Bəyaz çiçəyim, ilk yaz çiçəyim... Mədəniyyət

Bəyaz çiçəyim, ilk yaz çiçəyim...

Azərbaycanda insanların ətraf mühitə münasibətinin tarixiliyi yalnız ayrı-ayrı maddi mədəniyyət abidələrində, folklorda deyil, həm də adət-ənənələrdə və bayramlarda, mövsüm mərasimlərində özünü göstərir. Bu cəhətdən Novruz bayramı xarakterikdir. Novruz bayramı Azərbaycan xalqının ən qədim bayramlarından olub, bir çox mifoloji təsəvvürlərlə bağlıdır. Qədim zamanlardan başlayaraq təbiətin oyanmasına xoşbəxtlik və səadət rəmzi kimi baxan insanlar yazın gəlişi, havaların isinməsi, yeni əkinçilik mövsümünün başlanması, təbiətin yenidən oyanması, yaşıllaşması ilə bağlı müxtəlif nəğmələr, oyunlar, mərasimlər yaradıblar. Hər bir tədbirdə əski insan özünün ətraf mühitə, təbii sərvətlərə münasibətini real şəkildə əks etdirib. Çünki onun yaşayışı bilavasitə ətraf mühit amillərindən, məsələn, günəş işığından, istilikdən, yağışdan-sudan, göyərti və ağartıdan, bitki və heyvan məhsullarından asılı idi. Ona görə də yazın gəlişinə xüsusi maraq göstərir, yaz bərabərliyi günü kimi qeyd olunan (gecə ilə gündüzün boyunun birləşdiyi vaxt - 20-21 mart) Novruzun yolunu səbirsizliklə gözləyirdilər.
Novruz mərasimlərinin keçirilməsi daha çox orqanizmin həyat və fəaliyyətində istilik və işıq enerjisinin əhəmiyyətini dərk etməkdən irəli gəlib. Ona görə də əhali bol hərarətli yaz günəşini arzulayır. Novruzla bağlı mövsüm nəğmələrinin birində deyilir:
Gün çıx, gün çıx,
Kəhər atı min çıx.
Keçəl qızı qoy evdə,
Saçlı qızı götür çıx.
Göründüyü kimi, min illər boyu insanlar qışın tezliklə sona yetməsini, əvəzində yazın gəlməsini arzulayıb. Belə ki, yazın gəlişi onların maddi, mənəvi həyatında mühüm rola çevrilir. Keçəl qızı - qışı , saçlı qızın - yazın əvəz etməsi abstrakt verilsə də, bu, təbiətin oyanmasına, canlıların fəal həyat dövrünün başlanmasına işarədir. Ona görə də "Gün özünü yetirəcək, qarı yerdən götürəcək" deməklə sevinclərini bildirirdilər.
Ətraf mühit amillərindən biri də sudur. Su canlı təbiətin inkişafında mühüm faktordur. Bunu insanlar daim öz üzərlərində hiss etmiş və suya xüsusi münasibət bəsləyiblər. Aramsız yağan leysan yağışların, çay daşqınlarının və sellərin gətirdikləri fəlakətlər suya fövqəlqüvvə kimi yanaşmağa, eyni zamanda təbiət və məişətdəki mövqeyinə görə ona pərəstişə səbəb olub. Ona görə də su ilə əlaqədar çoxlu adət və ayinlər yaranıb ki, bunun da əksəriyyəti Novruz bayramı ərəfəsində həyata keçirilir. Məsələn, su kultu ilə bağlı olan su üstündən tullanmaq, səhər tezdən bulağa gedib Novruz suyu gətirmək və evin künclərinə səpmək, su dolu qabda "İynəsalma" oyunun keçirilməsi və s. kimi adətlər suyun müqəddəsləşdirilməsinə gətirib çıxarıb. Belə rituallar suyun ətraf mühitin mühüm komponentlərindən biri kimi qorunmasına və qənaətlə istifadəsinə xidmət edib. İnama görə müqəddəs hesab olunan suyu murdarlamaq, onu çirkləndirmək olmaz. Təsadüfi deyil ki, İlin Axır çərşənbələrindən biri su ilə bağlı olub, Su Çərşənbəsi adlanır. İnsanın təsərrüfat fəaliyyəti, xüsusən də əkin sahələri susuz keçinə bilməz. Yeganə təbii su mənbəyi yaz yağışlarıdır. Novruz ərəfəsində oxunan nəğmələrin bir qismi bol yağış arzusu ilə bağlıdır:
Gəl, gəl, yağışım, gəl...
Payızım gəl, qışım gəl,
Qarlar üstü yol olsun,
Arpam, buğdam bol olsun.
Bol yağış bir tərəfdən insan üçün yaşayış vasitələri, təbii sərvət demək idisə, digər tərəfdən ziyangətirici amilə çevrilib. O bənd-bərəni dağıdır, əkini korlayır, heyvandarlığa zərər vururdu. Dolu və leysan yağışlarının qarşısını almaqdan ötrü ayinlər həyata keçirilirdi. İlaxır Çərşənbə və Novruz bayramında qovrulmuş buğdanın (qovurğanın) siftəsini götürür, xüsusi ovsun oxuyub bayıra atırdılar ki, dolu və leysan dayansın. Belə qovurğanı təmiz yerdə saxlayır və ondan qida kimi istifadə etmirdilər.
