Şəhid Mirzə Axundovun döyüş yolu Hadisə

Şəhid Mirzə Axundovun döyüş yolu

Mirzə Musa oğlu Axundovun adı İkinci Qarabağ müharibəsində öz qanı ilə tarix yazan Azərbaycanın igid oğulları sırasında iftixarla çəkilir. Ömrünün 36-cı ilində Vətən torpağı uğrunda şəhidlik zirvəsinə ucalan, böyük bir xalqın qürur yerinə çevirən qəhrəman Mirzə Lənkəran rayonunun Gəgiran kəndində anadan olub. O, halallıqla gün-güzəran keçirən, doğma yurduna bağli nəcib, xeyirxah insanlardan görüb götürməklə yetkinlik yaşına çatır. Orta məktəbi bitirəndə el-obada hamı onun vətənpərvərliyinə, iç dünyasından gələn milli ləyaqət hissinə heyran kəsilir. Vətənini özünə şöhrət tacı bilən Mirzə təmiz, ləkəsiz yaşamaq naminə bütün istəyini xalqla bağlayır.
1991-ci ildə el-oba yığışıb Mirzəni ordu sıralarına yola salır. Olduğu hərbi hissədə Vətəninə ləyaqətli xidmət edir. Mərdlik, qəhrəmanlıq göstərərək dəfələrlə işğalçıların yeni ərazilər ələ keçirmək kimi niyyətlərini ürəklərində qoyur. Yurdsevərliyi, Vətən torpağına əsl oğul məhəbbəti, dosta sədaqəti, yaşatmaq eşqi Mirzənin xətrini komandirlərin, əsgərlərin yanında həmişə əziz edir. Beləcə xidmətini nöqsansız, alnıaçıq başa vurur.
Köksündə doğma Vətəninə, xalqına məhəbbət dolu bir ürək çırpınan Mirzə əsgərlikdən sonra halal zəhmətlə güzaran keçirir. Özünə yaxşı həyat qurmaqla bərabər, cəmiyyətə layiqli vətəndaş olmağa, insanların işinə yaramağa səy göstərir.
2004-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin Zığ qəsəbəsində yerləşən "N" saylı hərbi hissəsində müddətdən artıq xidmətə başlayır. Əsas amalı da Vətəninin şərəfini uca tutmaq, mübarizliklə işğalçılara qalib gəlib düşmənə əsir düşən Azərbaycanın əzəli torpaqlarını azad etmək olur. Ağdamda, Tərtərdə xidməti zamanı erməni işğalçılarının törətmək istədiyi təxribatların qarşısının alınmasında iştirak edir. 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi hünər, düşmənə vurduğu zərbələr bir daha Mirzənin necə yurdsevər, torpağa bağlı, vətənpərvər olduğunu sübuta yetirir. İgid əsgər Vətənini sevməklə yanaşı, ölüm-dirim anlarında onu qorumağı da bacarır. Həmişə də Vətən uğrunda son döyüşə atılmaq üçün məqam gözləyir. Komandirləri onun adını daim yüksəkdə saxlayır, nümunəvi xidmətinə, döyüş igidliyinə görə müxtəlif medallara layiq görülür.
Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin miçmanı Mirzə Axundov 44 gün davam edən, şanlı zəfərimizlə başa çatan Vətən müharibəsində ürəyindən keçən qisasını erməni cəlladlardan ala bilir. Müharibə başlayan andan kamil bir hərbiçi kimi döyüşə atılır. Mirzə hərbçi yoldaşlarıyla birlikdə 30 ilə yaxın düşmən tapdağına dönən ulu yurd yerimiz Qarabağın bir çox yüksəkliklər və yaşayış məntəqələrin alınmasında düşmənin texnikasını, canlı qüvvəsini məhv etməklə onun axırına çıxır. Oktyabr ayının 2-də Talış istiqamətində gedən ağır döyüşlərdə Vətən uğrunda qəhrəmancasına şəhid olur. Şərəfli ölüm Vətənin qalib şəhidinə milyonların ürəyində əzəmətli abidə ucaldır.
Bəli, Vətən onun yolunda şəhid olmağı bacaran oğulların çiynində vətən olur. Bu müqəddəs amalla vətənləşən Mirzə Musa oğlu Axundov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə", "Laçının azad olunmasına görə" və "Vətən uğrunda" medallarına layiq görülür.

Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü