Azərbaycan  Novruzu və milli dəyərlər Mədəniyyət

Azərbaycan  Novruzu və milli dəyərlər

Novruz bayramı dövlətçilik tariximizin milli əsaslarını möhkəmləndirib

1-ci yazı
Novruz bayramında milli ruhumuzun, qədimliyimizin zəngin çalarları yaşayır. Minillər öncə əcdadlarımız inanıblar ki, insanla təbiətin birliyi var. Bu birliyi əcdadlarımız öz ömründə yaradıb və yaşadıb: qışın yazı əvəzləməsini öyüb, təbiətlə birgə ruhən yenidən doğulub, içəridən arınıb, bu təmizlənməni mənalandırıb, bayramlaşdırıb. Sonradan bu əski inanc cilalanıb, sistemli təsəvvürlər halına gəlib. Yüzillərdən bəri yol gələn, çoxlu müqavimətlərə, dəyişmələrə məruz qalan Novruz ötən müddətdə xəlqi ruhumuzun özünəməxsusluğunu qoruyub saxlayıb. Xalq o zaman var olur ki, qədim ruhunun soraqlarını, adət-ənənəsini, bir sözlə, özünəməxsus nəyi varsa, hamısını qoruyub saxlayır. Belədə tarixin dolanbaclarında sarsılmır, başını itirmir. Tariximizin ən çətin məqamlarında belə bu bayram ürəklərdə yaşadılıb.
Novruz bayramı bir çox ölkələrdə qeyd edilir. Azərbaycan Novruzunun isə bənzərsizliyi ortadadır. Ümumşərq, ümumtürk keyfiyyəti olan Novruz muğamdakı bənzərsizliyimiz qədər bizimdir. Qədimdən bəri varlığın başlıca ünsürlərinə (od, su, hava, torpaq) türk öz ruhuyla baxıb, təbiətin yenidən doğulmasını mənalandırarkən başqa xalqların təsəvvürlərinə gərəyi olmayıb. Minillərdən bəri yol gələn, çoxlu dirənişlərə, dəyişmələrə məruz qalan Novruz xalq ruhunun özünəməxsusluğunu bacardığı qədər yaşadıb.
Novruza Bozqurd, Çağan, Ergenekon, Nevruz, Sultan Nevruz, Mart doqquzu, Novruz və s. də deyilib. Türkiyədə Novruza xalq içində "Gündönümü" və ya "Yılbaşı" deyilib.
"Novruz" - hərfi mənada “yeni gün” deməkdir. Ancaq ifadə etdiyi mərasim semantikasına görə keçidin bitdiyi və yeni nizamın başlandığı kosmosdur. Novruz" anlayışı bəzi deyiliş fərqlərilə bir çox türk xalqlarının dillərində işlənməkdədir: “Azərbaycan türkcəsində Novruz/Noruz, qırğız türkcəsində Nooruz, Özbəkistan türkcəsində Növroz, başqırd türkcəsində Nevruz, tatar türkcəsində Navruz, uyğur türkcəsində Noruz, çuvaş türkcəsində Naurus, Krım türkcəsində Nevrez, Qərbi Trakiya türkcəsində Mevris, qaqauz türkcəsində Babu Mata-Kürklü Marta və s. Burada "Novruz" anlayışının etimoloji mənası "yeni il-ilbaşı" deyil, "yeni gün" olduğu müəyyənləşdirilib.
Bu gün Novruz bayramı Azərbaycanda dövlət səviyyəsində qeyd olunur. Elə etməliyik ki, qədimliyimizin soraqları qloballaşma həşirində gözümüzdə qətiyyən adiləşməsin, məzmunsuzlaşmasın.
A.Həbiyevin araşdırmalarında vurğulanır ki, ilaxır çərşənbələriylə bağlı görüşlər ulu əcdadın, ilkin insanın yaranmasında iştirak edən su, od, yel və torpaq mifizmi ilə bilavasitə əlaqədardır. Törəniş düşüncəsi təsəvvürünü formalaşdıran bu ünsürlər mərasim folklorunda müxtəlif kult və mif sistemləri şəklində öz əksini tapıb. Onların hər biri ilə bağlı silsilə nəğmə və miflər yarandı. Çərşənbələrin hər biri milli yaddaşda insana uğur və xoşbəxtlik gətirən rəmzlər kimi geniş məna və məzmuna malikdir. Mərasim folklorunda çərşənbələrin sayı və sıra düzümü ilə bağlı müxtəlif mülahizələr mövcuddur. Bir sıra hallarda çərşənbələr 5-7-12 arasında göstərilir. Bu isə ümumilikdə Novruz mərasimi, onun keçirilməsi vaxtı və ölçülərinə uyğun gəlmir. Mərasim sistemində Novruza hazırlıq dekabrın 21-dən başlayır və bayram üç mərhələdə davam etdirilir. Birinci mərhələ - Böyük Çillə ilə Kiçik Çillənin arası (21 dekabr-1 fevral). İkinci mərhələ - Kiçik Çillənin davam etdiyi müddət (1-20 fevral). Üçüncü mərhələ - dörd həftəlik axır çərşənbələri əhatə edən Boz Aydır. Bundan sonra isə Novruz gəlir. İlaxır çərşənbələrin sıra düzümündə Su, Od və Yel çərşənbəsindən sonra Torpaq çərşənbəsi gəlir. Bu sıra düzümü mərasim folkloru sistemində pozulmazdır.