Bununla əlaqədar başqa bir ayinin icrası zamanı eyni adlı iki şəxs hərəsi bir mıx götürüb eyni vaxtda onu yerə çalaraq xüsusi nəğmə oxuyurlar. Guya leysan yağışlar bu kimi tədbirlərdən sonra dayanacaq və gözlənilən təbii fəlakətin qarşısı alınacaq. Belə mifik inamlar tarixən insanların təbii sərvət kimi suya münasibətlərinin real göstəricisi olub.
Novruz mərasimlərində diqqəti cəlb edən ayinlərdən biri də odla bağlıdır. Odla ilişkili məsələnin kökü çox uzaqlara gedib çıxır. Əksər tədqiqatçılar bunu Zərdüştiliklə əlaqələndirirlər. Bizə görə burada bir həqiqət var. Məsələn, tonqal yandırmaq, od üzərindən atılmaq və s. kimi ənənələr Novruzu təntənəli keçirmək arzularıyla bağlı olub və bilavasitə atəşpərəstlyin təsirindən yaranıb. Lakin başqa səbəbləri də istisna etmirik. Belə ki, Azərbaycan sözünün etimologiyasında "od qoruyucusu", yaxud "od evi" ifadəsi gizlənib. XIII əsr ərəb tarixçisi Y.Həməvinin izahına görə, "Azərbaycan" "Adar" - od, "Baykan" – "qoruyucu" mənasındadır. Bu araşdırma uzun illər tədqiqatçıların müzakirə obyektinə çevrilib. Azərbaycanın Odlar Yurdu kimi tanınması təsadüfi deyil. Qeyd etdiyimiz kimi Zərdüştün Novruz mərasimlərinə odu daxil etməsi də səbəbsiz deyi. Zərdüşt özünə qədər mövcud olub, lakin hansı səbəbdənsə unudulmuş ənənəni, yaratdığı Atəşpərəstlik inamı ilə bərpa edib. Od, Zərdüştiliyə xas olan dualizmin iki qanadından birinin - Xeyir Allahı Hörmüzdün daşıyıcısıdır. O, bədxah qüvvələrlə daim mübarizədədir; pisliklərə, zərərli vərdişlərə, xəstəliklərə qarşı döyüşür. Novruzda və İlin Axır çərşənbələrində - Su, Od, Torpaq, Yel çərşənbəsində şərqovuşan vaxtı tonqal qalayıb üstündən üç dəfə tullanaraq "ağırım, azarım-bezarım burda qalsın" (bu ənənə indi də yaşayır) deyən əski insanlar bununla həyatın ilk ünsürlərindən birinə - Oda münasibətlərini ifadə ediblər. Onlar oda saflaşma, mənəviyyatın qoruyucusu kimi baxır, ritual zamanı əhalinin mənəvi və bioloji cəhətdən sağlamlaşması prosesinə inanırdılar. Hörmüzd - Od insanı bədxah ruhlardan təmizləyir, mənəvi cəhətdən kamilləşdirir. Yanan tonqal ətraf mühitdəki zərərli mikroorqanizmləri öldürür, üstündən tullanarkən odla birbaşa təmas nəticəsində bəzi xəstəliklərin törədiciləri məhv olur. Yorğan-döşək xəstəsini Axır Çərşənbə və Novruz axşamında od üstündən hoppanmağa vadar etmək çox güman bununla bağlı olub. Novruz axşamı evdə şam (adambaşına bir şam) yandırmaq da həmin səbəblə əlaqədar idi.
Novruz adətləri arasında səməni göyərtmək ən qədim ənənələrdəndir. Tədqiqatçılar səməni bitirməyi Zərdüştilikdən əvvəlki təsəvvürlərdən hesab edir, xalqımızın çörəyə, qüdsiyyətə ehtiramı, səcdəsi kimi qiymətləndirirlər. Buğda bərəkət rəmzi heab edildiyi üçün, onu cücərtmək bolluq və səadət arzusundan doğurdu.
Səməni, saxla məni,
İldə cücərdərəm səni.
Min illərdirdən bəri bir qayda olaraq Novruzqabağı səməni göyərtmək (buğda və ya arpa cücərtmək) adətə çevrilib. Bununla təkcə təbiətin yox, həm də əhalinin həyatının daha da yaxşılaşacağına ümid bəsləyir, hətta əminliklə inanırdılar. Zənnimizcə, "Səməni saxla məni" mərasim nəğməsinin kütləvi xarakter alması bu inamın nəticəsidir. Səməniyə inamın gücü nədə idi? Niyə o bu qədər qabarıq şəkildə təqdim olunurdu? Məlumdur ki, səməni yazın gəlişinin simvolu kimi seçilib. Canlı təbiətdə baş verən dəyişikliklərin çoxu mövsümi olaraq yazla bağlıdır. Bitki və heyvanların çoxalması, nəsil verməsi yaz aylarına təsadüf edir. Səməni göyərtmək (cücərtmək) isə o deməkdir ki, canlılar öz nəsillərini davam etdirəcəklər, həyatilik qabiliyyətləri artacaq, təbiət varlığını qoruyub saxlayacaq. Əhali səməni göyərtməklə (cücərtməklə) kifayətlənməyib, səməni bişirilməsinə də böyük əhəmiyyət verib.
