“Məqsəd Azərbaycan dilinin normalarına riayət etməkdir”. Hadisə

“Məqsəd Azərbaycan dilinin normalarına riayət etməkdir”.

“Reklam daşıyıcılarında monitorinqlər aparıldığı zaman iki qanun- həm “Reklam haqında”, həm də “Dövlət dili haqqında” qanun əsas götürülür”.
Bunu APA-ya Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva deyib. O bildirib ki, bəzən reklam lövhələrində bütün mətn yalnız xarici dildə təqdim olunur: “Bu, əlbəttə ki, qanunlara ziddir. Çünki hər iki qanunda göstərildiyi kimi, ilk növbədə Azərbaycan dilində olan həcm böyük olmalıdır. Digər dillərdə də ola bilər, amma bu həcm Azərbaycan dilində olandan kiçik olmalıdır. Çox təəssüf ki, şəhərimizin küçələrində, eləcə də regionlarda siz bunun şahidi ola bilərsiniz. Bunu daha səviyyəli göstərici kimi düşünürlər. Amma bu, belə deyil. Bəzən hər hansı mağazanın üstündə ingilis dilində, digər dillərdə mətnlərə rast gəlirik ki, bu da çox böyük təəssüf doğurur”.
Sevinc Əliyeva qeyd eidb ki, Mərkəzin işi xəbərdarlıqlarla yanaşı, cərimələrin tətbiqidir: “Nəzarət mexanizmi olduqca güclüdür. Reklamlarla bağlı müvafiq qaydaları Reklam Agentliyi və digər qurumlarla razılaşdırmalıyıq. Çünki bu, bir qurumla əməkdaşlıq sahəsində mümkün deyil. Sahibkara imkan verən, həmin hüququ verən qurum da məsuliyyət daşıyır.Yaxın vaxtlarda bu məsələyə başlayacağıq. Düşünürəm ki, digər sahələrdə olduğu kimi burada da kifayət qədər uğurlu işlərimiz olacaq”.
Onun sözlərinə görə, qaydaların pozulması ilə bağlı tətbiq olunacaq cərimələr sərəncamla müəyyənləşib: “Burada fiziki, vəzifəli və hüquqi şəxsin cəriməsi nəzərdə tutulub. Düşünürəm ki, istər fiziki, istərsə də hüquqi şəxs olaraq hər hansı qurum rəhbəri, sahibkar cərimələnsə, artıq gələcəkdə məsuliyyət daşıyacaq. Sahib olduğu iaşə obyektinin üzərindəki yazıda heç bir səhvin olmaması ilə bağlı birbaşa marağı olacaq. Bu məsələ ilə əvvəl Bakı şəhər Reklam və İnformasiya idarəsi məşğul olurdu. Sonra isə o idarə ləğv olundu, Reklam Agentliyi yarandı. Hazırda Agetliyə əməkdaşlıq üçün müraciət etmişik. Düşünürük ki, yerinə yetəcək. Məqsəd “Reklam haqqında”, “Dövlət dili haqqında” qanuna riayət olunmaqla, gördüyünüz bütün reklam lövhələrində, iaşə obyektlərinin adlarında, televiziya məkanında Azərbaycan dilinin müvafiq normalarına riayət etməkdir”.