiyat tədbirləri, soyuqdan donmuş şəxsə ilkin tibbi yardım anlayışları izah edilmişdir.
Sonra tədbir iştirakçılarına Fövqəladə Hallar Nazirliyinin hazırladığı dəm qazı haqqında videoçarx nümayiş etdirilmişdir. Həmçinin, məktəblilərin asudə vaxtlarında yanğın və texniki təhlükəsizlik qaydaları ilə daha yaxından tanış olmaları məqsədilə Regional Mərkəzin əməkdaşları tərəfindən hazırlanmış təbliğat vasitələri məktəb rəhbərliyinə təqdim olunmuş, onlara mövzuları əhatə edən xəbərdarlıq vərəqələri və bukletlər paylanmışdır. Yekunda tədbir iştirakçıları ilə qarşılıqlı fikir mübadiləsi aparılmış, onların sualları cavablandırılmışdır.