“Azərbaycan uşaq ədəbiyyatı: ədəbi-tarixi ənənələri və müasir problemləri” Mədəniyyət

“Azərbaycan uşaq ədəbiyyatı: ədəbi-tarixi ənənələri və müasir problemləri”

Tərlan

Yanvarın 28-də AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında bu elmi müəssisə və Azərbaycan Yazıçılar Birliyinin (AYB) birgə təşkilatçılığı ilə "Azərbaycan uşaq ədəbiyyatı: ədəbi-tarixi ənənələri və müasir problemləri" mövzusunda yaradıcılıq müşavirəsi keçirilib. AMEA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli "Müstəqillik illərində Azərbaycan uşaq ədəbiyyatı və vəzifələrimiz" mövzusunda məruzə ilə çıxış edib. Akademik bildirib ki, Azərbaycan uşaq ədəbiyyatına həsr edilmiş yaradıcılıq müşavirəsi, hər şeydən əvvəl, ölkəmizin müstəqillik dövrünün zəruri ehtiyacından yaranıb. Bunun dövlət müstəqilliyi qazanmış Azərbaycanın vətənpərvər, milli düşüncəyə malik dünyəvi dəyərlərində əhəmiyyətini dərk edən, yeni nəslin formalaşdırılması zamanı irəli sürdüyü çağırışlar olduğunu qeyd edən akademik İsa Həbibbəyli yeni nəsil Azərbaycan uşaqlarının tərbiyəsi və təlimində Azərbaycan klassik uşaq ədəbiyyatının mühüm yer tutduğunu vurğulayıb.
Abbas Səhhət, Abdulla Şaiq, Mirzə Ələkbər Sabir, Süleyman Sani Axundov, Məhəmməd Tağı Sidqi, Rəşid bəy Əfəndiyev, Səməd Vurğun, Rəsul Rza, Mirvarid Dilbazi, Zeynal Xəlil, Hikmət Ziya, Mikayıl Rzaquluzadə və onlardan sonrakı ədəbi nəslin nümayəndələri, xüsusən də İlyas Tapdıq, Xanımana Əlibəyli, Məstan Günər, Zahid Xəlil və başqalarının uşaq ədəbiyyatı irsini ölkəmizdə bir neçə nəslin formalaşmasında əvəzsiz mənəvi sərvət kimi səciyyələndirən akademik müstəqillik dövrü Azərbaycan uşaq ədəbiyyatının yaradılması və inkişaf etdirilməsinin də ədəbi-elmi mühitimizin əsas qayğılarından, məsul vəzifələrindən biri olduğunu vurğulayıb.
Bildirilib ki, XIX əsrin sonlarında məktəblərin zəruri ehtiyacı kimi meydana çıxmış dərsliklər milli uşaq ədəbiyyatının inkişafında geniş üfüqlər açıb. Azərbaycan milli uşaq ədəbiyyatının "qızıl fond"u milli məktəblərin və dərsliklərin zəminində yaranıb inkişaf edib. Azərbaycan oxucusu milli uşaq ədəbiyyatını ilk dəfə məktəblərdə öyrənib, dərsliklərdən oxuyub. Ən yaxşı uşaq ədəbiyyatı nümunələri məktəbə, elmə, müəllimə həsr olunub.
Akademik İ.Həbibbəyli qeyd edib ki, müstəqillik dövrü Azərbaycan uşaq ədəbiyyatında da maarifçilik ruhu yaşadılmaqdadır. Şübhəsiz ki, yeni dövrün maarifçi tezisləri daha fərqli olmalı, milli dəyərləri inkişaf etdirməklə yanaşı, bəşəri dəyərlərin də balansını qoruyub saxlamağa xidmət etməlidir. Cəlbedici internet resursları ilə rəqabətdə çağdaş uşaq ədəbiyyatı daha canlı, sadə dildə yazılmalı, nəinki uşaqların ürəyinə yol tapmalı, həm də ümummilli ideyalarla zəngin olmalıdır. Sonra Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış edərək AMEA ilə Yazıçılar Birliyinin keçirdiyi yaradıcılıq müşavirəsinin böyük əhəmiyyət kəsb etdiyini bildirib. Xalq yazıçısı Ədəbiyyat İnstitutu ilə birgə keçirilən ilk