İnvestorlar üçün yeni xidmət istifadəyə verilib Hadisə

İnvestorlar üçün yeni xidmət istifadəyə verilib

Milli Depozit Mərkəzinin (MDM) 2021-2023-cü illlər üzrə qəbul edilmiş Strateji Planına uyğun hədəflərin icrası həyata keçirilir. Qabaqcıl beynəlxalq təcrübəyə, həmçinin yerli bazarın xüsusiyyətlərindən irəli gələn məqsədlərindən biri, biznes prosedurların sadələşdirilməsi və eyni zamanda avtomatlaşdırılmasıdır. Bununla bağlı MDM tərəfindən müvafiq tədbirlər mütəmadi olaraq həyata keçirilir.
Mərkəzdən bildirilib ki, investorların “Elektron Kabinet” platforması üzərindən “Hesablararası transfer” funksiyası yaradılıb və tam olaraq sınaqdan keçirilərək istifadəyə verilib. Yeni funksiya investorların tam təhlükəsiz rejimdə öz “ASAN imza” sertifikatlarından istifadə etməklə “cross-web” texnologiyası əsaslanmış mühitdə hesablarının idarə olunmasının operativliyini təmin edir, həmçinin investorun hesablarının idarə edilməsində geniş imkanlar yaradır. Belə ki, investor “Elektron Kabinet”ə daxil olmaqla mülkiyyətində olan qiymətli kağızları ona məxsus olan digər hesablara tam təhlükəsiz rejimdə köçürə biləcək.
Qeyd edək ki, təqdim olunan elektron xidmətlərdən istifadə üzrə təlimat hazırlanıb və MDM-in rəsmi internet səhifəsinə yerləşdirilib.