Polşanın "Rurociągi" dərgisinin redaktoru: "Bilin ki, Azərbaycan xalqı son 100 ildə dəfələrlə erməni terroruna hədəf gəlib, dinc əhaliyə divan tutulub"
Polşanın paytaxtı Varşava şəhərində "Yablonski qardaşlarının binası"ndakı görüş zalında polşalı mühəndis, səyyah, yazıçı, bu ölkədə nəşr olunan "Rurociągi" (Boru kəmərləri) dərgisinin redaktoru Vitold Şirin Mixalovskinin "Biz avrosarmatlarıq" adlı kitabının təqdimat mərasimi keçirilib. Azərbaycanın Polşadakı səfirliyindən APA-ya verilən məlumata görə, təqdimat mərasimində Polşa ictimaiyyətinin və dövlət qurumlarının nümayəndələri, yazıçı və publisistlər, jurnalistlər, diplomatik korpusun nümayəndələri iştirak edib.
Təqdimat mərasimində çıxış edən V.Ş.Mixalovski müxtəlif dövrlərdə səyahət etdiyi ölkələr, onların tarixi, mədəniyyəti adət və ənənələri haqqında məlumat verib. Azərbaycan üzərində dayanan müəllif ölkəmizin tarixi, mədəniyyəti, sadə insanları haqqında geniş məlumat verib. Azərbaycanın zəngin neft və qaz ehtiyatlarına malik olduğunu və inkişaf etmiş neft sənayesi haqqında danışıb.
Ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolu xüsusi olaraq qeyd edən V.Ş.Mixalovski Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal edilməsinə, azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalmasına da toxunub: "Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal olunub. Bu işğal bu gün də davam edir. Bu işğal aktı çoxlu sayda insanın vəhşicəsinə ermənilər tərəfindən qətlə yetirilməsi ilə müşayiət olunub. Sizin erməni terrorundan bəlkə də xəbəriniz yoxdur. Bilin ki, Azərbaycan xalqı son 100 ildə dəfələrlə erməni terroruna hədəf gəlib, dinc əhaliyə divan tutulub. Azərbaycanlılara qarşı ermənilərin törətdiyi Xocalı soyqırımı isə Azərbaycan tarixinin ən qanlı səhifələrindən birinə çevrilib".