
Atif İslamzadənin “Məqam”, “Vaxt”, “Duyğu”, “Uşaqlar sevgi işığı”, “Sərbəst səhifə”, “Yaddaş arxası”, “Qırxıncı otaq” adlı bölümlərdən ibarət olan “Qırxıncı otaq” kitabından açıq-aydın hiss olunur ki, çağdaş şairlər sırasında onun özünəməxsus ifadə tərzi, üslubu var. Atif İslamzadə təmkinli və təvazökar insandır. Bunun arxasında onun coşğun və narahat ürəyini görməmək mümkün deyil. Məhz bu səbəbdən irəli gəlir ki, kitabda yeni poetik nəfəs, yeni orijinal misralar, fikirlər görürük. Kitabı vərəqlədikcə onun mövzu və yaradıcılıq yolunun zaman-zaman necə dəyişdiyinin şahidi oluruq. “Sərbəst səhifə”, “Yaddaş arxası”, “Qırxıncı otaq” adlı bölümlər Atif İslamzadə yaradıcılığında yeni bir mərhələ açır. Konkret həyat faktlarını qələmə alan şair təbiət təsvirini də verir, məhəbbətdən də yazmağa vaxt tapır, ailə-məişət mövzularına da müraciət edir. Bu mövzular onun yaradıcılığının ictimai əhəmiyyətini daha da yüksəldir. “Uşaqlar sevgi işığı” bölümündəki şeirləri isə həm ifadə tərzi, həm də məna və məzmunu ilə uşaq üçün yazdığı şeirləridir. Atif İslamzadənin uşaqların dünyasına müraciəti, onları duyması kitabda yeni poetik tərzdə öz ifadəsini tapır. “Düşüncə” şeirinə nəzər salaq. Şən bir nəğmə təsiri bağışlayan şeirdə oynaqlıq, ritm və sevinc var:
Ay mənim əziz balam,
Gözləri dəniz balam!
Dili bal kimi şirin,
Qəlbi tərtəmiz balam!
Qalx dizimin üstünə,
Saçlarımı qarışdır,
Mehriban bir ərk ilə,
Əzizlə, əzizlənim.
Sən öz təmizliyinlə,
Könlümə işıq çilə,
Qoy mən də təmizlənim!
Sırf folklor nümunəsini xatırladan “Düşüncə” şeirindəki “Ay mənim əziz balam” misrası şeri daha poetikləşdirir. Bu da təbii ki, şairin folklora bağlılığı ilə birbaşa bağlıdır. Şeirdə “Əziz balam” ifadəsi çox səslənsə də, fikirlər bir-birini təkrar etmir. Çünki bu səslənmə təbii hisslərdir, yanan ürəkdən gəlir, səmimidir və şairin balalar haqqında yeni poetik düşüncələrinin ifadəsidir, böyük məhəbbətlə yazılıb.
Atif müəllimin “Həqiqətin öz üzü” adlı şeirində insanın zəmanə ilə, qara ruzigarla həmahəngliyi fonunda həyata çağırışı var. Bu ümumi fonda şairin konkret həyat müşahidələri, müraciətləri başlayır:
Soğanı soyanda gözdən yaş axar,
Adamın gözünü yandırıb-yaxar.
Balaca soğanda hikmətə bir bax,
Soyular, soyanı ağladar ancaq.
Soyub dərimizi, yıxdılar bizi,
Soyulduq, soyanlar yanmadı bizə.
Nə qədər inlədik, amma ki düzü,
Kimsə ağrımadı heç dərdimizə.
Atif İslamzadə də dünyaya, həyata baxır, özünü bu aləmə çəkərək zərif hisslərlə insanlara müraciət edir:
Timsah öz ovunu yeyəndə ağlar,
Ürəyi yumşalar bir qədər yəqin.
Bizi gülə-gülə necə soydular,
Müftə yemək tapan niyə gülməsin?!
Misralarından bu da aydın olur ki, həm də bir məsləhətçi kimi çıxış edən şair yaşamaq üçün min bir əzaba qatlaşan insanları həyatın qədrini bilməyə çağırır və şair bu qurbanları dövrlə, zəmanə ilə də bağlayır. “Üzdə bir az özgələşdim” şeirində isə insanın hiss və həyacanı, daxili və xarici “Məni”, zəmanəyə, həyata münasibəti öz poetik ifadəsini tapıb. Şeirdə çox diqqət çəkən zərif misralar var:
Üzdə bir az özgələşdim,
Bu günəm, dünən deyiləm.
Sözdə bir az özgələşdim,
Hər sözə dinən deyiləm.
Duman ayrı, çən ayrıdı,
Gül ayrı, çəmən ayrıdı.
İçimdəki mən ayrıdır,
Çölümdəki mən deyiləm.
“Üzdə bir az özgələşdim” ifadəsi bu dünyadan küskün bir insanın daxili hiss və düşüncələrinin poetik ifadəsi kimi səslənir. Bu şeirdə də zəmanədən şikayət var, nəsihət motivləri var, eləcə də həyat var, yaşamaq eşqi var.
