Azərbaycan Milli Xalça Muzeyində “Tacik tikmə dünyası” adlı sərgi açılıb Mədəniyyət

Azərbaycan Milli Xalça Muzeyində “Tacik tikmə dünyası” adlı sərgi açılıb

Azərbaycan Milli Xalça Muzeyində “Tacik tikmə dünyası” adlı sərgi açılıb.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi və Tacikistan Milli Muzeyinin təşkilatçılığı ilə keçirilən sərgi iki ölkə arasında mədəni dialoqun inkişafına mühüm töhfə vermək və qarşılıqlı mədəni mübadilə ənənəsini davam etdirmək məqsədi daşıyır.

AZƏRTAC xəbər verir ki, sərgidə Tacikistanın Milli Muzeyinin kolleksiyasından 56 unikal eksponat nümayiş etdirilir. Açılış mərasimində Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova, Tacikistanın ölkəmizdəki səfiri İlhom Abdurahmon, deputatlar - Azərbaycan–Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri, Tacikistan Milli Muzeyinin direktoru Zəfərşo İbrohimzoda Safo iştirak ediblər.

Çıxışlarda Azərbaycan və tacik xalqları arasında əsrlərə söykənən dostluq və mədəni əlaqələrdən bəhs edilib, bu sərginin iki ölkə arasında mədəni əməkdaşlığın yeni mərhələsini simvolizə etdiyi vurğulanıb.

Sərgidə tacik xalqının bədii-estetik zövqünü, ideallarını, dünyagörüşünü, mənəvi dəyərlərini əks etdirən qədim və zərif tikmələr nümayiş olunur. Tacikistanın Xücənd, İstərövşən, Kulab, Pəncəkənd, Rəşt, Bədəxşan, Hisar və digər şəhər və bölgələrindən olan ustalar tərəfindən yaradılan zəngin kolleksiya Azərbaycan tamaşaçılarına ilk dəfə təqdim edilir.

Bunlara Tacikistan Milli Muzeyinin qızıl fondundan seçilmiş 56 unikal eksponat – örtüklər, “çakan” geyimlər, canamazlar, yastıq üzləri, kişi bel yaylıqları, dəstərxanlar və digər ənənəvi tikmə nümunələri aiddir. Sərgidə rəng çalarlarının və naxışlarının zənginliyi ilə seçilən, tacik tikməsinin nadir nümunələrindən olan süzənilər də xüsusi yer tutur.

Tacik tikmələri qadın sənətkarlar tərəfindən nəbati, həndəsi ornamentlər, epiqrafik motivlər və kalliqrafik yazılarla bəzədilir. Onların üzərindəki hər bir naxışın - nar çiçəyi, lalə, söyüd yarpağı, günəş, ay, ulduz, tovuzquşu quyruğu, hibiskus kimi təsvirlərin öz mənası var. Qeyd edək ki, 2018-ci ildə Tacikistanın “Çakan” tikmə sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına salınıb.

Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova qonaqları salamlayaraq deyib: “Məlum olduğu kimi, Azərbaycan və tacik xalqları əsrlər boyu həmrəylik və dostluq ruhunda yaşayıblar. Azərbaycan ilə Tacikistan arasında mədəni bağların dərin tarixi kökləri var və hər iki ölkənin müstəqillik əldə etməsindən sonra möhkəm təməl üzərində qurulan bu əlaqələrin fonunda paytaxtlarımızda keçirilən sərgilər mədəniyyət sahəsində sıx əməkdaşlığın təzahürüdür”.

Sərgidə, həmçinin Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından XIX əsrə və müasir dövrə aid eksponatlar – xovlu və yastı toxunmuş xalçalar, kilimlər, bədii metal işləri, tikmə nümunələri, eləcə də Xalq rəssamı Eldar Mikayılzadə və yamaq ustası Xalidə Nəsirovanın əsərləri nümayiş etdirilir.

“Bugünkü sərgimiz birgə təşəbbüslərin, mədəni dialoqun, dostluğun, qarşılıqlı anlaşmanın nəticəsidir”, - deyə Əminə Məlikova vurğulayıb. O əlavə edib: “Tacik tikmə dünyası” sərgisi sizi zəngin tarixi, bədii-estetik dəyərləri və incə zövqü ilə seçilən tacik xalq sənəti dünyasına səyahətə dəvət edir. Tacikistanın müxtəlif bölgələrindən olan rəssamların əsərləri ilk dəfə olaraq Azərbaycan ictimaiyyətinə təqdim olunur. Bugünkü sərgi Azərbaycan və Tacikistan arasında mədəni əməkdaşlığın yeni mərhələsini simvollaşdırır".

Təşkilatçıların sözlərinə görə, “Tacik tikmə dünyası” 2025-ci il mayın 20-də Düşənbədəki Tacikistan Milli Muzeyində keçirilən və böyük marağa səbəb olan “Azərbaycan incəsənət incilərində yaşayan milli irs” sərgisinin məntiqi davamıdır.

