İsrail mediasında Azərbaycan tolerantlıq vahəsi adlandırılıb Hadisə

İsrail mediasında Azərbaycan tolerantlıq vahəsi adlandırılıb

İsrailin https://www.makorrishon.co.il xəbər portalında “Dini və dinlərarası münaqişələrin əhatə olunduğu regionda Azərbaycan tolerantlıq vahəsidir” sərlövhəli məqalə yerləşdirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, siyasi şərhçi Reyçel Avrahamın müəllifi olduğu məqalədə qeyd edilir ki, Yaxın Şərqdə dinlərarası müharibələrin və dini münaqişələrin qızışdığı bir vaxtda, İran İslam Respublikası ilə həmsərhəd olan, Xəzər dənizi sahilində yerləşən Azərbaycan multikulturalizm, dini tolerantlıq və plüralizm vahəsi kimi qalmaqdadır. “Azərbaycan yer üzündə yəhudilərin “Davud ulduzu” medalyonunu rahat gəzdirə biləcəyi və gecə sinaqoqlarda qorxmadan ibadət etdiyi nadir müsəlman ölkələrindən biridir. Azərbaycanlılar üçün bu, milli qürur məsələsidir”, - deyə müəllif nəzərə çatdırıb.

Azərbaycan Prezidenti İlham Əliyevin yəhudi xalqının Yeni ili münasibətilə yəhudi icmasına təbrik müraciəti ünvanladığını xatırladan müəllif bu yaxınlarda Azərbaycana səfəri zamanı ölkəmizdə erməni kilsəsinin qorunub saxlanıldığının, bütün icmalar, o cümlədən yəhudi icması üçün şərait yaradıldığının şahidi olduğunu vurğulayıb.“…yəhudi icmasının bir çox üzvünün ivrit dilində sərbəst danışdığını gördüm, çünki bu dil Azərbaycanda dövlət tərəfindən maliyyələşdirilən bütün yəhudi məktəblərində tədris olunur. Halbuki ABŞ və Kanada kimi ölkələr ivrit dilini öyrənən yəhudi tələbələri maliyyələşdirmir”.

Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.makorrishon.co.il/news/397777