Paytaxtda 4 məktəbdə ənənəvi dərslər bərpa olunub Hadisə

Paytaxtda 4 məktəbdə ənənəvi dərslər bərpa olunub

Martın 29-dan paytaxtdakı 59, 98, 274 və 320 nömrəli tam orta məktəblərdə əyani tədris prosesi bərpa olunub. Belə ki, qeyd olunan məktəblərin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, 98 nömrəli tam orta məktəbdə çalışan 1 müəllimin, 274 nömrəli tam orta məktəbdə çalışan 4 müəllimin, 59 nömrəli tam orta məktəbin isə direktorunun COVİD-19 testi pozitiv çıxdığına görə məktəblərdə tədris müvəqqəti olaraq distant təhsil formasında davam etdirilirdi.

Müvəqqəti olaraq 274 nömrəli məktəbin inzibati binasında fəaliyyət göstərən 320 nömrəli tam orta məktəb kollektivinin və şagirdlərin COVİD-19 infeksiyasına yoluxma hallarının qarşısını almaq məqsədilə həmin məktəbdə də tədris 2 həftəlik distant formada davam etdirilib.

Qeyd edək ki, hazırda təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil edilir.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır.