Tbilisidə məşhur fotorəssam Aqdes Bağırzadənin sərgisi açılıb Mədəniyyət

Tbilisidə məşhur fotorəssam Aqdes Bağırzadənin sərgisi açılıb

Tbilisidə ən məşhur rəsm qalereyalarından biri olan “IAart Gallery”də “Wondernet Express Investment Group”un dəstəyi ilə azərbaycanlı fotorəssam Aqdes Bağırzadənin fərdi sərgisinin açılışı olub. Sərgi mayın 30-u dək davam edəcək.

AZƏRTAC xəbər verir ki, Aqdes Bağırzadə Tbilisidə ilk dəfə olaraq “Mənim görünməyən tərəfim” (“The Other Side of Me”) adlı əsərlər silsiləsini təqdim edir. Bu silsilədən olan fərdi əsərlər Parisdəki Beynəlxalq Müasir İncəsənət Salonunda (“Carrousel du Luvr, 2022”) nümayiş etdirilib, həmçinin “Rusiya İncəsənəti” kataloqunda “Beynəlxalq İncəsənət” (2019) bölməsində dərc olunub. Bundan əlavə, 2019-cu ildə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi bu silsilədən əsərlərdən ibarət rəngli almanax nəşr edib. Sərgidə Gürcüstanın diplomatik missiyalarının nümayəndələri və yaradıcı ziyalılar iştirak ediblər.

“Mənim görünməyən tərəfim” seriyası dünyanı necə gördüyüm ilə bağlı subyektiv hisslərimdir. Seriyaya qəfil diqqətimi çəkən memarlıq detallarından tutmuş gerçəkliyin xəyali, optik olaraq yenidən düşünülmüş əkslərinə qədər, sufi dərvişlərin mistik rəqsindən tutmuş təbiətin özündə gizlincə izlənilmiş abstrakt formalara qədər gündəlik həyatın ən müxtəlif obrazları daxildir. Sanki ekspromt kimi kamera ilə çəkilən, ani olaraq keçməsində gözlənilməz olan gerçəkliyin görüntülərini xoşlayıram. Ətraf mühit, istər təbiət, istərsə də şəhər olsun, mənə həmişə yaradıcılığa təkan verir”, - deyə Aqdes Bağırzadə bəhs edib..

Aqdes Bağırzadənin sənət portfelinə bir çox digər maraqlı fotoşəkil seriyaları daxildir. Onun fotoşəkilləri Azərbaycanda və xaricdə də dəfələrlə nümayiş etdirilib, bir sıra iri beynəlxalq müsabiqələrdə mükafatlar qazanıb və bir çox beynəlxalq fotofestivallarda, o cümlədən Azərbaycan, Sloveniya, Avstriya, Rusiya, Polşa, Ukrayna və Türkiyədə yüksək qiymətləndirilib. Fotorəssam dəfələrlə beynəlxalq foto müsabiqələrinə münsiflər heyətinin üzvü kimi dəvət olunub.