Nazirlik QHT-ni ittiham etdi Hadisə

Nazirlik QHT-ni ittiham etdi

Elman Babayev: "Ayşat Mirjoyevanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qəbul olunmaması barədə qeyd olunanlar həqiqətə uyğun deyil"

"Bir sıra KİV-də yaşlı qadın Mirjoyeva Ayşat İsayevnanın Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qəbul olunmaq üçün guya iki gün gözləməsi və qəbul olunmaması barədə qeyd olunanlar həqiqətə uyğun deyil və nazirliyə qarşı böhtan xarakteri daşıyır".
Bunu APA-ya açıqlamasında nazirliyi ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.
Onun sözlərinə görə, "Azərbaycan Miqrasiya Mərkəzi" İctimai Birliyinin şifahi məlumatında bildirilir ki, Azərbaycan vətəndaşı olmayan A.İ.Mirjoyeva milliyyətcə osetindir və əvvəllər Şimali Osetiyada yaşayıb, 2002-ci ildə Bakı şəhərinə gələrək burada Azərbaycan vətəndaşı ilə nikah olmadan yaşayıb: "2013-cü ilin sentyabrında həmin şəxs vəfat etdikdən sonra A.İ.Mirjoyeva yaşayış yeri olmadığından, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyinə müraciət edib və "Azərbaycan Miqrasiya Mərkəzi" İctimai Birliyinin sığınacağında məskunlaşıb. 11 mart 2014-cü ildə "Azərbaycan Miqrasiya Mərkəzi" İctimai Birliyinin əməkdaşları tərəfindən Mirjoyeva Ayşat İsayevna kimi təqdim edilən, lakin üzərində şəxsiyyətini təsdiq edən heç bir sənəd olmayan qadın Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan hər hansı sosial xidmət müəssisəsinə yerləşdirilməsi üçün nazirliyə gətirilib. Qanunvericiliyə uyğun olaraq həmin qadının şəxsiyyətini təsdiq edən sənədlər istənilib və adıgedən İctimai Birliyin əməkdaşları qadını nazirliyin foyesində tək qoyaraq, həmin sənədləri gətirmək üçün gediblər, lakin günün sonuna kimi sənədlər təqdim olunmayıb".
E.Babayev vurğulayıb ki, A.İ.Mirjoyevanın artıq gedəcək bir yeri olmadığı nəzərə alınaraq, sənədləri gətirilib təqdim olunana qədər onun nazirliyin Müharibə və əmək əlilləri pansionatına (Qocalar evi) müvəqqəti olaraq yerləşdirilməsi qərara alınıb: "Bu gün "Azərbaycan Miqrasiya Mərkəzi" İctimai Birliyinin əməkdaşları tərəfindən hələ də Mirjoyeva Ayşat İsayevnaya dair sənədlər nazirliyə təqdim olunmayıb. Qeyd olunanlar bir daha göstərir ki, "Azərbaycan Miqrasiya Mərkəzi" İctimai Birliyi A.İ.Mirjoyevanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində sosial xidmət müəssisəsinə yerləşdirilməsi üçün heç bir rəsmiləşdirmə prosedurları həyata keçirmədən onu faktiki olaraq sığınacaqdan məhrum edib".