Dədə Qorqud tarixi şəxsiyyətdir Mədəniyyət

Dədə Qorqud tarixi şəxsiyyətdir

O, həm şair, həm dastançı, həm də filosofdur

Bugünlərdə dövlət başçısının sərəncamı ilə tariximizin aynası olan, folklorumuzun dərin köklərə bağlılığını göstərən, mənəviyyatımızın əyani şahidi olan Dədə Qorqud dastanları ilə bağlı yeni serial filmin çəkilməsi qərara alındı. 1970-ci illərdə xalq yazıçısı Anarın ssenarisi əsasında çəkilmiş iki seriyalı film tamaşaçıların rəğbətini qazanmışdı. Hər dəfə ekranda "Dədə Qorqud" filmini seyr etdikdə həyəcanlanmaya bilmirsən. Bir neçə dəqiqə də olsa Dədənin sazını, sözünü eşitmək istəyirik. Yəqin ki, çəkiləcək serialdan sənətkarlar da, biz tamaşaçılar da məmnun olacağıq. Uzun illər çalışdığım S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət arxivində "Dədə Qorqud" dastanı soraqlı xeyli tədqiqat işləri aparılıb. Alimlərimizdən H.Araslı, M.İbrahimov, müxtəlif folklorşünaslar da "Dədə Qorqud" dastanı haqqında qiymətli fikirlər irəli sürmüşlər.
"Dədə Qorqud" dastanının 1300 illik yubileyinin təntənəli keçirilməsi yaradıcı insanlarımıza daha qədim eposumuza dönə-dönə müraciət etməyə cəsarətləndirdi.
Dövlət Ədəbiyyat və İncəsənət arxivində mühafizə olunan Mirzə Abay Dağlı (Ağayev Cəmil İbrahim oğlu) adlı bir mühacir şairimiz, publisist və ədəbiyyatşünasımızın "Dədə Qorqud" adlı pyesi bir daha diqqətimizi çəkdi. "Dədə Qorqud" eposunun 1300 illiyi ərəfəsində biz əsəri Azərbaycan dilində çap etdirdik. Əsərin müəllifi Abay Dağlının Vətəni sevmək, gənclər arasında təmiz sevgi, yurdumuza qarşı hücum edən yağılara qarşı mübarizə məsələsi ilə bağlı doğma dillə təsvirlərinin şahidi oluruq. Dədə Qorqudun tarixlər görmüş müdrik ağsaqqal, qəhrəman, söz və saz ustadı kimi təsviri edilməsi barədə əsərin müəllifi yazmışdı: "Bizim ünlü dədəmizi Sovetlər Azərbaycan sənətçiləri bir film qəhrəmanı yapdılar. (Anarın ssenarisi əsasında çəkilmiş "Dədə Qorqud" filmi nəzərdə tutulur-M.T.). Yaddaşımda bir səhnə əsəri yazmaq üçün əski bir hazırlığım var idi. Fəqət "Füzuli" pyesimlə daha çox məşğul olur və bir neçə şəkildə planlaşdırdığım "Dədə Qorqud" pyesini tamamlaya bilmirdim. Ən son planımda pyesi tamamladımsa da, bunu hər hansı bir teatra, əsər müsabiqəsinə vermədim. Əsərin sadəcə, nəşr olunmasını arzulayırdım. Pyesdə "Dirsə Xanoğlu Buğac" hekayəsindən, yüzillik ziyafət, qara çadır uğursuzluğu və Buğacın yetişməsi əsas götürülüb, savaşlarından bəzi nümunələr verilib. Hekayələrin ön sözündə: "Oğuzun ol kişi tamam bilicisi idi. Oğuz hadisələrinin müşkülünü həll edərdi, hər nə iş olsa, Qorqud Dədəyə danışmadan işləməzlərdi" - deyə tanıdılan Dədə Qorqud səhnədə eyni həqiqi kişiliyi ilə canlandırıla bilmişsə, mənim bu əsərə bəslədiyim ümidim də canlanmış olacaq".
Əsərdə saz, söz, musiqi həmişə ön planda verilib. "Gedər qılınc yarası, getməz söz yarası"- demiş babalarımız. "Dədə Qorqud" dastanını bir də oxudum. Sazla sözün vəhdəti dastanın əsas qayəsini təşkil edir ki, Dədəm Qorqud da əsas qəhrəman kimi daha da ucalır. Dədə Qorqud yeri gələndə qılınca da, savaşa da rəğmən addımlar atır. Ancaq o, çox yerdə qılıncdan kəsərli sözləri ilə çıxış edir. Biz yeni çəkiləcək "Dədə Qorqud" filmini də bu cür görmək istəyərdik. Dədə Qorqud gənclərimizə həmişə irəli getmək, qarşısına çıxan düşmənlərə də həmişə ağılla, hünərlə qalib gəlmək tövsiyyəsini verir.
M.Dağlı əsərində əli qanlı insanları (əsərdə ermənilər nəzərdə tutulur) qurd sayır. Müəllifin "Dədə Qorqud" əsərində Mirzə Abay ermənilərə aid səhnələr də verib. Bahadurxanın dili ilə müəllif belə deyir:

Qan içib, ulamaq qurdun işidir,
Əli qanlı insan daha vəhşidir.