Tacikistan Milli Muzeyinin direktoru, tarix elmləri doktoru Zəfərşo İbrohimzoda Safo AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib: “Biz ənənəvi tikmə sənətinin geniş çeşidli nümunələrini gətirmişik: xüsusi növ divar asma xalısı, kilimlər, canamaz (namaz xalçaları), dəstərxanlar taciklərin gündəlik həyatında hər zaman mövcuddur. Başqa sözlə, “gülduzi” (tacik dilində sözün əsl mənasında “gül tikmə” - özünəməxsus texnikası ilə ənənəvi tacik tikmə sənəti — red.) taciklərin gündəlik məişətinin bir parçasıdır. Hər şeydən əvvəl, tacik tikmələri ölkəmizin hər bir sakininin qürur və şöhrət mənbəyidir. İstənilən evə daxil olun və bu və ya digər növ nümunələri görəcəyinizə əmin ola bilərsiniz. Tacikistanın hər bir bölgəsinin özünəməxsus xüsusiyyətləri var. Burada Kanibadam və Kulyab, Pəncəkənd və Hatlon, Bədəxşan tikmələri arasındakı bölgüləri görə bilərsiniz. Bu onu deməyə əsas verir ki, tikmə xalq arasında dekorativ-tətbiqi sənətin ən geniş yayılmış növlərindən biridir. Tacik xalqının tarixindən bəhs edərkən qeyd etməyi vacib sayıram ki, tacik “gülduzi” sənətinin ilk nümunəsi tunc dövrünə təsadüf edir. O, Farxor rayonunda aşkar edilib və Diyarşünaslıq Muzeyinin kolleksiyasında saxlanılır. Bu, “Həyat ağacı”nı təsvir edən çox kiçik tikmə parçasıdır və onu hədsiz dərəcədə qiymətləndirən mütəxəssislər üçün ölkəmizdə bütün tikmə sənətinin prototipidir”.

Direktor əlavə edib: “Gülduzi”yə daxil edilən hər bir simvolun mənası var. Məsələn, Günəşin təsvirində olan dairəvi naxışlar ənənəvi bəzəkləri, ağ-qara xətlər isə işıq və qaranlığın mübarizəsini ifadə edir. Sarı saplarla işlənmiş dairəvi formalar isə zərdüştilik dövrünə işarədir. Bizim sənətkarlarımızın bitki motivlərinə xüsusi marağı var. Tikmələrdə arzu və gözmuncuğu forması yer alır. Belə əşyaların evlərdə həmişə sağlamlıq və rifahı təmin edəcəyinə inanılır. Taciklərin qədim ənənəsi var ki, qızı ərə verməzdən əvvəl əllə tikmənin həmişə bir hissəsini yarımçıq qoyurlar, bu, sənət ənənəsinin davamlılığının və nəsildən-nəslə ötürülməsinin dərin mənasını ifadə edir”.

Tacikistanın muzey direktoru əlavə edib ki, sərgi üçün eksponatlar seçərkən, onlar ölkənin hər bir bölgəsinə öz sənətini nümayiş etdirməyə imkan verəcək şəkildə “gülduzi” çeşidlərini nümayiş etdirmək imkanlarına diqqət yetiriblər.

“Sevindirici haldır ki, may ayında düşündüyümüz bu ideya xalqlarımız arasındakı əlaqədən xəbər verir və Tacikistan Milli Muzeyi ilə Azərbaycan Milli Xalça Muzeyi arasında əməkdaşlığı vurğulayır. Bu gün Azərbaycan Milli Xalça Muzeyinin divarları arasında onun zəngin kolleksiyası ilə tanışlıqdan sonra bir daha əmin oldum ki, tikmə sənəti və xalçaçılıq, onların naxışları çox oxşardır. Hər iki xalqın mədəniyyətində rast gəlinən dizayn müsəlman üslubu kimi də tanınır, ona görə də demək olar ki, “Tacik tikmə dünyası” adlı sərgimiz Xalça Muzeyinin əsas kolleksiyasını davam etdirir və indi vahid məkanda bir araya gətirilən bu qədim sənətlərə əlavə müqəddəs mənalar gətirir”.

Sərgidə Tacikistandan xüsusi dəvət olunmuş tikmə ustası Malohat Mirzoyevanın real vaxt rejimində incə işini nümayiş etdirdiyi ustad dərsi keçirilib. Ziyarətçilər təkcə “gülduzi”nin yaradılması prosesini müşahidə etmək deyil, həm də onun nüansları ilə tanış olmaq, özləri də bir neçə tikişi sınamaq imkanı əldə ediblər. Sərgidə videoçarxlar nümayiş etdirilib.

Açılış mərasimində Azərbaycan və Tacikistan incəsənət ustalarının ifasında musiqili çıxışlar da olub, həmçinin qonaqlara ənənəvi tacik mətbəxinin təamları təqdim edilib.

Açılış mərasimindən sonra qonaqlar “Tacik tikmə dünyası” adlı sərginin eksponatları ilə tanış olublar.

Sərgi oktyabrın 25-dək davam edəcək.