ABŞ əvvəlcə öz qitəsində hökmranlıq qurmaq istəyir
8 Yanvar 22:45

ABŞ-nin Venesuela prezidenti Maduronu oğurlaması hazırda dünyanın gündəmində qalmaqda davam edir.
Bu prosesin presedentə yol açacağı və daha təhlükəli prosesləə rəvac veriləcəyi ilə bağlı narahatlıq yaradılb.
Venesuelada vəziyyət necə olacaq və bu proses dünya siyasətinə necə təsir edəcək?
“Xalq Cəbhəsi” millət vəkilləri və siyasi ekspertlərlə bu suallara cavab tapmağa çalışıb.
Beynəlxalq hüquq konteksti
Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, ABŞ-nin Venesuelada keçirdiyi əməliyyat ABŞ pəncərəsindən onun həyati vacib maraqlarının qorunması üçün atılan bir addımdır: “Amma şübhəsiz ki, bu, həm də beynəlxalq hüququn, BMT Nizamnaməsinin kobud formada pozulmasıdır. ABŞ-ni bu addımı atmağa vadar edən Amerika qitəsinə sahib çıxması istəyi və məqsədləridir. Çünki ABŞ hər şeydən öncə Amerikanı şimalı və cənubu ilə öz nəzarətində olmasını istəyir və bunu öz təhlükəsizlik çətiri kimi görür. Ancaq son dövrlərdə Venesuela ilə Çin arasında münasibətlərin dərinləşməsi, Panama ilə Çin arasında münasibətlərin dərinləşməsi proseslərini ABŞ öz milli təhlükəsizliyi üçün təhdid hesab etdi və əvvəlcə Panamadan Çini çıxardı, indi isə Venesueladan Çini çıxardı və beləliklə qlobal platformada özünün əsas rəqibinə strateji bir zərbə vurmuş oldu”.
ABŞ Venesuelanın resurslarını ələ keçirməklə…
H.Babaoğlu qeyd edib ki, digər bir səbəb, bu gün Rusiya ilə Avropa İttifaqı arasında münasibətlərin gərginləşməsi kontekstində Avropanın yeni neftə ehtiyacı var: “Yəni Avropa qitəsi bütövlükdə hazırda çox böyük həvəslə neft və neft məhsulları istehlak etmək üçün alternativ mənbə axtarır. Bu zaman ortaya çıxan dünyanın bir nömrəli resursu Venesueladır. ABŞ həm də geoiqtisadi kontekstdə Venesuelanın resurslarını ələ keçirməklə onu Avropaya satmaq imkanları əldə etdi. Eyni zamanda, digər neft istehlakçılarına da neft satmaqla bağlı heç bir məhdudiyyət tətbiq etməyəcəyini bildirdi. Amma bu da məsələnin hamısı deyil”.
“ABŞ yeni bir üstünlük qazanmış oldu”
Deputatın sözlərinə görə, strateji tablonu bir qədər böyütsək fonda daha böyük hadisələrin və məqsədlərin olduğunu görəcəyik: “Bu, nədən ibarətdir? Hazırda hamının bəhs etdiyi qlobal çoxqütblü sistemə qarşı ABŞ-nin qlobal dövlət, ya da qlobal təkqütblü sistem alternativi var. ABŞ həm də bu istiqamətdə öz məqsədlərinə doğru əhəmiyyətli bir addım atmış oldu. Çünki yalnız şimallı, cənublu Amerikada hakim olduqdan sonra ABŞ üçün dünyaya hakim olmaq perspektivləri yaranır. Əslində, ABŞ öz maraqları, məqsədləri baxımından strateji addım atmaqla yeni bir üstünlük qazanmış oldu. Bu fonda beynəlxalq hüquq, dövlətlərin suverenliyi, ərazi bütövlüyü kimi məsələlərin bir daha nə qədər formal olduğu ortaya çıxdı və heç kəs ABŞ-nin bu addımını qınamaq üçün belə özündə cəsarət tapa bilmədi”.
“Bu, neft ehtiyatlarına bağlı olan məsələdir”
Siyasi şərhçi Zeynal Əmrəliyev söyləyib ki, ABŞ-nin Maduronu ələ keçirməsi neft ehtiyatlarına bağlı olan məsələdir: “Yəni ABŞ uzun müddətdir ki, Venesuelanın zəngin neft ehtiyatlarını ələ keçirməyə və burada özünün maraqlarını təmin etməyə çalışırdı. 1999-cu ildə sosialist Uqo Çaves hakimiyyətə gəldikdən sonra faktiki olaraq Venesuela ABŞ-nin öz ölkəsinə daxil olmasına və neft mənbələrindən faydalanmasına qadağa qoyub. Yəni Çavesin vaxtından bu, qüvvədədir. Faktiki olaraq 27 ilə yaxın bir dövrdür ki, ABŞ Venesuelada iqtisadi maraqlarını təmin edə bilmir. 2000-ci ildə Corc Buş prezident seçildikdən sonra çox çalışdı ki, Venesuelada ABŞ-nin maraqlarını təmin etsin. Ancaq buna nail ola bilmədi”.