Dədə Qorqud ermənilərlə üz-üzə gələrkən belə deyir:

Bəlkə bir an tarixi düşünün! Unutmayın ki,
Sizin kimiləri çox gəlib, keçdi,
Bütün ölümlərdən bir ölüm seçdi.
Bu yurdun öz oğlu, öz sahibi var...

"Dədə Qorqud" pyesinin müəllifi əslən qarabağlı olduğu üçün Qarabağın ağrılarını, tarixini çox yaxşı bilir. Əsər 1977-ci ildə yazılıb. Onu da qeyd edim ki, Sovet dövründə çəkilmiş bizim "Dədə Qorqud" filmi də əsərin yazılmasında müəllifə kömək olub.
Ədəbiyyat və İncəsənət arxivində saxlanılan yazıçı-publisist Ənvər Yusif oğlunun bir məktubu da maraqlıdır. Anar ssenarini yazarkən sovet ideologiyası hakim idi. Ənvər müəllim hələ o dövrdə səmimi bir məktubla Anara müraciət edir, qələminə bələd olduğu üçün ondan umur ki, saza və sözə daha çox önəm versin.
Həyat inkişafdadır. "Dədə Qorqud" bizim mənəvi sərvətimizdir. M.Dağlının əlimizdə olan "Dədə Qorqud" pyesində Dədə Qorqud Xan qızına belə xitab edir:

Dinlə Bulcan qızımız,
Əlimdə sazımla səsləndin sana.
Eşidir bəy baba, mehriban ana,
Qismətim səninlə indi yan-yana.
Dünyaya Ay kimi nur saçan qızım,
Gözəllər gözəli ey Bulcan qızım.

Bir az çaldıqdan sonra Xan oğluna xitabla:

Dinlə, Buğac oğlumuz,
Bir müjdəsi vardır əlimdə sazın.
Həm zəfər göstərir alnında yazın,
Yanında yıldızın, gözəl Xan qızın.
Gözəllik sana bir yol açsın, oğlum,
Adını mən verdim, Buğacsan oğlum.

Yenə bir az saz çaldıqdan sonra hər ikisinə xitabla:

Dinləyiniz, övladlarımız,
Böyüyüb, bu dolğun yaşa qəlbiniz.
Xan qızı, Xan oğlu birlikdəsiniz,
Bu xeyir-duamla siz hər ikiniz.
Öz yurd sevgisini ön görəsiniz,
Daima şanlı bir gün görəsiniz.

Ənvər müəllimin 42 il bundan öncə yazılmış "Dədə Qorqud" kinosdastanı haqqında mülahizələrim" adlı yazısının bu gün də əhəmiyyətli olduğunu nəzərə alıb da oxuculara çatdırıram.

Maarif Teymur,
Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru

***

"Dədə Qorqud kinodastanı haqqında mülahizələrim"

Yazıçı Anar Rzayev "Dədə Qorqud" adlı kinodastan yazıb "Azərbaycan" jurnalına təqdim edib. Bu əsəri oxudum. Yazıçının böyük məhəbbət və axtarışlarının nəticəsi olan bu əsər barədə rəy yox, bəzi mülahizələr söyləmək istərdim.
Bir çox alimlər keçən əsrin birinci yarısında bu məşhur dastanın müxtəlif qollarını Avropa dillərinə tərcümə edib, rus alimi Bartold əsərin böyük bir qolunu - "Dəli Domrul" hissəsini ruscaya çevirib, türk alimi Rüfət 1915-ci ildə bu əsəri tam halda Türkiyədə çap etdirib, bu haqda şərhlər yazılıb.
Bir çox tədqiqatçılar dastan barədə müxtəlif fikirlər söyləmişlər. Lakin "Dədə Qorqud" - türkdilli xalqların, əsasən azərbaycanlıların həyatından alınmış bu dastan, hələ indiyə qədər geniş surətdə nə elmi, nə ictimai, nə dil qurumu etibarı ilə kifayət qədər öyrənilməyib. Hətta görkəmli alim H.Araslı əsərin müdrik xalq qəhrəmanı-aşıq-şair, dil və üslub yaradıcısının kimliyinə cavab verməyib, "Dədə Qorqud adlı tarixi şəxsiyyət olmuşmu?"- deyə şübhələnmiş, bu suala mənfi cavab verib. Biz hörmətli H.Araslının bu fikri ilə qəti razılaşmırıq.
"Dədə Qorqud"- alim, şair və mütəfəkkir bir şəxsiyyətin sözündən, dilindən, qələmindən çıxıb. Buna heç olmasa əsərin əvvəlindən sonuna qədərki dil və üslub quruluşunun vəhdəti, ardıcıllığı cavab verir.

