Millətin milliliyini saxlayan onun dilidir Mədəniyyət

Millətin milliliyini saxlayan onun dilidir

Avqustun 1-də Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində Azərbaycan əlifbası və Azərbaycan dili gününə həsr edilmiş tədbir keçirilib.
Respublikanın tanınmış ədəbiyyat nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycan dili və ədəbiyyatının inkişaf səviyyəsindən danışılıb. Tanınmış yazıçılar Natiq Məmmədli, Elçin Hüseynbəyli və digər çıxış edənlər şifahi və yazılı dildə istifadə olunan neologizmlərdən, buraxılan səhvlərdən və bunların qarşısının alınması yollarından söz açıblar.
Vurğulanıb ki, dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin səyləri xalqımız üçün əvəzedilməz töhfədir. "Millətin milliliyini saxlayan onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, həm də azərbaycançılıq məsələsidir", – deyən Ümummilli Liderin 2001-ci il iyulun 18-də imzaladığı "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında", həmin il avqustun 9-da imzaladığı "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" fərmanlar ana dilimizin qorunması və inkişafı baxımından göstərdiyi misilsiz xidmətlərdəndir. Hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. 2003-cü ilin yanvarın 2-də isə Heydər Əliyevin Fərmanı ilə "Azərbaycan Respublikasında Dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Qanunda dövlətin ana dilinə qayğısı istiqamətində əsas vəzifələr dəqiq göstərilib. Qeyd edilib ki, dilimizin saflığının qorunması, eyni zamanda, özünəməxsus cəhətlərinə xələl yetirilmədən zənginləşdirilməsi hazırda aktual məsələlərdəndir. Xüsusilə, yeni və təkmilləşdirilmiş, fərqli formatlarda lüğətlərin hazırlanması, dünyanın tanınmış yazıçılarının əsərlərinin Azərbaycan dilinə tərcümə edilməsi, televiziya və radiolarda verilişlərin yayımı, filmlərin nümayişi zamanı ana dilimizin bütün xüsusiyyətlərinə riayət olunması müvafiq istiqamətdə həyata keçirilən önəmli tədbirlərdir.
Tədbir qarışlıqlı diskussiya şəraitində davam edib.