Terrorçuluğa qarşı mübarizə sərtləşdirildi Hadisə

Terrorçuluğa qarşı mübarizə sərtləşdirildi

Bununla bağlı qanuna dəyişikliklər edilib

Milli Məclisin dünən keçirilən iclasında "Terrorçuluğa qarşı mübarizə haqqında" qanuna dəyişikliklər edilib.
Layihə barədə MM sədrinin 1-ci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verib.
O qeyd edib ki, son vaxtlar dünyada gedən qlobal proseslər və iğtişaşlar Azərbaycana da təsir edir, bəzi məktəb və məscidlərdə, müxtəlif təşkilatlarda aqressiv dini təriqət daşıyıcılarının toplaşaraq sabit qruplar yaratması, təbliğat aparması, terrorçuluğa açıq çağırışlar səsləndirilməsi hallarına rast gəlinir: "Buna görə də sözügedən sənəddə ölkənin və dövlətin milli maraqlarına uyğun olaraq bəzi maddələrin sərtləşdirilməsi zəruridir. Bu, əsasən beynəlxalq terror fəaliyyəti, terrorçuluğun maliyyələşdirilməsi, terror aksiyaları təşkil etmə, planlaşdırma, hazırlama, əhali arasında vahimə yaratmaq, bu məqsədlə media orqanlarından, internetdən, sosial şəbəkələrdən istifadə etmə hallarını əhatə edir".
Komitə sədri onu da deyib ki, indiyədək Azərbaycan bununla əlaqədar 15-dən artıq beynəlxalq konvensiyaya qoşulub, parlamentdə bir sıra mühüm qanun və qərarlar qəbul edilib. O bildirib ki, hər hansı şəkildə terror fəaliyyətində iştirak edən şəxsin cəzalandırılması onun ətrafının, ailəsinin, bundan əziyyət çəkən digər fiziki şəxslərin təhlükəsizliyinin təmin edilməsi baxımından da vacibdir.
Layihəyə əsasən, Azərbaycanda vəsaitin mənbəyindən asılı olmayaraq, hər hansı formada muzdlu yığma, onu maliyyələşdirmə və onlardan ölkə daxili və xaricində istifadə etmə halı terror faktı kimi qeydə alınacaq.
Qanunun 475, 672, 258 və 133-cü maddələrinə edilən bu əlavə və dəyişikliklərdə o da bildirilir ki, vəsaitin mənbəyindən asılı olmayaraq ödənişli muzdlular yığma, onlara təlim keçmə, maliyyələşdirmə və başqa cür maddi təminat vermə, habelə onlardan hərbi münaqişədə və ya hərbi əməliyyatlarda istifadə etmə terror faktı kimi qiymətləndiriləcək və bu, Cinayət Məcəlləsinin terroru nəzərdə tutan müvafiq maddələri ilə cəzalandırılacaq.
YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov çıxışında deyib ki, ölkədən xaricə döyüşmək üçün axın edənlərin sayının artması onları narahat edir və dövlət bununla bağlı ciddi ölçü götürməlidir.
Deputat qeyd edib ki, bu günlərdə bununla bağlı qanunvericiliyə kifayət qədər yeniliklər edilməsi məsələnin müsbət həllində ciddi nəticələrin olacağına ümid verir: "Buna baxmayaraq, dövlət bu insanları xaricə cəlb edən təşkilatlara ciddi nəzarət etməlidir. Bu gün bizim Qarabağ kimi problemimiz, uğrunda döyüşmək üçün işğal altında qalan torpaqlarımız var. Amma bunlar cənnətə düşmək arzusu ilə ölkədən baş götürüb kənarda nəyinsə uğrunda vuruşmağa gedirlər. Hələ bilinmir, onlar oradan hansı ağılda və hansı düşüncədə üstümüzə qayıdacaqlar. Ona görə də hesab edirik ki, dövlət bu işlərlə ciddi məşğul olmalıdır".
Layihə səsə qoyularaq qəbul olunub.