Ali təhsil pilləsinin dövlət standartı və proqramı dəyişib Hadisə

Ali təhsil pilləsinin dövlət standartı və proqramı dəyişib

Nazirlər Kabineti “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nda dəyişiklik edib.

Qərara əsasən, ali təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır.

Bakalavriat səviyyəsində xüsusi qabiliyyət tələb edən ixtisaslar və əsas (baza ali) tibb təhsili ixtisasları istisna olmaqla digər bütün ixtisaslar üzrə tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəqiyyətlə keçmiş tələbələr təhsil müddətində əldə etdikləri nəticələrə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na əsasən müəyyən edilmiş Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə) uyğun olaraq dövlət attestasiyasından keçmiş hesab olunurlar. Attestasiyanın nəticələri ilə razılaşmayan tələbələr üçün dövlət attestasiyası təşkil edilir.

Bakalavriat səviyyəsində xüsusi qabiliyyət tələb edən ixtisaslar və əsas (baza ali) tibb təhsili ixtisasları üzrə dövlət attestasiyası məcburidir və ixtisas üzrə buraxılış yekun dövlət imtahanından (fənlərarası) və ya buraxılış işinin müdafiəsindən ibarətdir.

Magistratura səviyyəsində tədris planının bütün şərtlərini yerinə yetirmiş tələbələr yekun attestasiyaya buraxılırlar. Yekun attestasiya magistrlik dissertasiyasının müdafiəsindən və (və ya) ixtisas fənləri üzrə imtahanlardan ibarətdir. Magistrlik dissertasiyasının müdafiəsi ixtisaslaşdırılmış şuraların iclaslarında aparılır. Magistrlik dissertasiyasının məzmununa, yazılmasına, təqdim edilməsinə və müdafiəsinə qoyulan tələblər Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, ali təhsil 3 müəssisəsinin Elmi Şurası və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən müəyyənləşdirilir. Bakalavriat və magistratura səviyyələrində imtahan sessiyalarının təşkili, tələbələrin biliyinin cari və aralıq qiymətləndirilməsi, dövlət attestasiyasının keçirilməsi qaydaları ali təhsil müəssisələri və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən müəyyən edilir.

Qeyd edək ki, qüvvədə olan qərara əsasən, ali təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır. Dövlət attestasiyası bütün təhsilalanlar üçün məcburidir.

İmtahan sessiyalarının təşkili, tələbələrin biliyinin cari və aralıq qiymətləndirilməsi, dövlət attestasiyasının keçirilməsi qaydaları səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikasının Təhsil Nazirliyi və ali təhsil müəssisələri tərəfindən müəyyənləşdirilir.