Respublika Hərbi Prokurorluğunda geniş kollegiya iclası keçirilib Hadisə

Respublika Hərbi Prokurorluğunda geniş kollegiya iclası keçirilib

Hərbi prokuror: "Ermənilərin azərbaycanlılara qarşı törətdiyi terror faktları ilə bağlı 296 təqsirləndirilən şəxsin axtarışı davam etdirilir"

Azərbaycanın Hərbi Prokurorluğunda mərkəzi aparat işçilərinin, Naxçıvan Muxtar Respublikası və ərazi hərbi prokurorlarının iştirakı ilə 2014-cü ildə görülmüş işlərin və cari ildə qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.
Hərbi Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən Baş prokurorun müavini - hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev qeyd edib ki, ötən il Silahlı Qüvvələrdə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi istiqamətində görülən işlər səmərəli olub, hesabat dövründə qeydə alınmış cinayətlərin 99,5 faizi açılıb.
Xüsusi vurğulanıb ki, 2014-cü ildə hərbi prokurorluq orqanları tərəfindən bir çox ağır, mürəkkəb və çox epizodlu cinayət işlərinin istintaqı tamamlanıb, ibtidai istintaqın keyfiyyətinin yaxşılaşdırılması, qüvvədə olan cinayət-prosessual qanunvericiliyin tələblərinə dəqiq əməl edilməsi üzərində nəzarət gücləndirilib. Hesabat dövründə dövlət əmlakının mənimsənilməsi ilə bağlı bir sıra cinayət işləri üzrə istintaq yekunlaşaraq günahkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunub. Cinayət törətmiş şəxslərin əməlləri nəticəsində dövlətə vurulmuş 6.304.842 manat məbləğində maddi ziyanın istintaq zamanı ödənilməsi təmin edilib, vurulmuş ziyanın tam ödənilməsi məqsədilə təqsirləndirilən şəxslərin 6 milyon manatdan çox müəyyən olunan əmlakı üzərinə həbs qoyulub.
Ötən il hərbi prokurorluq orqanları tərəfindən əməliyyat-axtarış tədbirlərinin yerinə yetirilməsi üzərində prokuror nəzarətinin gücləndirilməsi nəticəsində axtarışda olanlardan 46 nəfər tapılaraq istintaqa cəlb edilib. Təhqiqat orqanlarının fəaliyyətində qanunların icrasına nəzarət qaydasında 143 yoxlama keçirilib, nəticədə 1975 qanun pozuntusu aşkar edilib. Qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılması üçün 194 təqdimat göndərilib, 220 nəfərə xəbərdarlıq edilib, 57 cinayət işi başlanıb, təhqiqat orqanlarının icraatında olan işlər üzrə 142 yazılı göstəriş verilib, cinayət işlərinin başlanmasının rədd edilməsinə dair 36 qanunsuz qərar ləğv olunub. Hərbi prokuror ərazi hərbi prokurorlarından bu sahədə görülən işin səmərəliliyinin artırılmasını və ilkin təhqiqatın tam, hərtərəfli və keyfiyyətli aparılması üçün prokuror nəzarətinin daha da gücləndirilməsini tələb edib.
Hərbi prokurorluq orqanlarının hərbi qulluqçularının sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülüb. Hərbi Prokurorluğun vəzifə borclarını layiqincə yerinə yetirən 19 işçisinə respublika hərbi prokurorunun əmrinə əsasən məharət dərəcələri verilib.
Azərbaycan Respublikası baş prokurorunun və hərbi prokurorun müvafiq əmrləri ilə 34 işçi vəzifədə irəli çəkilib, xidməti fəaliyyətlərində fərqlənmiş 77 əməkdaş həvəsləndirilib, 57 işçi müxtəlif medallarla təltif olunub, 24 əməkdaşa rütbələr verilib, 14 işçi intizam məsuliyyətinə cəlb edilib.
X.Vəliyev kollegiyaya yekun vuraraq hərbi prokurorluq orqanları Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin prokurorluq orqanlarına göstərdiyi yüksək qayğı və etimadı layiqincə doğrultmaq, qanunun aliliyini, hərbi idarəçilik orqanlarında insan və vətəndaş hüquq və azadlıqlarına dönmədən əməl olunmasını, habelə cinayətkarlığa qarşı mübarizəni təmin etmək üçün bütün zəruri tədbirləri bundan sonra da dönmədən həyata keçirəcəklərini bəyan edib.
Xanlar Vəliyev deyib ki, ermənilərin azərbaycanlılara qarşı törətdiyi terror faktları ilə bağlı başlanmış cinayət işlərinin istintaqı davam etdirilir.
Xocalı, Qaradağlı, Meşəli, Bağanis-Ayrım faciələri, terror, habelə əsir düşmüş şəxslərə işgəncə verilməsi və erməni silahlı qüvvələrinin törətdiyi digər cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin soyqırıma görə məsuliyyəti nəzərdə tutan 103-cü və digər maddələri ilə istintaq olunan cinayət işi üzrə 296 təqsirləndirilən şəxs barəsində axtarış elan edilib. Hazırda cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bununla yanaşı, erməni millətçilərinin xüsusi amansızlıqla və qəddarlıqla törətdikləri kütləvi qırğınların, bəşəriyyət və sülh əleyhinə cinayətlərin tarixin yaddaşına həkk olunması, bütövlükdə Qarabağ hadisələri ilə bağlı obyektiv həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, bu barədə gələcək nəsillərin ixtiyarına tutarlı dəlillərin və ətraflı məlumatların verilməsi məqsədi ilə Respublika Hərbi Prokurorluğunun inzibati binasında Memorial Soyqırımı Muzeyinin yaradılması ilə bağlı Respublika Hərbi Prokurorluğunun təşəbbüsü bəyənilərək bu barədə 2013-cü ilin iyulun 19-da Baş Prokuror Zakir Qaralov tərəfindən əmr imzalanıb və 24 fevral 2014-cü il tarixdə muzeyin açılışı olub. Memorial Soyqırım muzeyi XX əsrin əvvəllərindən bəri bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə həsr edilmiş zəngin tarixi sənədlər, xalqımıza qarşı törədilmiş soyqırımı, deportasiya, hərbi cinayətlər barədə xarici və Azərbaycan müəlliflərinin kitablarından ibarət zəngin ədəbiyyat fondu ilə təchiz olunub. Ötən il ərzində muzeyi 3589 nəfər ziyarət edib.