
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasında çıxışı zamanı Azərbaycan dilinin inkişafı və qorunması haqqında dəyərli fikirlər söylədi və bu fikirlər Azərbaycan yazıçıları, dilçiləri qarşısında yeni üfüqlər açdı. İndi mətbuatda, radio və televiziyada, təhsil ocaqlarında bununla bağlı geniş müzakirələr keçirilir. Bu gün Azərbaycan dilinin Türkiyə türkcəsinin basqısı altındadır- deyənlər də var. Amma mən burada heç bir təhlükə görmürəm. Tarix boyu dillər arasında həmişə söz mübadiləsi olub, bu gün də var, şübhəsiz ki, sabah da olacaq. Çünki dünyada heç nə qapalı olmadığı kimi, dil də heç vaxt qapalı ola bilməz və dilin keşiyində polis kimi dayanmaq da düz deyil.
Bunu AZƏRTAC-a tanınmış şair, Azərbaycan Respublikası Audiovizual Şurasının üzvü Qəşəm Nəcəfzadə deyib.
O bildirib ki, dillər bir–birindən söz alır, söz verir, bir – birinə inteqrasiya edir. Bu, təbiidir. Sadəcə biz öz dilimizin immunitetini gücləndirməliyik. Burada da əsas məsələ dilimizə təsir edən dillərə qarşı dayanmaq deyil, əksinə dilimizin imkanlarının genişləndirmək, onun inkişaf etməsinə şərait yaratmaqdır. Dil tarixən özünü təmizləyir və özünü qoruyur.
“Dilçilik qanunlarına əsaslanıb dili sıxmağın əleyhinəyəm. Bir az inkişafa açıq olmaq lazımdır. Başqa dillərdən gələn sözlərdən qorxmaq lazım deyil. Çalışsaq da onun qarşısını ala bilmərik. Yaxşısı budur ki, dialektlərdən ədəbi dilə hamı tərəfindən başa düşülən sözlər əlavə edək. Dialekt və şivələr ədəbi dil üçün əsas xammaldır. Buradan elə sözlər seçməliyik ki, əhalimizin heç olmasa doxsan faizi onu başa düşsün. Digər tərəfdən, yazıçılarımız Azərbaycan dilinin inkişafına çalışmalıdırlar. Bu gün mətbuatımızın əksər hissəsi səksəninci illərdən qalmış yorğun publisistika ilə işləyir. Bu da istər - istəməz Türkiyənin kağız və elektron mətbuatı, televiziya kanalları, xüsusən cizgi filmləri tərəfdən basqıya məruz qalır. Fikrimcə bunun qarşısını almaq üçün əsasən dilimizin bədiilik səviyyəsini artırmalıyıq. Bədiilik dilin immunitetini artıran əsas vasitədir. Demirəm ki, dilimiz xüsusən publisistikamız bədii olmalıdır, əsla yox, publisistikamızı köhnəlikdən bu yolla xilas edə bilərik. Sonra vəziyyət düzələndə, dilin enerjisinə nəzarət ediləndə bədiiliyi azaltmaq mümkün olacaq. Bu gün qardaş Türkiyənin ədəbi – bədii, mədəni, iqtisadi, publisistik, məişət –danışıq dili bizimkindən çox bədiidir. Ona görə də o dilin funksiyası böyük və genişdir. Dilin inkişafı ən çox elmi kəşflərə və iqtisadi inkişafa bağlıdır. İnkişaf artdıqca dil də inkişaf edəcək. Xarici ölkələrdən gəlib burada çalışan mütəxəssisləri Azərbaycan dilində danışmağa öyrətməliyik. Eyni zamanda, şəhərdəki bütün reklam lövhələri ilk növbədə Azərbaycan dilində, sonra isə başqa əcnəbi dildə yazılmalıdır”,- deyə Audiovizual Şuranın üzvü bildirib.