Milli Məclis prezidentin 12 iyunla bağlı təklifinə baxacaq Hadisə

Milli Məclis prezidentin 12 iyunla bağlı təklifinə baxacaq

Bu il Azərbaycanda keçiriləcək I Avropa Oyunlarının açılışı gününün - 12 iyunun qeyri-iş günü elan edilməsi təklif olunur. Bununla bağlı Azərbaycan Prezidenti tərəfindən parlamentə layihə daxil olub.
Layihəyə əsasən, yalnız bir dəfə - 2015-ci il iyunun 12-i Azərbaycanda qeyri-iş günü elan olunması təklif olunur.
Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu açıqlamasında bildirib ki, parlamentin mayın 15-də keçiriləcək növbəti plenar iclasında 2015-ci il iyunun 12-nin qeyri-iş günü elan olunması ilə bağlı qanun layihəsi müzakirə olunacaq.
A.Təvəkküloğlu bildirib ki, bundan başqa gündəliyə bir neçə məsələ də daxildir: "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" qanuna və Mülki Məcəlləyə dəyişiklik ediləcək, "Qiymətli kağızlar bazarı haqqında" və "Vətəndaşların müraciəti haqqında" qanun layihələri ikinci oxunuşda, "Reklam haqqında" qanun layihəsi isə III oxunuşda müzakirə olunacaq".