Ümumiyyətlə, su əcdadlarımızın ruhunda çox rəmzləşib. S.Rzasoy vurğulayır ki, Novruz bayramının tarixi təqribən 5-6 min iləvvələ gedib çıxır: "Araşdırmalara görə, qədim turanlılarda bizim indiki Novruz bayramımızda olduğu kimi, Tura bayramı olub. Bu "tura" "törə"- "yaranma" sözündəndir. Novruz bayramı insanın, təbiətin, kainatın yaranış bayramıdır. Köhnə il ölür, yeni il doğulur. Novruz bayramı mərasimlərində "Kosam ikicanlıdır" ifadəsi işlədilir. Burada "ikicanlı olmaq" Kosanın ilin obrazı kimi anlaşılmasıdır: mərasimin ortasında Kosa ölür, hamı qışqırışır; Kosanın ölməsi-dirilməsi əslində ilin ölüb-dirilməsi, təbiətin yenidən doğulması deməkdir. Əslində bu təsəvvürlərdə zamanın ölüb-dirilməsi durur. İlin axır çərşənbəsində zaman qurtarır. Mifoloji təsəvvürlərdə səthi zaman olmayıb. Novruz bayramında ilin olmaması, yəni konkret rəqəmin dəqiq şəkildə göstərilməməsi əslində zamana mifoloji münasibətdir. (Novruz bayramı dövlətçilik tariximizin milli əsaslarını möhkəmləndirib.
Aydın olur ki, burada yaşadığımız tarixi zaman yoxdur. Novruz bayramı mifoloji zamanla bağlıdır və burada birinci, ikinci, üçüncü, bir sözlə, illərin sıralanması yoxdur, burada cəmi bir zaman var; o, ilin əvvəlində doğulur, “böyüyür”, “qocalır”, axırda da “ölür”. Bunun da əsasında mifologiyamızdakı ölüb-dirilmə haqqında təsəvvürlər durur. Ölüb-dirilmə Novruz bayramında bütün çalarlarıyla yaşayır. Xüsusilə kənd yerlərində qadınlar evdəki köhnə şeyləri təzələyirlər: yorğan-döşəyi yuyurlar, divarları ağardırlar, köhnə şeyləri atırlar. Qabaqlar valideynlər balalarına nəsə təzə şey almaq istəyəndə bunu mütləq Novruz bayramına salardılar. Bu, arxetipik şüurla bağlı idi: yəni burada başdan-başa təzələnmə nəzərdə tutulurdu. Bu mənada Novruzun əsas mahiyyəti təzələnmə, yenilənmə bayramıdır. Novruz bayramının həmin ritualları indi də yaşayır.
Bayramda eləcə də qohumlara baş çəkilir, bayramlaşılır, küsülülər barışır, kasıblara yardım edilir, bayram payı paylanır və s.
A.Xəlil hesab edir ki, təmizlənməmiş həyət-baca, köhnə paltar, kasıblıq və aclıq xaosu simvolizə edir. Təmizlik, təzə paltar, yeməklər, xaosun natəmizlik, köhnəlik, aclıq kimi formalarını aradan qaldırır və onları yeni nizamla əvəz edir. Küsülülük barışla əvəzlənəndə sosial harmoniya bərpa olunu. Təbiətdən alınan təbii boyalarla yumurta boyanması dünyanın və təbiətin yenidən rənglənməsi və ya dirilməsi mənasını simvolizə etməkdədir. Döyüşdürülən yumurtalar da iki dünyanın-qışla yazın, soyuqla istinin, xaosla-kosmosun mübarizəsini nümayiş etdirməkdir. "Toxum cücərtmək" və ya "səməni qoymaq" da bir şəkildə təbiəti canlandırmaq, ona təsir etmək vasitəsi kimi anlaşılır. "Qulaq falı" və ya "qapı pusmaq" da yeniləşmənin məlumat səviyyəsini əks etdirir. Ən yeni dövrün "torba atmaq" mədəniyyətində "dəsmal atmaq" və "papaq atmaq" kimi yeni vasitələrdən istifadə edildiyi müşahidə olunmaqdadır. "Papaq atmaq" ilk öncə aldatmaq mənasını ifadə edir. Ancaq onun fiziki mənada işlənməsi sevinc hissini göstərən psixoloji situasiyadır." Sevincdən papağını göyə atmaq" xalq deyimi milli paremiologiyada mövcuddur. Demək "papaq atmağ"ın həm neqativ, həm də pozitiv funksiyaları var.