“Maduro bitmiş bir fiqur idi”
Z.Əmrəliyev qeyd edib ki, burada əsas məsələ ABŞ-nin öz maraqlarını hansı üsulla təmin etməsidir: “ABŞ xüsusi təyinatlıları Venesuelanın paytaxtı Karakasda əməliyyat keçirərək Maduronu hakimiyyətdən devirdilər. Burada sual olunur ki, bu əməliyyatın belə tez keçirilməsində və bu dərəcədə effektiv olmasında əsas məsələ nədir? Maduronun hakimiyyəti demək olar ki, legitimliyini itirmişdi. Faktiki olaraq Maduro artıq bitmiş bir fiqur idi. Buna görə də ABŞ bu əməliyyatı çox rahat bir şəkildə həyata keçirə bildi”.
“İqtidar özünü qorumaq üçün…”
Onun sözlərinə görə, ikinci məsələ isə iqtidar elitasının ABŞ ilə bu məsələdə razılaşmış olmasıdır: “Biz elitanın, yəni Maduronun hakim komandasının öz fəaliyyətini davam etdirməsinin şahidi oluruq. ABŞ demək olar ki, yeganə olaraq Maduronu və onun həyatı yoldaşını ölkədən çıxardı, geri qalan heç kəsə toxunmadı. Bu fakt onu göstərir ki, elita özünü qorumaq üçün Maduronu qurban verib və ABŞ ilə razılaşdırılmış şəkildə öz hakimiyyətlərini saxlayacaqlar”.
ABŞ-nin növbəti addımları…
O həmçinin deyib ki, Venesueladakı vəziyyətin olduğu, hakim komanda və onun lideri arasında uçurumun olduğu, prezidentin öz legitimliyini itirdiyi ölkələrdə və ABŞ-nin təsirinin güclü olduğu ölkələrdə eyni hadisə baş verə bilər: “Məsələn, tez-tez misal çəkirlər ki, İranda və Şimali Koreyada bu hadisə baş verə bilərmi? Mən bunu güman etmirəm. Çünki ABŞ-nin İranda və Şimali Koreyada təsiri bu qədər güclü deyil. Maksimum şəkildə ABŞ təzyiq göstərməyə başlayacaq. Bundan sonrakı hədəfləri çox böyük ehtimalla Meksika və Kolumbiya kimi ölkələr olacaq ki, ABŞ burada çalışacaq bu hakimiyyətləri silkələsin. Bundan sonra ABŞ növbəti mərhələdə Latın Amerikası ölkələrində daxildə 5-ci kolonları, özünün yetişdirdiyi qüvvələr vasitəsilə hakimiyyətləri devirmək üçün səylər göstərə bilər”.
Əsas məqsəd
Siyasi şərhçi Taleh Əliyev deyib ki, ABŞ-nin Venesuelada həyata keçirdiyi əməliyyatın əsas hədəfi Maduronun hakimiyyətdən uzaqlaşdırılması və bu ölkədə anti-amerikan rejimə son verməyidir: “Söhbət ABŞ üçün Venesuelada bir diktator rejimin, anti-amerikan rejimin olmasından getmir. Burada əsas hədəf Latın Amerikası regionunda ABŞ-nin maraqlarına tərs düşən, beynəlxalq səviyyədə ABŞ-yə qarşı müttəfiq deyil, əslində, rəqib olaraq qiymətləndirilən ölkələrin bu rejim vasitəsilə Latın Amerikasında özlərinin iqtisadi və geosiyasi maraqlarını reallaşdırması və bununla da ABŞ-yə qarşı təhdid formalaşdırılmasıdır. Bilirik ki, devrilmiş və qaçırılmış Venesuela Prezidenti hakimiyyətə gəldiyi vaxtdan, hətta onun varisi olduğu Uqo Çavesin özü belə Latın Amerikası ölkəsi olan Venesuelada sosializm rejimi qurmaqla ABŞ-yə qarşı, bütövlükdə kapitalizm dünyasına qarşı bir cəbhə açmışdı və müttəfiq ölkələr qismində də əsasən Rusiya və Çinlə, eyni zamanda İranla əməkdaşlıq edirdi”.
Siyasi şərhçi bildirib ki, ABŞ-nin həyata keçirdiyi bu əməliyyatda başlıca hədəfi Venesuelanın neft və qazla zəngin olan təbii sərvətlərini özünün rəqib ölkələrinin əlindən almaq və yenidən bu ölkənin sərvətlərini özünə rəqib olan ölkələrin iqtisadiyyatının formalaşmasında iqtisadiyyatına sərmayə olaraq cəlb olunmasının qarşısını kəsərək yenidən öz nəzarətinə götürməkdən ibarət idi: “Yəni bu baxımdan Maduronın şəxsiyyətindən daha çox, həyata keçirilən əməliyyatın başlıca məqsədi Venesuelanı yenidən ABŞ-nin nəzarətinə keçirməyə nail olmaq idi ki, üç saatlıq əməliyyatla da ABŞ öz məqsədlərinə nail ola bildi”.
Röya İsrafilova