Gəlinə ayran demədi, o Dədə Qorqud,
Ayrana doyuran demədi, o Dədə Qorqud.
İynəyə tikən demədi, o Dədə Qorqud.
Tikənə sökən demədi, o Dədə Qorqud.

Alimə görə bu fikirlər (bu mənalı və hikmətli sözlər) yanlış imiş və bunları dediyi üçün Dədə Qorqud dastanın yaranmasına layiq ola biləzmiş. Görəsən, bu məntiqsizliyi nə ilə açmaq olar?! Bax, məncə, yazıçı Anarı da bu sual daima məşğul edir. O, Dədə Qorqudu müdrik bir dastançı, yazıçı, şair kimi təsvir yolu ilə getməyə təşəbbüs edən Anar, Dədə Qorqudu kinopovestin mərkəzi surətlərindən biri kimi təqdim etməyə çalışıb və qismən (?!) buna müvəffəq də olub. Təəssüf ki, qismən!... Bu əsərə müasirliyin tələbləri, bugünkü oxucunun gözü ilə qiymət vermək üçün "Dədə Qorqud" surəti əsərinin baş qəhrəmanı ardıcıl surətdə təsvir olunmayıb. Bax, bu cəhətdən Anarla mübahisəyə-mükaliməyə ehtiyac var. Əsər oğuz tayfalarının (azərbaycanlıların) mənəvi, cismani cəhətdən bir-birini qırıb qəbir daşlarına, qaya parçalarına, qılınclanmış, nizələnmiş, torpağa yem olmuş qəbristan əhlinə çönməsi ilə başlayır. Dədə Qorqud görür ki, qəbrini qazırlar, o da bu gün-sabah həyat ilə vidalaşacaq. Sonradan yazıçı öz traktovkasına sadiq qalmır. Əsərin əvvəlində başlanan bu bədii vəziyyət qırılır, bayaqkı dirilərin, indiki ölülərin yaxın keçmişdəki mübarizə, müharibə və qırğın tarixinin təsviri başlayır. Bu bədii priyom sonralar da (çox təəssüf) öz həllini tapmır, hətta yazıçının nəzərindən tamam itir, köhnə-yanlış əqidələrə sadiq qalıb Dədə Qorqudu alayarım bir-iki yerdə "söz söyləyib, boy boylamağa" gətirib çıxarıb. Beləliklə, Qorqud əsərdə üçüncü-beşinci dərəcəli şəxsiyyətə çevrilir.
Kinodastanın qəhrəmanı "burnundan qan damanlar" olur:
Əsərin hər qolunda yırtıcılıq, vəhşilik, ölüm hökm sürür. Nizələr parlayır, qılınclar oynayır. Guya Vətən torpağını müdafiə edənlər - istər azərbaycanlılar, istər qıpçaqlar (?) gecə-gündüz bir-birini qırır, dağıdır, məhv edirlər. Anar istedad sahibidir, lakin o, bu istedadını bəzi tarixçilərin yanlış fərziyələri üzərində qurub. O, Dədə Qorquddakı insani hissləri ön plana çəkmədiyi üçün eposu təqlid etməyi daha üstün tutub. Banuçiçəyin məhəbbəti, çobanların dərrakəli igidlikləri, qardaşın sədaqəti, Burla xatunun alicənablığı ön plana çəkilməlidir. Dədə Qorqud bu hadisələrin, bu hisslərin yaranmasında özü iştirak etməli idi. Mən belə fikirdəyəm ki, Dədə Qorqud tarixi şəxsiyyətdir. O, həm şair, həm dastançı, həm filosofdur. Əsərdə şeirlərdəki sərrastlıq, dürüstlük, üslub bütövlüyü bunu isbat edir.
Əsərdə Dədə Qorqud kölgədə qalıb. Biz unuduruq ki, Dədə Qorqudlar Nəsimilərin, Nizamilərin sələfləridir. Bu şeir və humanizm bahadırlarının zəminini Dədə Qorqud kimi müdriklər yaradıb. Mən Anarın gözəl ədəbi dilini, əvəzsiz təşbehlərini, aforizmlərini bir oxucu kimi yüksək qiymətləndirirəm. Başqa söz deməyə vicdanım yol verməz. Eyni zamanda böyük yaradıcılıq axtarışlarının nəticəsi olan bu əsərin çapına mane olunmamasını desəm dilim quruyar. Ancaq axı su yerinə qan axıtmaq - özü də öz qonşunun, dünyanın kiçik bir guşəsində bu qədər qan axıtmaq məcburi deyil!
Əsəri yenidən işləməyi təklif etmirəm. Əsər yazılıb və onun bir çox hissələri, xüsusən sonu (50-ci şəkildən sonra) böyük bədii zövqlə oxunur.
Mənə Dədə Qorqud ver! Əziz Anar! O, xalqının sazına, sözünə sadiq qalsın! Sən, bunu bacararsan, Anar!
Hörmətlə, Ənvər Yusifoğlu (17.I.1973)