Səməni bişirilməsinin qədim tarixi var. Plutarx midiyalıların taxılı müqəddəs hesab etdikləri,ilin başlanğıcında taxıldan "Omami" adlı yemək hazırladıqları barədə məlumat verir. Adı çəkilən "səm" çox vaxt səməni kimi təqdim edilir. Lakin son tədqiqatlar "səm"in heç də səməni olmadığnı göstərir. Bizim araşdırmamız bu fikrin doğruluğunu təsdiq edir. "Avestaya görə "həyat ağacı" çiçəklərinin adı "xaom" - "hom" idi. Ona "Avesta"da böyük qüdsiyyət verilirdi. Bu, bir tərəfdən həmin çiçəklərin yazda açılması ilə əlaqədar idisə, digər tərəfdən onların xalq etiqadına görə, bir sıra gözəl xüsusiyyətlərə malik müqəddəs bitki hesab edilməsilə bağlı olub. Xaom çiçəyinin "Avesta"dan daha əvvəllərə aid ən qədim adı "som", yaxud "səm" olması fikri də var. Professor A.Nəbiyevə görə isə "Avesta"da "həyat və əbədiyyət" çiçəyi hesab edilən "xaom-səmsəm" "Kitabi-Dədə Qorqud"da Buğacın yarasını sağaldan "səm"dir - dağ çiçəyidir. Onun fikrincə, səm çiçəyi yazın gəlişi ilə əlaqədar göyərtdiyimiz səməni deyil, qar altından martın əvvəllərində baş qaldıran dağ çiçəyidir.
A.Nəbiyev məsələnin mahiyyətinə elmi - bioloji baxımdan çox düzgün yanaşıb. Həqiqətən "səm" səməni ola bilməz. O, M.Təhmasibə istinadən qeyd edir ki, suman halvasını səmdən yox, səmənidən (suman, səmən) hazırlayırdılar. Elə indi də səməni halvasını səmənidən bişirirlər. Bəs onda "səm" hansı çiçəkdir? "Qar üzəri səm oldu, hər tərəf səm-səm oldu" fikrini əsas götürən alim haqlı olaraq, səm çiçəyinin qar altından martın əvvəllərində baş qaldırdığını yazır və onu yasəmənlə eyniləşdirməyin həqiqətə uyğun olmadığı qənaətinə gəlir.
Novruz adət-ənənələrinin milli ruhun qorunub saxlanılmasında, mənəvi dəyərlərin formalaşmasında da çox böyük əhəmiyyəti olub. İnsanın ekologiyasına da Novruz mərasimləri çox böyük təsir göstərib. Məsələn, Novruz bayramı ərəfəsində elliklə iməcliklərin keçirilməsi, təmizlik və abadlıq işlərinin aparılması, yeni ağac və kolların əkilməsi, küsülülərin barışması, bir-birinin xətrinə dəyməmək, tutduğu mövqedən, cinsindən və başqa fərqlərdən asılı olmayaraq hamının eyniləşdirilməsi, varlının da, kasıbın da süfrə bəzəməsi və bütün arzuların həyata keçməsi inamı, xəstəliklərdən azadolma təlqini və s. Novruz adətlərinə görə həmin günü savaşmaq, söyüşmək, yalan danışmaq, qəmgin oturmaq, qarğış eləmək, qeybət qırmaq yasaq edilir.
Novruzda nəsil artımına da fikir verilib, bununla bağlı çoxlu adətlər yaranıb; tut, əncir, şabalıd ağaclarının əkilməsi, təzə əkin üçün torpaqların şumlanması, basdırmaq üçün qələm kəsilməsi, beşik düzəldilməsi və s. Torpağa, suya, günəşə, havaya, bitkiyə və heyvana insan kimi yanaşmaq, onları özünə dost bilmək, qayğı göstərmək ənənəsi təsadüfi olmayıb təbiətə, təbii sərvətlərə münasibətdən irəli gəlirdi.
Şübhəsiz, real qanunların mövcud olmadığı dövrlərdə yeniyetmə və gənclərin təbiətə münasibətlərində, ekoloji dünyagörüşlərinin formalaşmasında Novruzla bağlı bu cür təlqinlərin misilsiz əhəmiyyəti olub. Beləliklə, Novruz adətləri tarixən xalqımızın ekoloji dünyagörüşünün inkişafı və formalaşmasında, canlı və cansız təbiətə normal münasibət göstərilməsində müstəsna faydası olub.


Yusif DİRİLİ (Mahmudov)