tədbirin uşaq ədəbiyyatının problemlərinə həsr edilməsinin təqdirəlayiq olduğunu qeyd edərək millətin gələcəyi üçün təhsilin və mənəvi tərbiyənin vacibliyini diqqətə çatdırıb. Bundan qabaq isə məktəbəqədər təhsilin önəm daşıdığını nəzərə çarpdıran yazıçı bir sıra xarici ölkələrdən nümunələr göstərib və uşaqların bilikdən başqa müstəqil düşüncələrinin də önəmli olduğunu qeyd edib. AYB sədri alim və yazıçıların bilikdə çalışmalarının böyük əhəmiyyət daşıdığını xüsusi vurğulayıb, göstərilən mövzu üzrə bir sıra mükafatların təsis edilməsini məqsədəuyğun hesab edib.
Ədəbiyyat İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elnarə Akimova "Uşaq ədəbiyyatı nəşrləri: tarixi təcrübəsi və müasir vəziyyəti" mövzusunda məruzə edib. O, uşaq nəşrləri və saytlar, fantastik ədəbiyyat, xarici dillərdən və eləcə də xarici dillərə tərcümə və s. məsələlərdən ətraflı söhbət açaraq milli ideyaya və sağlam düşüncəyə malik uşaq ədəbiyyatının inkişaf perspektivləri barədə fikir və mülahizələrini bildirib. AYB Uşaq ədəbiyyatı bölməsinin rəhbəri, şair Qəşəm Nəcəfzadə "Azərbaycan Yazıçılar Birliyi və uşaq ədəbiyyatı məsələləri" mövzusunda məruzəsində televiziya proqramlarında uşaq verilişlərinin azlığı, ibtidai sinif dərsliklərinin mətnləri, qeyri-hökumət təşkilatları və bələdiyyələr tərəfindən müəyyən nəşrlərə yardım edilməsi, həmçinin bir sıra yaradıcılıq problemlərindən danışıb.
Filologiya üzrə fəlsəfə doktoru Aynurə Xəlilova "Uşaq folkloru və müasirlik" mövzusundakı məruzəsində aqressivlik aşılayan cizgi filmləri, eləcə də uşaq folkloru antologiyasının yaradılması, Ədəbi tənqid şöbəsinin elmi işçisi Nərgiz Cabbarlı "Müasir uşaq poeziyasının yaradıcılıq axtarışları" adlı məruzəsində naşir-müəllif problemləri, elmi dəyərləndirmələrin davamlı olmasının vacibliyi və s. bu kimi məsələlər barədə fikir və mülahizələrini bildirərək uşaq əsərləri barədə ədəbiyyatşünaslıq nöqteyi-nəzərindən dəyərləndirilən münasibətlərini diqqətə çatdırıblar. Filologiya üzrə fəlsəfə doktoru Günay Qarayevanın "Çağdaş uşaq nəsri", filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlının "Son illərin uşaq dramaturgiyası" mövzularındakı məruzələrində vətənpərvərlik və qəhrəmanlıq, elm və təhsilə maraq, estetik tərbiyə və s. kimi mənəvi keyfiyyətlər aşılayan əsərlərin yazılmasına üstünlük verilməsini qeyd ediblər.
Yaradıcılıq müşavirəsində AYB-nin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, "Göyərçin" jurnalının baş redaktoru Rafiq Yusifoğlu, filologiya elmləri doktoru Şirindil Alışanlı, uşaq mövzusunda yazan şairlərdən Zahid Xəlil, Sevinc Nuruqızı, Qəşəm İsabəyli, Oqtay Rza və "Altun kitab" nəşriyyatının direktoru Rafiq İsmayılov uşaq ədəbiyyatının problemləri və inkişaf perspektivləri barədə fikir və mülahizələrini bildiriblər. Sonda akademik İ.Həbibbəyli çıxış edərək "Uşaq ədəbiyyatı" seriyasından çoxcildliyin hazırlanması və uşaq ədəbiyyatı günlərinin keçirilməsi barədə təkliflərini səsləndirib.