Günlərin üstündə hey əsən insan,
Min min günü bir günə qurban eyləyir,
Həyatda daima tələsən insan
Həyata daima dayan söyləyir!
Bu şeirlərlə tanış olanda bizdə bir daha əminlik yaranır ki, yuxarıda haqqında danışdığımız “Üzdə bir az özgələşdim”, “Həqiqətin öz üzü”, “Düşüncə”, aşağıda haqqında bəhs edəcəyimiz “Afişa“ şeirlərindəki poetik nəfəs təsadüfi deyil, həqiqətən də şairin yaradıcılığı üçün səciyyəvi olan poeziya nümunələridir. Atif müəllimin “Qırxıncı otaq” şeirlər kitabına daxil edilən şeirləri həqiqi ilhamın ifadəsi olmaqla bərabər, rəvan oxunur, düşündürücü məzmuna malikdir, ürək yanğısından doğub. O, orijinal mövzular tapır, həyat hadisələrini özünəməxsus ifadə edir. Onun şerlərində ürəksiz deyilən bir misraya rast gələ bilmərik. Məlum olur ki, insanların halı, həyatın gedişi ona təsir edir, düşündürür. Atif İslamzadə insan taleyi, ömür-gün, eləcə də fəlsəfi düşüncələrlə zəngin olan və yeni səslənən “Afişa” şeirində yüz illik Azərbaycan kino yaradıcılığının obrazlar qalereyasını göz önünə gətirir. On iki Azərbaycan kinosunun afişasını yaratmaqla Azərbaycan kino sənətinə qısa səyahət edir, “Arxadan vurulan zərbə”, “Onu bağışlamaq olarmı?”, “Dağlarda döyüş”, “Mahnı dağlarda qaldı”, “Dəli Kür”, “Babək”,, “Nəsimi” “Qərib cinlər ölkəsində”, “İstintaq”, “Uzaq sahillərdə”, “Görüş” , “Gün keçdi” filmlərinin adını şerə daxil edir. Məlumdur ki, mədəniyyətimizin zəngin tarixini yaratmış bu filmlər müəyyən hadisələrlə, həyat faktları ilə, ailə xoşbəxtlikləri və eyni zamanda ailə faciələri ilə bağlıdır. Şeiri oxuduqca insanda o qədər xoş bir duyğular yaranır ki, şairin bu mövzuya müraciət etməsi də təəccüblü görünmür. Bu həm də şairin dünya və insan haqqında düşüncələrindən, Azərbaycan kinosu haqqında zəngin məlumata malik olmasından xəbər verir. Şeirin poetik vüsəti oxucuya xoş gəlir, mənası oxucunu düşündürür. Bilirik ki, məna ilə poetik vüsət də qovuşanda şeiri də, onun müəllifini də qəbul edirsən.
Dost xəyanəti,
Qardaş ögeyliyi,
Doğma özgəliyi.
Adamlar arasında adamsız qalan,
Bədheybətlər arasında bağrını qorxu bürüyən kişi.
Və ya,
Günün günorta çağı,
Əlinə götürüb çırağı,
Tanış üzlər içində
Daha əziz bir tanış üz axtarışı
Əcəl gəldi, vaxtdır daha.
Ömür boyu uzaq qaçdıq Allahdan,
Ölüm gəldi yaxınlaşdıq Allaha
-misralarını oxuyanda bu təsir bir qədər başqa istiqamət alır, şeirin nəsihətamiz məzmunu daha da güclənir. Ana torpaq, insaniyyət, halal çörək, fədakarlıq, əvəzini gözləməyən xeyirxahlıq, insan kimi düşünüb, insan kimi yaşamaq, bütöv olmaq şeirin əsas mövzusudur. “Afişa” şeirində həyatda insani münasibətlərin praktik formada real ifadəsi də verilmişdir və burada müəllifin həyatdakı mövqeyi açıqlanır. Belə olmasaydı şeir bəlkə də həmin effekti verə bilməzdi. Onu da qeyd edək ki, A.İslamzadənin hər bir şeirində bədii üslub və xüsusi bir ifadə tərzi var. Ən əsası onun şeirləri oxucunu həyəcanlandıran söz və ifadələrlə zəngindir. Atif İslmazadənin şeirləri həm də rəvan oxunur, xoş təsir bağışlayır. Onun yaradıcılığında kədər də var, həyat eşqi də var. Atif İslamzadə yaradıcılığı heca üstündə köklənib. Bu, Azərbaycan xalqının milli şeir forması, bayatıların, laylaların, oxşamaların hecası, qoşmaların, gəraylıların hecasıdır və poeziyamızın aparıcı vəzni kimi öz yolunu burada da davam etdirir.
Düşünürsən ki, ədəbiyyat, incəsənət olmasaydı, insanlıq çox itirərdi. Çünki ədəbiyyat, incəsənət insanlarda mərhəmət hissini, insalığı ölməyə qoymur.
Sevinc Əliyeva
filologiya üzrə fəlsəfə doktoru