Əcdadlarımız üçün yaz çox önəmli olub və ciddi həyati əhəmiyyət daşıyıb. İstər ovçuluq, istər maldarlıq, istərsə də əkinçiliklə məşğul olan türklər olsun, o, hər zaman yazı arzulayıb, təbiəti diri görmək, günəş, istilik, yağış və yaşıllıq istəyib. Ona görə də türklər ən əski çağlardan yazın gəlişini fövqəladə hadisə sayıb, təbiətin bu möcüzəsini bayramla, şənliklə və müxtəlif mərasimlərlə qarşılayıb.
Novruz mənəvi mədəniyyət abidəsi kimi milli mədəniyyət tariximizdəki bütün başqa abidələrdə əlamətdar xüsusiyyətlərinə görə fərqlənir. Belə ki, Novruz bayramı həm yaşına, həm də yaşama gücünə görə ilk sırada duran mədəniyyət abidəsidir. Onun tarixi, mənşəyi qədimdir.
Eləcə də ayrıca vurğulanmalıdır ki, Novruz bayramının tarixi Azərbaycanın milli dövlətçilik ənənələri ilə həmişə sıx bağlı olub. Ən qədim dövrlərdən xalqımızın həyatında, adət-ənənələr dünyasında özünə möhkəm yer tutmuş bu bayram təkcə xalq kütlələrinə məxsus məişət bayramı olaraq qalmayıb, dövlət səviyyəsində qeyd olunub, xalqımızın həyatını bütöv şəkildə əhatə edib. Xalqın bütün təbəqələri Novruz bayramında bir araya gəlib, bayramı birgə qeyd edib, bayram sevinci milli dəyər halına gəlib. Bu da öz növbəsində xalqımızı birləşdirib, bütövləşdirib, dövlətçilik tariximizin milli əsaslarını möhkəmləndirib.
Bayram hər şeydən öncə insanın içində olmalıdır. Novruzun mahiyyətində xalqımızın halının yetkin ifadəsi var. Novruzdakı od – bayramın başlıca rəmzidir. Burada xeyirin şər üzərindəki qələbəsinə inam yaşayır, təsdiq olunur. Araşdırmalar göstərir ki, axır çərşənbə tonqalı ilə Novruz bayramı tonqalı arasında fərq var. Bu fərq ondan yaranır ki, axır çərşənbə tonqalı getməkdə olan yeni ili yola salmaq üçün, Novruz tonqalı isə artıq daxil olmuş yeni ilin şərəfinə yandırılır. İnsanlar axır çərşənbənin odu ilə çillədən, yəni köhnə ilin ağrı-acısından, qada-balasından təmizlənir, bütün ağırlıqları həmin axırıncı günün tonqalı ilə yanıb külə dönür. Novruz tonqalı isə yeni ilin ilk tonqalıdır. İnsanlar artıq bu tonqalın ətrafına hər cür dərddən-bəladan, ağırlıqlardan, çillədən təmizlənmiş halda yığışırlar. Bu tonqala agırlıq tökmək olmaz. Çünki bu tonqal, bu od-ocaq təzə ilin tonqalıdır. İnanca görə, ağırlığı, çilləni isə köhnə ilin axırıncı axşamının, yəni axır çərşənbənin odu özü ilə aparıb...
Milli bayram – xalqın minillərdən bəri gələn ənənəsinin, yaşam tərzinin özülündə yaranır, oturuşur, var olur. Bayram yaradıcılığı – xalqın özünəməxsusluğunun təsdiqidir. Novruz bayramı hələ bundan sonra mahiyyət üstə geniş araşdırma tələb edən, Azərbaycan ruhunun çalarlarının araşdırılmalı olduğu genişspektrli bir mövzudur.
İlk növbədə Novruz bayramı – milli ənənənin simvoludur. Ənənə xalqın dayanıqlı mədəniyyətinin, yaşamının bənərsiz cəhətlərini aşkara çıxarır, təsdiq edir. Xalqın bayram yaradıcılığı minillərdən bəri davam edən ulusallığı nəinki təsdiq etməlidir, habelə bundan sonrakı üfüqlər üçün də ciddi zəmin yaratmalıdır. Bu mənada Novruz bayramı bizim üçün belə bir yaradıcılıq imkanı verir.
Ta qədimdən türk düşüncəsində yazın gəlişi təbiətin dirilməsinin, yenilənməsinin rəmzi olub. Ümumiyyətlə, təbiətə ilahi səviyyədə yanaşma əcdadlarımızın ruhunda yaradıcı bir keyfiyyətdir ki, bu gün də yaşayır. Məsəl var ki, əsil itməz, cövhər dönməz. Dünyanın bir çox xalqlarının mədəniyyət kompleksində yazın gəlişi ilə bağlı gözəl düşüncələr var. Ayrıca olaraq Şərq düşüncəsində Novruz bayramı ilə bağlı zəngin, maraqlı yanaşmalar – adət-ənənələr olsa da, Azərbaycan Novruzu bunların hamısından fərqlənir.

Elçin Qaliboğlu
filologiya üzrə fəlsəfə doktoru